Britaniyadan ŞOK QƏRAR – Nüvə başlıqlarının sayı artırılır – ÇİN MEDİASIbackend

Britaniyadan ŞOK QƏRAR - Nüvə başlıqlarının sayı artırılır - ÇİN MEDİASI

“Dünya nüvə silahlarını azaltmağa çalışarkən, Böyük Britaniya uzunmüddətli strategiyasından uzaqlaşaraq döyüş başlıqlarının sayını artırmağa qərar verdi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Çin Müasir Beynəlxalq Münasibətlər Akademiyasının Silahlara Nəzarət Tədqiqat Mərkəzinin rəhbəri Qo Syaobin “Xuançyu Şibao” nəşri üçün yazdığı analitik materialda vurğulayıb.

Onun fikrincə, “Rusiya və ABŞ nüvə başlıqlarının yayılmaması ilə bağlı müqavilənin müddətinin uzadılması barədə razılığa gəlsə də, İngiltərənin nüvə təhdidi ölkələrin vəziyyəti nəzarətdə saxlamaq səylərini heçə endirə bilər”.

Məqalədə deyilir ki, Böyük Britaniya bu yaxınlarda Brexit sonrası uzunmüddətli strateji planına dair qiymətləndirmə hesabatı yayımlayıb. Əsas dəyişikliklərdən biri nüvə strategiyasının radikal şəkildə yenidən işlənməsidir.

Müəllif yazır ki, İngiltərənin yeni nüvə strategiyası silahlara nəzarət üzrə fəaliyyəti üç addım geriyə aparır.

Birincisi, nüvə başlıqlarının sayı əvvəlki səviyyəyə qaytarılacaq. Soyuq müharibə bitdikdən sonra İngiltərədə nüvə başlıqlarının sayında  azalma tendensiyası yaşanmışdı. Bu ölkə 2010-cu ildə 10 il müddətinə nüvə başlıqlarını 180 ədəd azaldacağına söz vermişdi.

Lakin Böyük Britaniyanın tərksilah edilməsinə dair 30 illik tendensiya tamamilə dəyişdirildi və bunun qarşılığında nüvə başlıqlarının sayının 260-a, yəni 40 faizə yüksəldilməsi təklif edildi.

İkincisi, nüvə silahının istifadəsi həddi ilə bağlıdır. Belə ki, ölkənin hərbi elitasına görə, yeni yaranan texnologiyaların təhdidinə qarşı nüvə silahından istifadə etmək məqbul hesab edilib.

Qeyd edək ki, İngiltərənin nüvə silahları ilk növbədə nüvə, bioloji və kimyəvi kütləvi qırğın silahları ilə mübarizə məqsədi daşıyırdı. Bu dəfə yeni yaranan texnologiyaların təhlükəsi ilə mübarizə aparmaq üçün nüvə silahından istifadə edilməsi təklifi artıq dünyada şok effekti yaradıb. İngilis mediasında yer alan xəbərlərə görə “yeni ortaya çıxan texnologiyalar” deyiləndə internet şəbəkələri, süni intellekt, şifrələmə və lazer silahları nəzərdə tutulur.

Üçüncüsü, Britaniyanın qəsdən qeyri-müəyyənliyə keçməsidir. Belə ki, artıq ingilislər yerləşdirilən nüvə başlıqlarının sayını “şəffaflıqdan məxfiliyə” keçirib. İngiltərə həmişə nüvə silahları ilə bağlı daha şəffaf olduğunu iddia etsə də, hazırkı hesabatda artıq nüvə arsenalının ehtiyatları, habelə yerləşdirilmiş döyüş başlığı və raket sayı barədə məlumat verilmir. Açıqlamaya görə, bu, düşməni səhv salmaq və bir hücum planlaşdırma çətinliyini artırmaq üçün edilib.

Çinli mütəxəsissin gəldiyi qənaətə görə, İngiltərənin nüvə strategiyasına düzəliş edilməsi beynəlxalq nüvə silahlarına nəzarət və yayılmamasına mənfi təsir göstərəcək.

Məqalədə bildirilir ki, bu addım beynəlxalq nüvə tərksilahı qarşısındakı maneələri daha da artırır. Əslində bu ilin əvvəlində ABŞ və Rusiya bu əsasda yeni silah nəzarət mexanizmlərini müzakirə etmək niyyətlərini dilə gətirmişdi. Bununla birlikdə, Rusiya həmişə nüvə tərksilah tədbirlərində İngiltərə və Fransanın nüvə qüvvələrini də nəzərə almalı olduğunu müdafiə etmişdi. İngiltərə hazırda nüvə başlığını Rusiyaya tərəf yönəltməklə nüvə başlıqlarının sayını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

İngiltərənin nüvə strategiyasına düzəliş edilməsi ABŞ-ın nüvə strategiyasına da mənfi təsir göstərəcək. İndi silah nəzarətində daha fəal olan Bayden rəhbərliyi yeni nəsil nüvə başlıqlarını inkişaf etdirməyi nəzərdə tutan W93 proqramı da daxil olmaqla bəzi nüvə silahlarını araşdırma və inkişaf layihələrini dayandırmağı düşünürdü.

İngilislərin nüvə silahlarını modernləşdirmək planı bu nüvə başlığının inkişafına əsaslanır və bu səbəbdən W93 üçün vəsait ayırmaq üçün ABŞ Konqresində güclü lobbi şəbəkəsi var. ABŞ və İngiltərə arasında davam edən xüsusi münasibətlər nəzərə alınaraq, Bayden rəhbərliyi belə bir məqamda yeni nüvə başlıqlarını inkişaf etdirə bilər. Bu isə heç bir şəkildə beynəlxalq nüvə tərksilahı üçün töhfə ola bilməz.

Qo Syaobin vurğulayır ki, İngiltərə beynəlxalq təhlükəsizlik vəziyyətini dəyişdirmək bəhanəsi ilə nüvə başlıqlarının sayını artırmaq niyyətində olduğu üçün ABŞ da nüvə arsenalının daha da azalmasına qarşı çıxa bilər.

Bütün bunlar isə onu deməyə əsas verir ki, nüvə silahından istifadə olunma riski getdikcə artır. Yeni və inkişaf etməkdə olan texnologiyaların istifadə dairəsi son dərəcə genişdir və tətbiqetmə həddi nüvə silahlarına nisbətən çox aşağıdır. İngilislərin bu cür hücumlara qarşı nüvə intiqamı təhdidi nüvə silahının istifadəsi şərtlərini müxtəlifləşdirəcək. Britaniya bu addımın vurduğu ziyanı nəzərə almağı planlaşdırmır.

Beləliklə, ingilislər ABŞ-ın nüvə çətiri altında gizlənməklə nüvə başlıqlarının sayını artırmağa və nüvə məsələsində şəffaflığını azaltmağa davam edəcək.

Bütün bu proseslər isə Rusiya-Ukrayna qarşıdurması fonunda baş verir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*