Zelenskidən Putinə mesaj: Ərazi məsələsində son sözü  onlar deyəcəkbackend

Zelenskidən Putinə mesaj: Ərazi məsələsində son sözü onlar deyəcək

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, dövlət əraziləri ilə bağlı məsələləri müzakirə  və yekun qərar qəbul etmək müstəsna olaraq Ukrayna və Rusiya Federasiyası liderlərinin səlahiyyətindədir.

KONKRET.az xəbər verir ki, Finlandiya və Norveç liderlərinin Vladimir Putinlə son telefon danışıqlarını şərh edən Zelenski qeyd edib ki, Moskva ərazi mövzusunu müharibənin dayandırılması və təhlükəsizlik zəmanətləri ilə əlaqələndirir. Kiyevin qərb tərəfdaşları isə bunun Ukrayna üçün “qırmızı xətt” olduğunu bildiklərindən məsələyə dərinləməsinə müdaxilə etməkdən çəkinirlər.

“Bu, yalnız müharibə edən tərəflərin rəhbərləri səviyyəsində müzakirə oluna biləcək bir mövzudur. Başqa heç kimin belə bir səlahiyyəti yoxdur”, — deyə Zelenski vurğulayıb.

Dövlət başçısı ABŞ tərəfindən əvvəllər təklif edilən ərazi güzəştlərinin təfərrüatlarını da açıqlayıb. Qeyd olunub ki, müxtəlif vaxtlarda “28 bəndlik plan” çərçivəsində silahsızlaşdırılmış zonaların yaradılması, Zaporojye AES ətrafında ərazi mübadiləsi (land swaps) vasitəsilə həll yollarının axtarılması, Donbasda təmas xəttinin hər iki tərəfində bufer zonanın təşkili və Kinburn dilinin bir hissəsinin Ukraynanın nəzarətində qalmaqla silahsızlaşdırılması variantları nəzərdən keçirilib. Zelenski Kiyevin bu kimi təklifləri müzakirə etməyə hazır olduğunu təsdiqləyib.

Ukrayna liderinin sözlərinə görə, bütün bu konfiqurasiyalar ilkin sənədlərdə və işçi qruplar səviyyəsində nəzərdən keçirilsə də, hazırda ərazi məsələsində real irəliləyiş yoxdur. O, əlavə edib ki, Rusiya tərəfinin israrlı tələbləri səbəbindən Kiyev dialoqa açıqdır, lakin bu məsələni neformal təmaslar çərçivəsində həll etmək qeyri-mümkündür — son sözü yalnız dövlət başçıları deyə bilər.

Zelenski həmçinin bildirib ki, Rusiya təkcə özü üçün təhlükəsizlik zəmanəti deyil, həm də NATO və ya ABŞ ilə Avropa və dünya təhlükəsizlik sisteminə dair xüsusi sazişin bağlanmasını tələb edir. Bu tələblər sadəcə hücum etməmək zəmanəti deyil, təsir dairələrinin yenidən bölgüsü və qlobal təhlükəsizlik sisteminin dəyişdirilməsi məqsədi daşıyır.

Ukrayna prezidenti vurğulayıb ki, müharibə başa çatmadan və Kiyev üçün təhlükəsizlik zəmanətləri müəyyən olunmadan Rusiyanın bu tələblərini müzakirə etmək vaxtından əvvəldir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*