Yeni qərar minlərlə manatın insanların cibində qalmasına səbəb olacaqbackend

Yeni qərar minlərlə manatın insanların cibində qalmasına səbəb olacaq

Kiçik sahibkarlıq subyektləri müəyyən şərtlərə əməl etdikləri təqdirdə gəlir (mənfəət) vergisinin 25 faizini ödəməkdən azad edilə bilərlər.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində kiçik sahibkarların dəstəklənməsi məqsədilə yeni güzəşt mexanizmi nəzərdə tutulur.

Təklifə əsasən, kiçik sahibkarlıq subyekti kateqoriyasında ən azı iki il fəaliyyət göstərən, vergi borcu olmayan və illik dövriyyəsi əvvəlki illə müqayisədə 30 faizdən çox azalmayan sahibkarlıq subyektlərinə hesablanmış gəlir (mənfəət) vergisinin 25 faizi həcmində güzəşt tətbiq ediləcək.

Güzəşt 5 il müddətinə nəzərdə tutulur. Bunun üçün sahibkarlıq subyektinin vergi ili ərzində əmək münasibətlərini pozmaması da əsas şərtlərdən biri olacaq.

Yeni mexanizmin kiçik sahibkarların fəaliyyətinin sabitliyinin qorunmasına, rəsmi məşğulluğun davamlılığının təmin edilməsinə və dövriyyənin süni şəkildə azaldılmasının qarşısının alınmasına xidmət edəcəyi bildirilir.

Məsələn, kiçik sahibkarlıq subyekti olan müəssisənin 2026-cı ildə dövriyyəsi 500 min manat, 2027-ci ildə isə 700 min manat təşkil edərsə, illik dövriyyə artmış hesab olunur. Müəssisənin 2027-ci ildə xərcləri 300 min manat olduğu halda, 80 min manat mənfəət vergisi hesablanarsa, müəyyən edilmiş şərtlərə əməl etdiyi təqdirdə bu məbləğin 25 faizi həcmində güzəşt əldə edə bilər.

Beləliklə, müəssisə 80 min manat əvəzinə 60 min manat vergi ödəyəcək və dövlət büdcəsinə 20 min manat daha az vəsait köçürəcək.

Güzəşt mexanizminin əsas məqsədi vergi öhdəliklərini vaxtında yerinə yetirən, əmək münasibətlərini qoruyan və stabil fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərini stimullaşdırmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*