Buda və Peşti birləşdirən körpülərbackend

Buda və Peşti birləşdirən körpülər

İş elə gətirdi ki, bu yaxınlarda Budapeştdə səfərdə oldum. Macarıstana yollanan hər kəs sanki bu kiçik ölkəyə aşiq olmağa məhkum edilir. Əzəmətli Dunay çayının hər iki sahilində salınmış bu cazibədar şəhərdə çox qəribə, müsbət bir enerji adamı cənginə alır və sən özünü yeni tapdığın yaxın qohumun evindəki qədər rahat hiss edirsən.

Qədim Budapeştin əzəmətli sarayları təəccübləndirir, Dunay üzərindəki şux qamətli körpüləri insanı valeh edir. Barokko üslubunda inşa edilmiş binaların gözəlliyinə heyran qalırsan. Qətiyyətlə deyə bilərəm ki, Budapeşt Avropanın ən gözəl şəhərlərindəndir. Bu məkanı üç hissəyə – Peşt, Buda və Obudaya bölən Dünay çayı üzərindən ümumilikdə 14 körpü salınıb. Bu körpülərdən yeddisi şəhərin əsas tarixi hissələrini birləşdirir.  Şəhərin möcüzəvi gözəlliyi elə ilk baxışdan turistləri özünə cəlb edir. Budapeşt memarlıq abidələri, müxtəlif muzeylər və sərgi salonları, sənət qalereyaları ilə zəngindir.

media-m-1

Mənim düşüncəmə görə, şəhərin simvolu 1904-cü ildə tikintisi başa çatmış möhtəşəm parlament binasıdır.  Avropa qitəsinin ən böyük parlament binası olan bu tarixi tikilinin memarı İmre Steindl Macarıstan Parlament binasının inşası əsnasında görmə qabiliyyətini itirib və 1902-ci ildə onun tamamlanmasına şahid olmadan vəfat edib. 19 il ərzində inşa edilmiş bu bina həm macar, həm də Avropa tarixi baxımından böyük əhəmiyyətə malikdir. Çünki bu sadəcə bir parlament binası deyil, eyni zamanda ölkənin milli kimliyinin vacib simvollarından biridir. 691 otağın yerləşdiyi bu möhtəşəm parlament binasında bir çox detal Macarıstan tarixinin əhəmiyyətli hissələrinə istinad edilərək işlənib. UNESCO-nun Dünya İrs Siyahısında olan bina ümumi uzunluğu 268 metr və eni 123 metr olan ərazini əhatə edir. Binanın günbəzinin hündürlüyü yerdən 96 metrdir.

Bu yüksəklikli Macarıstan Parlament binası Müqəddəs İstvan Bazilikası ilə birlikdə Budapeşt şəhərinin mərkəzindəki ən yüksək iki tikili sayılır. Macarıstan Parlamentinin binasının tikintisində 40 kiloqram qızıldan və 40 milyon kərpicdən də istifadə edilib. 27 fərqli qapısı olan tarixi binanın çaya baxan ən möhtəşəm tərəfində 242 Macarıstan hökmdarının və qəhrəman əsgərlərinin heykəlləri var. Bina bu gün də birbaşa funksionallığı ilə seçilir və burada əksər vaxtlarda parlamentin iclasları keçirilir.

media-m-3

Avropanın əksər ölkələrini az qala qarış-qarış gəzmş bir insan olaraq deyə bilərəm ki, hərəkət rahatlığı bu şəhərin bəlkə də ən böyük uğurudur. Hərçənd ki, avtomobil yollarındakı asfalt örtüyünün keyfiyyəti bəzi küçələrdə elə də ürəkaçan deyil. Dəqiqlik və rahatlıq simvoluna çevrilmiş tramvay və trolleybuslar Budapeştin qüruru sayıla bilər. Eyni marşrut üzrə hərəkət edən bu ictimai nəqliyyatın intervalı üç dəqiqədən çox deyil. Nə vaxtsa bizim Bakıda da belə ictimai nəqliyyat vasitələri mövcud olub. Əlaqədar strukturlar onların bərpasının mümkünlüyü haqda ara-sıra fikirlər səsləndirirlər… Bu rahat ictimai nəqliyyat yerli sakinlər və turistlərin eninə-boluna istifadə etdikləri ən əlçatan hərəkət vasitəsidir. Metro sxemi isə bir az qəliz olduğundan adamı çaşdırır.

Budapeşti seyr etməyə gələnlərin sayı isə az deyil. 2025-ci il üçün bu rəqəm 8 milyondan çox olub. Macarıstana gələn turistlərin ümumi sayı isə 20 milyondan bir az çox olub.

Qədim Roma hamamı, balneoloji kurortları, Milli muzey binası, universitet kilsəsi, gotik üslubunda tikilmiş kral Mattias Kafedrali və şəhərin digər möhtəşəm tikililəri Budapeşti turizm mərkəzləri arasında ən məşhurlarından birinə çevirib. Şəhərin Balıqçı qalasının terrasından və Gellert dağından açılan təkrarsız mənzərələri də göz oxşayır. Əslində sadalanası məkan sayı çox olsa da, Budapeşti cazibədar edən onun sadə, qonaqpərvər və yaraşıqlı insanlarıdır. Ölkə vətəndaşlarının tarixi türk söykökünə bağlılığı bu yerləri bizim üçün doğma edir. Budapeştin gecələri də gündüzləri qədər cəlbedici və cazibədardır. Tarixi binalara mükəmməl işıqlandırma fonunun seçilməsi gecə həyatına ayrıca bir zövq qatır.

Bu yerdə haşiyəyə çıxıb ölkələrimiz arasındakı əlaqələrə qısaca da olsa toxunmaq istəyirəm. Diplomatik münasibətlərimiz 1992-ci ildə qurulusa da, xeyli müddət sonra –  2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi açılıb. Əlaqələrimizin inkişafında 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə mühüm əhəmiyyət daşıyır. 200 Azərbaycanlı tələbə üçün macar tərəfinin təqaüd proqramı da mənə görə böyük əhəmiyyətə malikdir.

Azərbaycan-Macarıstan əməkdaşlığı 2023-cü ildə imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə daha da möhkəmlənib.

Azərbaycan qazının Macarıstana və Avropaya ixracı artır. Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi kimi məsələlər də gündəmdədir və Macarıstana Azərbaycan qazı ixrac olunmağa başlayıb. Həmçinin macar şirkətləri Azərbaycanın neft-qaz sektorunda çalışır və bu şirkətlər əsas iki neft və qaz layihəsində pay sahibidir – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında.

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirakını isə xüsusilə vurğulamaq istəyirəm. Bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verərək, gələcək inkişaf üçün böyük perspektivlər açıb. Çünki son illərdə Macarıstan Avropa ilə Türk dünyası arasında körpü qurmağa çalışır. Müəyyən tarixi köklərimiz və irsimiz Macarıstanla təbii tərəfdaşlığımızı şərtləndirir. 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən Macarıstanın paytaxtı Budapeştdə TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir. 

Macarıstan şirkətlərinin Qarabağda quruculuq işlərindəki fəaliyyəti, həmçinin ölkəmizə pay olaraq işğaldan azad edilmiş ərazilərdə xəstəxana və məktəb tikməsi isə xüsusi diqqətə layiqdir. Bir sözlə ölkələrimiz arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və strateji maraqlar əsasında inkişaf edir.

Səfərim vaxtı Macarıstandaki Azərbaycan Evində də oldum. Buranın rəhbəri İbrahim Səfərli ilə söhbətim zamanı şəhər sakinlərinin və qonaqların bizim milli mədəniyyətimizə olan maraqları haqda məlumat aldım. Bu da təbiidir. Çünki hər həftə hansısa bir tədbir keçirəndə diqqət mərkəzində olursan. Azərbaycan Evinin əməkdaşlarının Budapeşt şəhərində mütəmadi şəkildə keçirdikləri tədbirlər isə strateji maraqlarımıza özünəməxsus fon verir.media-m-7

 

 

 

 

 

 

 

 

 

 

 

 

Budapeştdə köhnə dostum İlham Əliyevlə birgə keçirdiyim vaxt ərzində şəhərin küçələrini, tarixi məkanlarını çox gəzdim. Uzun illərdir burada yaşayan İlham macar dilində öz ana dilində olduğu kimi mükəmməl şəkildə danışır. Həm də sevindim ki, öz dilimizi də eyni mükəmməliklə qoruyub, bəzən yerli macarlara da təbliğ edir. Mənə görə çox qəliz səslənən macar dilinin fonetik çalarlarını əks etdirən 44 hərf yadda saxlamaq da bir bacarıqdır.

media-m-2

 

Yeri gəlmişkən onun övladı, dörd dildə sərbəst danışan Nərmin xanımın çoxşaxəli fəaliyyəti ilə də tanış oldum. Əminliklə deyə bilərəm ki, xalqımızı, Azərbaycanımızı Avropada layiqincə təmsil etmək onlar üçün milli qürur anlayışıdır.

Sonda qeyd etmək istəyirəm ki, Macarıstan paytaxtının mərkəzində hündürmərtəbəli binalar tikmirlər. Bəzi binaları isə köhnəldiyinə görə sökmür, əksinə, bərpa edib ömrünü uzadırlar. Budapeştdən ayrılanda bizim Bakı ilə bu şəhərin oxşarlıqlarını axtarmaq, paralelllər cızmağa çalışdım. Amma nədənsə alınmadı…

 

Əməkdar jurnalist Faiq Hüsiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*