“HƏMAS-ın 7 oktyabr hücumundan sonra İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) əməliyyat doktrinası dəyişdirilib, artıq bu, gələcək müharibələrin qısamüddətli olacağı ehtimalına əsaslanmır”.
KONKRET.az xəbər verir ki, bunu İsrail HHQ-nin yüksəkvəzifəli rəsmisi “Ynet”ə deyib.
HHQ-nin briqada generalı bildirib ki, qüvvələr artıq uzunmüddətli, o cümlədən İrana qarşı genişmiqyaslı və uzun sürəcək hərbi kampaniyaya hazırlaşır:
“Artıq gələcək əməliyyatların qısa sürəcəyini düşünmürük. Uzunmüddətli və tükəndirici müharibələrin necə aparılacağını qiymətləndirmək üçün qabaqcıl modellərdən istifadə edirik. Bunun üçün zəruri imkanlar mövcuddur və bu yanaşma artıq tam şəkildə strukturumuza inteqrasiya edilib”.
Generalın sözlərinə görə, 7 oktyabr hücumu, ondan sonrakı müharibə və regiondakı sürətli dəyişikliklər İsrail HHQ-ni hazırlıq konsepsiyasına yenidən baxmağa vadar edib.
O qeyd edib ki, hazırda əməliyyat dayanıqlığının artırılması, döyüş şəraitində təyyarələrin uyğunlaşdırılması və ehtiyat hissələrinin istehsalının gücləndirilməsi hesabına xarici tədarükdən asılılığın azaldılması istiqamətində iş aparılır.
Rəsmi əlavə edib ki, İsrail HHQ-nin texniki və logistika sistemi də uzunmüddətli müharibələrə hazırlıq məqsədilə yenidən qurulub. Bu sistem köhnə silah və texnikanın saxlanılmasından tutmuş, “Gideon” yanacaqdaşıyan təyyarəsi də daxil olmaqla, yeni avadanlıqların istismara verilməsinədək bütün sahələri əhatə edir./teleqraf
