Ceyhun Bayramovun Vaşinqton səfərindən gözləntilər – ŞƏRHbackend

Ceyhun Bayramovun Vaşinqton səfərindən gözləntilər - ŞƏRH

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Zirvə görüşündə iştirak üçün ABŞ paytaxtına yola düşüb. Görüş çərçivəsində bir sıra yüksək səviyyəli ikitərəfli təmaslara yer veriləcəyi nəzərdə tutulub.

Azərbaycan XİN rəhbərinin Vaşinqton səfərini KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan və Ermənistanın NATO Sammitinə dəvət edilməsi Vaşinqtonun Cənubi Qafqaz siyasətinin prioritetidir:

“Məhz Vaşinqton iki dövləti tərəfdaş kimi bu sammitə dəvət edərək Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində gedən danışıqlar prosesinə vasitəçilik edəcək. ABŞ rəsmiləri bir həftə əvvəl Ermənistanda, həm də Azərbaycanda olublar. ABŞ çalışır ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunsun, kommunikasiyalar açılsın. ABŞ xüsusilə Cənubi Qafqaz, Mərkəzi Asiya, Xəzər dənizi hövzəsində öz mövqeyini gücləndirməyə çalışır. Bu nöqteyi-nəzərdən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini NATO sammitinə dəvət etməsi Vaşinqtonun real sülhə töhfə verdiyini göstərir. Vaşinqtonun Ermənistana müəyyən təlimatları əsasında Ermənistan bu gün Azərbaycanın şərtlərini qəbul edib. Bu görüşdə sülh müqaviləsinin detalları, COP29-a kimi çərçivə sazişinin imzalanması və digər məsələlər də müzakirə ediləcək”.

Türkiyənin NATO-nun aparıcı ölkəsi olduğunu vurğulayan politoloq ABŞ-də keçiriləcək görüşlərdə Türkiyə-Ermənistan əlaqələrinin normallaşması istiqamətində danışıqlar aparılacağını söyləyib:

“Türkiyə NATO-nun aparıcı ölkəsidir. ABŞ Ermənistan – Azərbaycan danışıqlarında Türkiyənin rolunu qəbul edir. Həmçinin burada Türkiyə Ermənistan əlaqələrinin normallaşması istiqamətində danışıqlar aparılacaq. Hesab edirəm ki, çox müsbət irəlliləyiş əldə olunacaq”.

Politoloq Xəyal Bəşirov isə hesab edir ki, bu sammitdən öncə baş verən proseslər görüşün proseslərə heç bir müsbət töhfə verməyəcəyinə əminlik yaradır:

“Prosesdən öncə Azərbaycana əsassız çağırışların edilməsi, Qarabağdan çıxan ermənilərlə bağlı əsassız ittihamların ortaya atılması, absurd iddiaların səsləndirilməsi, eyni zamanda Ermənistanın silahlandırılması və yaxud buna göz yumulması, 5 aprel tarixində Aİ, ABŞ və Ermənistanın üçtərəfli qaydada Brüsseldə görüşünün keçirilməsi, bu görüşdə Azərbaycan iştirakının təmin edilməməsi, görüşdə ABŞ və Aİ tərəfindən Ermənistana yardım edilməsi, Cenevrədə keçirilən sülh konfrasında Ermənistanın iştirakı və 100 milyon ABŞ dolları həcmində yardımın edilməsi və digər bu kimi faktlar özündə keçmiş münaqişə tərəflərindən birinə dəstəyi ehtiva edir. Bu dəstək hazırkı həssas dönəmdə edilir və bu, sülh prosesinə ciddi maneə yaradır”.

Ekspert düşünür ki, görüşdə Azərbaycanın öz mövqeyini ortaya qoyacağı gözlənilir:

“Məncə, təmasların qurulması bizim tərəfdən sülh prosesi ilə bağlı qarşıya qoyduğumuz məqamlara heç bir təsir etməyəcək. Əsas mövqeyimiz dəyişilməz olaraq qalır. Biz öz prinsiplərimizə sadiqliyimizi nümayiş etdiririk, amma Ermənistan bu istiqamətdə bəyanatlarla kifayətlənir. Ermənistan Azərbaycanın haqlı tələblərinə uyğun olaraq öz konstitusiyasına dəyişikliklər etməlidir. Konstitusiyada bu günə qədər sülhü istisna edən, sülh müqaviləsinin bağlanmasına maneə törədən müddəalar var. Ermənistan konstitusiyasında bu məqamlar aradan qaldırılmadığı müddətdə Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması mümkünsüzdür.

Bu məqamlar istənilən görüşdə olduğu kimi bu görüşdə də masaya qoyulacaq. Bundan sonra prosesə dəstək vermək niyyətini ortaya qoyan qüvvələrdən Ermənistana yönəlik çağırışlar eşidəcəyik. Əgər bu çağırışlar edilməyəcəksə, onların görüntü xarakteri görüşlər təşkil etdiyi, sülh istəmədikləri təsdiqlənəcək”.

Politoloq Turan Rzayev bildirib ki, görüşdə Azərbaycan ilə NATO əlaqələri, həmçinin Cənubi Qafqazda sülh prosesi, hərbi gərginliyin azaldılması, eskalasiya risklərindən yayınma cəhdləri, sülh prosesi çərçivəsində atılan addımlar müzakirə ediləcək:

“Bizim rəsmi səviyyədə tanınan müttəfiqimiz Türkiyə NATO ölkəsidir. Azərbaycanın da NATO ilə əməkdaşlığı var. Bu mənada NATO ilə münasibətlərin inkişaf etdirilməsi, əlaqələrin gücləndirilməsi, gələcəkdə NATO silahlarının ölkəmizə satışı, paralel olaraq ortaq silahların istehsal edilməsi müzakirə edilə bilər. Çünki Azərbaycanın inkişaf etməkdə olan silah sənayesi var və dünya silah bazarında Azərbaycan silahlarına tələbat da artıb. Azərbaycan prinsip etibarilə hərbi təşkilatlara üzv olmasa da, hərbi təşkilatlarla əməkdaşlıq edir. Biz konkret olaraq bir bloku, alyansı seçmirik, amma onların hərbi təcrübələrindən istifadə edirik. Sülh prosesinin uğurla davam etməsinə baxmayaraq, Ermənistanı silahlandıran dövlətlərin olduğunu bilirik. Xüsuilə Fransa kimi ölkələr Ermənistanı silahlandıraraq, onu regionda eskalasiyaya sövq edir. Bu risk faktorunu nəzərə alaraq Azərbaycan silah sənayesinin gücləndirilməsində, dünya praktikasından faydalanmaqda maraqlıdır”.

Politloq Tural İsmayılov qeyd edib ki, ABŞ açıq şəkildə Cənubi Qafqaz ilə bağlı maraqlarının olduğunu ifadə edir.

“Azərbaycan ABŞ münasibətlərindəki buzlar aradan qalxıb. Münasibətlər yüksələn xətlə inkişaf edir. Amerika yaxşı başa düşür ki, bölgə ilə, regionun iqtisadi siyasi gələcəyi ilə bağlı Azərbaycanı narazı salaraq burada hansısa layihələri həyata keçirmək, iqtisadi-siyasi formada təmsil olunmaq mümkün deyil. Eyni zamanda ABŞ Mərkəzi Asiyadan Avropaya yeni tranzit xətlərinin, komunikasiyaların açılmasında maraqlıdır. Ona görə də Azərbaycanla Ermənistan arasında sülhün tez bir zamanda imzalanmasına çalışır. Bu formatda Azərbaycan-Ermənistan arasında razılaşmaların əldə edilməsində ABŞ moderator qismində iştirak etməyə cəhd edir. Prosesdə sona qədər obyektivliyi qorusa, bu formatı uğurlu hesab etmək olar”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*