Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu və yuxu keyfiyyətinin pisləşməsi kimi şikayətlər bir çox hallarda cərrahi müdaxiləni zəruri edir. Lakin belə əməliyyatların kifayət qədər yüksək xərc tələb etməsi vətəndaşlarda haqlı olaraq bir sual yaradır: tibbi göstəriş əsasında həyata keçirilən burun çəpəri əməliyyatları İcbari Tibbi Sığorta tərəfindən qarşılanırmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, tibbi göstəriş əsasında aparılan bəzi burun əməliyyatlarının sığorta hesabına icrası mümkündür.
Onun sözlərinə görə, burun çəpərinin əyriliyi Beynəlxalq Xəstəliklər Təsnifatında (XBT) yer alan diaqnozdur:
“Əgər xəstəyə bu diaqnoz qoyulubsa və əməliyyat tibbi zərurət əsasında həyata keçirilirsə, həmin müdaxilə İcbari Tibbi Sığorta tərəfindən qarşılana bilər. Lakin estetik məqsədlə icra olunan plastik əməliyyatlar sığorta paketinə daxil deyil. Rekonstruktiv əməliyyatlar mümkündür, amma sırf plastik əməliyyatlar İcbari Tibbi Sığorta hesabına həyata keçirilmir”, – deyə Aydın Əliyev vurğulayıb.
Beləliklə, mütəxəssisin sözlərinə əsasən, əməliyyatın sığorta hesabına qarşılanması onun məqsədindən asılıdır. Əgər müdaxilə nəfəsalma funksiyasının bərpası və ya digər tibbi göstərişlərlə əlaqədardırsa, İcbari Tibbi
Sığorta çərçivəsində icra oluna bilər. Ancaq yalnız xarici görünüşün dəyişdirilməsinə yönəlmiş estetik rinoplastika bu təminata daxil edilmir.
Aynurə İsmayıl
KONKRET.az
