Avropa Birliyi sahibsiz heyvanlarla bağlı tədbirlər görməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, sahibsiz heyvan problemi ilə mübarizə aparmaq üçün konkret standartlar tətbiq etmək lazım gələcək.
AB Komissiyasının keçən il təqdim etdiyi qanun layihəsində məcburi sterilizasiya, çip yerləşdirmə, qeydiyyat və baxıcıların səlahiyyətlərinin artırılması kimi tədbirlərə yer verilib.
Avropa ölkələrinin əksəriyyətində küçələrdə sahibsiz heyvanlara nadir hallarda rast gəlinsə də, Aİ bu məsələdə ortaq həll yolu tapmaq üçün səylərini davam etdirir və hər bir üzv ölkə fərqli üsullar tətbiq edir.
Aİ-nin məşvərətçi orqanı olan İqtisadi və Sosial Komitənin 9 aprel tarixli hesabatında deyilir ki, “Küçə itləri Cənubi və Şərqi Avropanın müxtəlif regionlarında ciddi problem yaradır və əhalinin sağlamlığı üçün böyük təhlükə yaradır. Onlar insanlara və heyvanlara qarşı təcavüz yolu ilə quduzluq xəstəliyinin ötürülməsi riskini artırır”.
“Sahibsiz itlərin sayının azaldılması üçün yeganə davamlı yanaşma sığınacaqlardakı və sahibləri müəyyən edilə bilən heyvanlar üçün məcburi sterilizasiya siyasətidir”, – deyə hesabatda bildirilir.
Aİ Komissiyasının məlumatlarına görə, hər il Avropada dövlət və ya qeyri-kommersiya təşkilatlarına məxsus sığınacaqlara çoxlu sayda pişik və itlər qəbul edilir.
Belçikada hər il 7 min it və 26 min pişik sığınacaqlarda qaldığı halda, İspaniyada bu rəqəm itlər üçün 100 min, pişiklər üçün 30 min civarındadır.
Avropa Parlamentinin 2023-cü ildə keçirdiyi “Eurobarometer” ictimai rəy sorğusuna əsasən, Aİ vətəndaşlarının 74 faizi düşünür ki, ev heyvanlarının rifahı daha yaxşı şəkildə qorunmalıdır. İt və pişiklər üçün ümumi rifah şərtləri onların yaxşı qidalanmasını nəzətdə tutur.
Bu məsuliyyət üzv dövlətlərin yurisdiksiyasında olsa da, bütün Aİ-də heyvanların rifahı standartlarına nail olmaq və ölkələr arasında fərqləri aradan qaldırmaq üçün səylər davam etdirilir.
Onlayn satış vasitəsilə it və pişiklərin qeyri-qanuni ticarəti ilə mübarizə aparmaq üçün milli məlumat bazalarında məcburi identifikasiya və qeydiyyatın tətbiqi bu heyvanların izlənməsini gücləndirəcək.
Aİ Komissiyasının təklif etdiyi qanunda deyilir ki, heyvan baxıcıları itlərin və pişiklərin bioloji, fizioloji və davranış ehtiyaclarını anlamaq, onların ifadələrini, o cümlədən hər hansı ağrı əlamətlərini tanımaq və onlara qarşı müvafiq yumşaldıcı tədbirləri müəyyən etmək qabiliyyətinə malik olmalıdırlar. Baxıcılara mütəmadi olaraq təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Təklif olunan qanunda fiziki müayinələr, o cümlədən identifikasiya, çipləmə, peyvəndləmə, qan toplama, gigiyena, sağlamlıq və ya çoxalma məqsədləri üçün prosedurlar istisna olmaqla, heyvanların təbii hərəkətlərini məhdudlaşdıran yerlərdə saxlamaq qadağandır.
Təklif qanuna çevrilərsə, müalicə zamanı pişik və itlərin qapalı şəraitdə 1 saatdan çox bağlanması mümkün olmayacaq.
Qanun layihəsində “Sığınacaq operatorları və sığınacaqlara cavabdeh olan fiziki və ya hüquqi şəxslər heyvanların sosial cəhətdən zərərsiz davranış, növə xas davranış nümayiş etdirməsinə və müsbət emosiyalar yaşamasına imkan verən şəraitin olmasını təmin etməlidir. Bundan əlavə, heyvandarlıq müəssisələrinin operatorları onlara uyğun şərait təmin etməlidirlər.
Təklifdə həmçinin bütün it və pişiklərin baytar həkimi və ya baytarın məsuliyyəti altında olan köməkçisi tərəfindən milli məlumat bazasında qeydiyyata alınmasının məcburi edilməsi də daxildir.
Müəssisələrdə saxlanılan it və pişiklərə cavabdeh olanların adına, sığınacaqlarda olanlar isə sığınacaq müdirinin adına rəsmiləşdirilməlidir.
Günel Mikayılova,
KONKRET.az
