Boşanmış qadınlar niyə bəzi kişilərə daha cəlbedici görünür? – Psixoloq elə şeylər danışdı ki…backend

Boşanmış qadınlar niyə bəzi kişilərə daha cəlbedici görünür? – Psixoloq elə şeylər danışdı ki...

Müasir dövrdə münasibətlərə baxış tərzi dəyişdikcə, insanların partnyor seçimində də fərqli meyillər ortaya çıxır. Xüsusilə bəzi subay kişilərin boşanmış qadınlarla münasibət qurmağa üstünlük verməsi cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardan biridir.

Bəs bəzi kişiləri boşanmış qadınlara yaxınlaşdıran əsas səbəblər nələrdir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Dilruba Həsənova bildirib ki, bəzi subay kişilərin boşanmış qadınlara yönəlməsi təkcə emosional seçim deyil, bu, insan psixikasının təhlükəsizlik, reallıq və emosional yetkinlik axtarışı ilə bağlıdır.

Psixoloqlara maraq artır: Dəb dalğası, yoxsa… | KONKRET

Onun sözlərinə görə, psixoanalitik yanaşmaya əsasən insan şüuraltı şəkildə özünü emosional olaraq başa düşülmüş hiss etdiyi insanlara yaxınlaşır:

“İnsanın ən dərin ehtiyacı ideal obraz yox, tamlıq hissidir. Boşanmış qadın isə çox vaxt həyatın romantik illüziyasından keçmiş olur. O, sevgini artıq nağıl kimi deyil, psixoloji uyğunluq və daxili rahatlıq kimi qəbul edir. Bu isə bəzi kişilərdə şüuraltı güvən hissi yaradır”.

Psixoloq qeyd edib ki, emosional baxımdan yetkin insanlar münasibətlərdə sahib olmaqdan daha çox anlamağa və qəbul etməyə üstünlük verirlər:

“Həyatında xəyal qırıqlığı və itki yaşamış qadınlar münasibətlərdə manipulyativ davranışlardan daha uzaq olurlar. Travma insanın ya eqosunu sərtləşdirir, ya da onu həyatın gerçəkliyi ilə üz-üzə qoyur. İnsan beyni isə xaosdan sonra sabitliyə meyl edir. Davamlı emosional qeyri-müəyyənlik yaşayan bəzi kişilər daha sakit, hisslərini tanıyan və münasibətdə sərhəd qoya bilən qadınlara yönəlirlər”.

Ekspert vurğulayıb ki, insan bəzən aşiq olduğu üçün deyil, yanında özünü rahat və təhlükəsiz hiss etdiyi üçün birinə bağlanır:

“Beyində təhlükəsiz emosional bağ formalaşdıqda kortizol səviyyəsi aşağı düşür, güvən hissi artır. Yəni insanın sinir sistemi sakitləşdiyi üçün qarşı tərəfə bağlılıq yaranır. Boşanmış qadın artıq münasibətdə kimisə saxlamaq üçün deyil, özünü itirməmək üçün davranır. Bu fərq emosional yetkin kişilər üçün cəlbedici görünə bilir”.

Dilruba Həsənova əlavə edib ki, cəmiyyət çox zaman boşanmış qadınları uğursuz münasibətin nəticəsi kimi təqdim etsə də, psixologiyada münasibətin bitməsi hər zaman uğursuzluq hesab edilmir:

“Bəzən ayrılıq insanın öz psixikasını qorumaq üçün verdiyi ən sağlam qərar olur. Özünü dağıdan münasibətdən çıxmaq, onu davam etdirməkdən daha çox cəsarət tələb edir. Əslində bəzi kişiləri boşanmış qadınlara çəkən onların keçmişi deyil, həyata artıq illüziyasız baxmalarıdır.

İnsanlar sosial təzyiqlərdən uzaq, daha az stereotiplərlə qərar verəsələr, öz ruhlarına yaxın insanlarla daha sağlam münasibətlər qura bilərlər. Təəssüf ki, bizim kimi cəmiyyətlərdə bu, hələ də tam qəbul olunmur”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*