Çin hakerləri ABŞ-ın ürəyinə girdi – NASA, Senat, FED…backend

Çin hakerləri ABŞ-ın ürəyinə girdi – NASA, Senat, FED...

ABŞ hakimiyyəti illərdir davam etdiyi bildirilən genişmiqyaslı Çin kiberşəbəkəsinin fəaliyyətinin qarşısının alındığını açıqlayıb.

KONKRET.az xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 2018-ci ildən fəaliyyət göstərən və Çinlə əlaqələndirilən hakerlər ABŞ dövlət qurumlarının, eləcə də strateji əhəmiyyətli təşkilatların informasiya sistemlərinə hücum edib və ya onları sındırmağa cəhd göstəriblər.

Amerika hakimiyyəti kiberəməliyyatlarda istifadə olunduğu bildirilən QScan və QTRouter adlı iki platformanın domenlərini müsadirə edib.

İstintaq materiallarına əsasən, hədəflər arasında ABŞ Ədliyyə Nazirliyi, NASA, Federal Ehtiyat Sistemi, Senat, Energetika Nazirliyi, Səhiyyə və İnsan Xidmətləri Nazirliyi və Milli Səhiyyə İnstitutları olub. ABŞ və Cənubi Koreyanın dörd şirkətinin də hücumlardan zərər çəkdiyi bildirilir.

Vaşinqton platformaların fəaliyyətini Çində yerləşən “Nanjing Xinjiuwei Network Technology Company” şirkəti ilə əlaqələndirir. ABŞ Ədliyyə Nazirliyinin iddiasına görə, şirkətin müştəriləri arasında Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi və Çin Xalq Azadlıq Ordusu da olub.

FTB, Milli Təhlükəsizlik Agentliyi (NSA) və ABŞ-ın kiberstrukturlarının birgə məlumatında hakerlərin son illərdə həyata keçirdiyi bir sıra əməliyyatlar barədə də məlumat verilib. Bildirilir ki, 2024-cü ilin mayında müdafiə sənayesi podratçılarından, maliyyə təşkilatlarından və universitetlərdən məlumatların oğurlanmasına nail olunub.

2024-cü ilin sentyabrında isə hakerlərin ABŞ Energetika Nazirliyinin üç laboratoriyasının, Milli Səhiyyə İnstitutlarının, səhiyyə qurumlarından birinin və təhlükəsizlik avadanlığı istehsalçısının şəbəkələrinə daxil olduğu iddia edilir.

Bununla yanaşı, bütün hücumların uğurlu olmadığı vurğulanır. 2019-cu ilin avqustunda NASA şəbəkəsinə VPN sistemindəki boşluq vasitəsilə daxil olmaq cəhdi nəticəsiz qalıb. 2026-cı ilin martında isə ABŞ Senatının və xəstəxanalardan birinin sistemlərində zəif nöqtələr axtarılıb, lakin şəbəkələrə daxil olmaq mümkün olmayıb.\\musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*