“Bu oyunda Ermənistan vabank gedir, Azərbaycanın isə itirəcək heç nəyi yoxdur. Ya qazanacaq, ya da qazandığına qane olacaq”.
KONKRET.az-ın verdiyi məlumata görə, bu fikirlər tanınmış bloger Əli Məhərrəmliyə məxsusdur. Blogerin maraqlı açıqlamalarının tam mətnini təqdim edirik:
“Bölgəmizdə güclü geosiyasi qarşıdurma yaranıb. Ermənistan Kanada, Fransa və ABŞ-dan dəstək alaraq qaza gətirilib və qisas almağa çalışır. Rusiya münaqişənin yenidən alovlanmasında elə də maraqlı deyil, amma Ermənistan da (KTMT çərçivəsində) boğazında ilişib qalmış loxma kimidir. Nə uda bilir, nə qusa. Fərqinə varmısınızsa Azərbaycan və müttəfiqi Türkiyə susqun və soyuqqanlı davranır. Lavrovun Bakı səfərindən həmən sonra baş verən hadisələr göstərir ki, Ermənistan Qərbin təhriki ilə Zəngəzur dəhlizini açmaqdan boyun qaçırıb. Bu Rusiya üçün də məqbul deyil. Üstəgəl Rusiyanın hakimiyyətdə qalmasını istəmədiyi Paşinyan erkən seçimlərdə ən şanslı namizəddir. Rusiya fevralda ciddi cəhdlə Ermənistanda hakimiyyəti dəyişməyə çalışsa da buna nail ola bilmədi. Bu gün Rusiya Gümrüdəki 102-ci bazanın əsgərlərini Zəngəzurda qarşıdurma baş verən əraziyə göndərib, amma məsələnin bütün hallarda danışıqlar yolu ilə həllində təkid edir. Ona görə yox ki, Azərbaycanla sövdələşməyə sadiqdir və ya bizim maraqlarımızdan çıxış edir. Sadəcə qərbyönümlü Paşinyanın əlinə oynamaq istəmir. Ermənistan hesab edir ki, Azərbaycandan qisas almaq üçün ideal vaxtdır. Qərbin dəstəyi var, İsraillə Türkiyə qarşıdurma vəziyyətindədir. Daxili siyasi konyukturda kiçik də olsa qələbə erməni hakimiyyətinə hava-su kimi lazımdır. Yəni “luzer” statusundan qurtulmaq üçün ən kiçik miqyasda belə Azərbaycana “dərs vermək” imici düzəldəcək.
Amma necə deyərlər “stavka” çox yüksəkdir. Daha əvvəl Ermənistan üçün münaqişə və mübahisə predmeti Qarabağ idisə, artıq növbəti müharibə Ermənistan dövlətçiliyinin süqutu, ərazisinin kiçilməsi və yerdə qalan bölgənin Rusiyanın 90-cı subyektinə çevrilməsi ilə nəticələnə bilər. Hər şey baş verə biləcək müharibənin miqyasından, böyük güclərin dünyanı yenidən bölüşdürmək uğrunda səhnə arxası razılaşmalarından asılı olacaq. Qarabağ Ermənistan üçün siyasi və mənəvi baxımdan itirilib. Orada Rusiyanın sözü keçir, amma hələ ki, Ermənistan az da olsa suvernliyini saxlayır. Bu oyunda Ermənistan vabank gedir, Azərbaycanın isə itirəcək heç nəyi yoxdur. Ya qazanacaq, ya da qazandığına qane olacaq.
O vaxt məni deputat seçsəydiniz indi Xarıbülbül festivalında oturub mürgüləyərdim, sonra da çıxıb TV-də belə ağıllı-ağıllı danışardım )))”.
