Bu şəxslər külli miqdarda vergi borcu ilə üzləşə bilərlər – RƏSMİbackend

Bu şəxslər külli miqdarda vergi borcu ilə üzləşə bilərlər – RƏSMİ

Azərbaycanda bəzi şəxslərin vətəndaşların etimadından sui-istifadə edərək onların adına şirkətlər təsis etməsi və qanunsuz əməliyyatlar aparması hallarına hələ də rast gəlinir. Nəticədə vətəndaşlar özləri də bilmədən ciddi maliyyə və hüquqi problemlərlə üzləşə bilirlər.

Məsələ ilə bağlı KONKRET.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, qanunsuz gəlir əldə etmək məqsədilə ayrı-ayrı vətəndaşların etimadından sui-istifadə edilərək onların adından müxtəlif hüquqi şəxslərin təsis olunması hallarına hələ də rast gəlinir:

“Araşdırmalar zamanı məlum olur ki, əksər hallarda vətəndaşlar müxtəlif yollarla aldadılır və etibarnamə alınmaqla, yaxud onlara məxsus elektron imzalardan istifadə edilməklə adlarına müxtəlif hüquqi şəxslər təsis edilir, qanunsuz əməliyyatlar aparılır və nəticədə, həmin hüquqi şəxslərin böyük məbləğlərdə vergi borcu yaranır.

Bir sıra hallarda vətəndaşlar özlərinin vergi ödəyicisi olduqlarını və şəxsən məsuliyyət daşıdıqlarını bilmirlər, yaxud qanunsuz sahibkarlıq fəaliyyətinin faktiki rəhbəri olan şəxslər tərəfindən qəsdən səhv məlumatlandırılırlar.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vətəndaşları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini 3-cü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadəsinə şərait yaratmamağa çağırır. Qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Vətəndaşlar verdikləri etibarnamə əsasında öz adlarına olan elektron imza ilə təsis edilən hüquqi şəxslərin yaranmasına və hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar.

Müəyyən vədlər qarşılığında özünün elektron imzasını digər şəxsə təqdim edən vətəndaş vergi borcu, əmlak üzərinə həbs qoyulması, müflisləşmə ilə üz-üzə qala bilər. Bunları nəzərə alaraq, vətəndaşlar digər şəxslərlə münasibətlərdə müxtəlif vədlərə inanmamalı, məzmununu anlamadıqları sənədlərə imza atmamalı, onlara məxsus elektron imzanı başqa şəxslərə etibar etməməlidirlər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha vətəndaşları diqqətli olmağa, etibarnamələrin məzmunu ilə daha detallı tanış olmağa və şəxsi məlumatların 3-cü şəxslərə etibar edilməsində maksimum ehtiyatla davranmağa çağırır”, – deyə qurumun sorğumuza cavabında qeyd olunub.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*