Xaricdə universitetdə təhsil almış Azərbaycan vətəndaşlarının diplomlarının ölkə daxilində tanınması hərbi xidmət müddətinə də təsir göstərə bilər.
Bəs xarici universiteti bitirən şəxsin diplomu Azərbaycanda tanınmadıqda o, ali təhsilli hesab olunurmu və 1 il müddətinə, yoxsa 1 il 6 ay müddətinə hərbi xidmət keçməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, xaricdə universitet təhsili alan, lakin diplomu Azərbaycanda tanınmayan şəxslər hərbi xidmətə adi qaydada çağırılır və 1 il 6 ay müddətində xidmət keçirlər.
![]()
Ekspertin sözlərinə görə, xarici ölkədə alınmış diplom Azərbaycanda tanındığı halda isə həmin şəxs ali təhsilli hesab olunur və onun üçün hərbi xidmət müddəti 1 il təşkil edir:
“Xaricdə universitet təhsili almış və universitet diplomu Bakıda tanınmayan şəxslər adi qaydada 1 il 6 ay hərbi xidmət keçirlər. Təbii ki, diplomu tanınan şəxslər isə ali təhsilli sayılırlar. Onların xidmət müddəti 1 ildir”.
Üzeyir Cəfərov qeyd edib ki, son dövrlərdə xaricdə təhsil məsələsinə, xüsusilə də diplomların həqiqiliyinə və tanınmasına daha ciddi yanaşılır:
“Hesab edirəm ki, bu, doğru və düzgün qərardır. Bəzi şəxslər harasa adlarını yazdırırlar, sonra da diplom təqdim edərək ali təhsilli olduqlarını bildirirlər. Bizə formal deyil, real ali təhsilli gənclər lazımdır”.
Ekspert xarici universitetlərdə təhsil alan Azərbaycan vətəndaşlarına diplomlarının ölkə daxilində tanınması məsələsinə diqqət yetirməyi tövsiyə edib:
“Xarici universitetlərdə təhsil almış şəxslər bunu mütləq nəzərə almalıdırlar. Diplom mütləq şəkildə Elm və Təhsil Nazirliyi tərəfindən tanınmalıdır. Diplom tanındıqdan sonra bu barədə təsdiq sənədi xidmət keçdiyi hərbi birliyə təqdim edilməlidir. Bundan sonra yuxarı komandanlıq tərəfindən müvafiq qərar qəbul olunur”.
Beləliklə, xaricdə universitet bitirmək öz-özlüyündə şəxsin Azərbaycanda ali təhsilli statusu ilə hərbi xidmət müddətinin avtomatik olaraq dəyişməsi demək deyil. Diplomun Azərbaycanda tanınması 1 illik hərbi xidmət müddətinin tətbiqi baxımından əsas məsələlərdən biridir.
Aynurə İsmayıl
KONKRET.az
