
Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında imzalanan taxıl anlaşmasının müddəti bu ayın 17-də bitir. Amma görünən odur ki, Rusiya bu anlaşmanın yerinə yetirilməsi mexanizmindən narazıdır. Ona görə də, bir çox mütəxəssislər Moskvanın taxıl sazişindən çıxacağını proqnozlaşdırır. Üstəlik, Ukrayna lideri Volodimir Zelenskinin bu məsələni çözmək üçün Türkiyəyə getdiyi deyilir. Bəs görəsən, Rusiya taxıl sazişindən çıxacaq, yoxsa Türkiyə bu dəfə də Rusiyanı razı sala biləcək? Əgər Kreml sazişdən çıxsa, o zaman Ukraynaya hansı problemlər yaranacaq?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri təkcə taxıl sazişinin bitməsi ilə bağlı deyil: “Bu, Avropa turnesi çərçivəsində Türkiyə səfəri kimi xarakterizə olunmalıdır. Qeyd edim ki, iyulun 12-də Vilnüsdə NATO-nun sammiti gözlənilir. Burada Türkiyənin tam dəstək göstərməsi və Ukraynanın Alyansa üzvülük məsələsi Kiyev üçün xüsusi strateji əhəmiyyət kəsb edir. Taxıl sazişinə gəldikdə isə hesab edirəm ki, Azov komandirlərinin Türkiyə tərəfindən Ukraynaya verilməsi Rusiyanı narazı salıb. Amma xarici işlər nazirləri səviyyəsində danışıqlar aparılıb. Odur ki, Rusiya taxıl sazişi məsələsində Türkiyəni narazı salmamağa çalışacaq. Əlbəttə ki, Türkiyənin xarici siyasətində yeni mərhələ başlayır. Burada təkcə Rusiya ilə strateji tərəıfdaşlığı davam etdirmək yox, Qərblə ciddi əməkdaşlıq formatına keçmək məsələsi də önəmli yer tutur”.
Politoloq hesab edir ki, Rusiya taxıl sazişindən çıxsa da, TÜrkiyə və Ukrayna müqaviləni davam etdirəcək: “Belə ki, Türkiyə donanması Ukraynaya məxsus taxıl daşıyan gəmiləri müşayiət edə bilər. Ona görə də, Rusiya bu prosesdə rol almağa məcbur qalacaq. Ümumiyyətlə, BMT və Avropa İttifaqı Rusiyanın kənd təsərrüfatı sahəsinə tətbiq edilən müəyyən sanksiyaların aradan qaldırılması haqda düşünür. Xüsusilə, gübrə, əkinçilik və təsərrüfat istiqamətlərində maliyyə sanksiyalarının aradan qaldırılması nəzərdə tutulur. Hesab edirəm ki, Rusiya ilə ortaq məxrəc tapılacaq və Moskva taxıl sazişində rol almağa məcbur qalacaq”.
Mövzunun iqtisadi tərəflərini saytımıza şərh edən tanınmış iqtisadçı Natiq Cəfərli bildirib ki, taxıl anlaşması uzadılmasa, bu, dünyadakı
qiymətlərə təsir göstərəcək: “Yəni taxıl qiymətlərinin yüksəlməsi mümkündür. Amma bu, çox güman ki, ilkin reaksiya olacaq. Daha sonra isə bazarlar və birjalar məsələni planlı şəkildə araşdırmağa və yön tapmağa çalışacaq. Ukrayna bu il yaz əkinini demək olar ki, həyata keçirə bilməyib. Anbarlarda qalan taxıl məhsulları isə daha çox Qərb bölgələrindədir. O bölgələrdən dəmiryolu vasitəsi ilə həmin taxılı Rumıniyaya, oradan da Qara dəniz limanlarına çatdırmaq olar. Yəni belə bir praktika mövcuddur. Əgər anlaşma olmasa, dənli bitkilərin qiymətində artım müşahidə ediləcək. Amma sonradan analizlər nəticəsində müəyyən sabitlik yaranacaq. Çünki bu, Rusiyanın özünün taxılını satmasına təsir göstərmir. Rusiya öz taxılını Qara dıniz limanlarından dünya bazarlarına rahat çıxara biləcək”.
Natiq Cəfərlinin sözlərinə görə, Ukraynanın Qara dəniz limanlarında mövcud olan 30 milyon tona yaxın taxılı saziş çərçivəsində dünya bazarlarına çıxarılıb: “Qərb bölgələri isə Avropa Birliyi ölkələri vasitəsilə bazara çıxış əldə edə bilər. Ona görə də, anlaşmanın pozulmasının dünya bazarında taxıl qiymətlərinə ciddi təsir göstərəcəyini düşünmürəm. Amma ilkin olaraq qiymətlərin 5-10 fazi civarında artmasının şahidi ola bilərik”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
