“Bu addım atılsaydı Krımın işğalı və Donbas problemi olmazdı”: Kremlin aqressiv rəftarı kimin günahıdır?backend

“Bu addım atılsaydı Krımın işğalı və Donbas problemi olmazdı”: Kremlin aqressiv rəftarı kimin günahıdır?

Bu gün İsveçrədə ABŞ-Rusiya danışıqlarının vacib raundu olacaq, Kremlin tələbi budur ki, ABŞ və NATO-ya yazılı şəkildə göndərdikləri ultimatuma yazılı cavab versin. Eyni zamanda öhdəlik götürsün ki, Ukrayna və Gürcüstan heç vaxt NATO-ya üzv olmayacaq, ABŞ və NATO Şərqi Avropada olan hərbi infrastrukturunu geri çəkəcək.

Mövzunu KONKRET.az-a şərh edən REAL-ın icra katibi Natiq Cəfərli Rusiyanın ultimatumunun əvvəlcədən qəbul edilməyəcəyinin bəlli olduğunu deyib: “Kreml, “Biz danışıb-anlaşmaq istədik, kollektiv Qərb buna getmədi”, mesajını vermək üçün bu addımı atdı, belə bir gedişlə dünya siyasətinin mərkəzinə çevrilməyə cəhd etdi və buna böyük ölçüdə nail oldu. ABŞ prezidentinin dünənki mətbuat konfransı bir daha sübut etdi ki, Qərb Rusiyanın indiki aqressivliyini gözləmirdi, buna hazır deyildi, Baydenin bəzi məsələlərə münasibəti, ən azından, suallar doğurur:

1) ABŞ Prezidenti qeyd etdi ki, əgər Rusiya əsgəri, ordusu Ukraynaya müdaxilə etsə, çox güclü sanksiyalarlar tədbiq edəcəklər – bu anlaşılan deyil, Rusiya ordusu, əsgəri 2014-cü ildən Ukraynadadır axı, bəs Krımın işğalı, Donbasdakı Rusiya əsgərləri?! Bunlar artıq işğal sayılmırmı?

2) Bayden bildirdi ki, Rusiyanın nə qədər dərinə müdaxilə edəcəyini izləyəcəklər və əks-addımlar buna görə atılacaq. Əgər müdaxilə zəif olsa, sanksiyalar da az olacaq – Bu, ümumiyyətlə anlaşılan deyil. Belə yanaşma Kremlin aqressivliyini artırmayacaqmı?!

Natiq Cəfərli: “SOCAR-da rəhbərlik dəyişikliyi son mərhələyə çatıb”

3) İndi iki əsas sanksiya müzakirə edilir: Kremlin enerji daşıyıcılarının alınmasına qoyulacaq qadağa və Rusiyanı beynəlxalq pulkköçürmə sistemi olan “Swift”-dən ayırmaq – yaxşı, bu mümkündürmü?! Bu gün Avropanın qaz təlabatının 40 faizini Rusiya verir, qısa zamanda bu həcmi əvəzləmək mümkün deyil, bu məqamı Qərb də etiraf edir, yaxşı, qazdan imtina AB-nin “donması” deməkdirsə, qazın qiymətinin hər 1000 m3 üçün 3000-4000 min dollara qalxmasına, həcmlərin yetərli olmamasına səbəb olacaqsa, qazdan necə imtina etsinlər?! Yaxşı, imtina etmək mümkün deyilsə, qazın pulunu zatən ödəmək lazım olacaq, deməli Rusiyanı “Swift”-dən necə ayıracaqlar?! Bəs pulu Rusiyaya necə ödəyəcəklər, yəqin ki, nəğd şəkildə təyyarələrlə göndərməzlər, elə deyil?!. Rusiyanın 2008-ci ildən bəri aqressivliyinin artmasının əsas günahkarı məhz Kollektiv Qərbdir. Zamanında Gürcüstana qarşı atılan addımlara lazımı cavab verilmədi, 2008-də Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyünə Fransa və Almaniya veto qoydu – bütün bunlar Kremli daha aqressiv və sərt olmağa yönəltdi”.

Natiq Cəfərli əlavə edib ki, əgər 2008-ci ildə Ukrayna və Gürcüstan NATO-ya üzv olsaydı, nə Krımın işğalı, nə də Donbas problemi yaranmazdı, Abxaziya və Cənubi Osetiyanın Rusiya rərəfindən tanınması mümkün olmazdı: “Təəssüf ki, Rusiya aqressivliyini artıracaq. Yaxın zamanda Kreml Ukraynada yaratdığı qondarma qurumları, “DLR və LNR”-i tanıyacaq. Ukrayna ilə özü birbaşa vuruşmayacaq, bu iki qondarma qurumun əli ilə Kiyevə qarşı aqressiyasını artıracaq, Ukraynanın Azov dənizinə çıxışını bağlayacaq qədər irəli getməyə cəhd edəcəklər. Sonra Rusiya “sülh quşuna” dönəcək, qondarma qurumlarla Ukrayna arasında atəşkəsin, sülhün yaradılmasında Qərblə birgə arabulucu olacaq – Qərb bu yolu bir dəfə gedib. Ukraynanı “Minsk Anlaşmaları” kimi mənasız sənədə imza atmağa məcbur edib, həmin anlaşmada Rusiya TƏRƏF kimi yox, QARANT kimi qeyd edilib – bu ən böyük yanlışlardan biri idi. Bu gün də bu yanlışın altını Ukrayna xalqı çəkir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*