Son zamanlar idman zallarında əzələ kütləsini artırmaq və fiziki göstəriciləri yaxşılaşdırmaq istəyən şəxslər arasında protein tozları və digər idman əlavələrindən istifadə geniş yayılıb. Lakin bu məhsulların həkim məsləhəti olmadan qəbulu, xüsusilə tərkibindəki maddələr və istifadə olunan dozalar nəzərə alınmadıqda, sağlamlıq üçün ciddi risklər yarada bilər.
Bəs protein tozlarından istifadə zamanı hansı məqamlara diqqət yetirilməlidir və bu əlavələr orqanizmə necə təsir göstərir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida texnoloqu Ağa Salamov bildirib ki, protein tozları, ilk növbədə, həkim məsləhəti əsasında qəbul edilməlidir.

“Xüsusilə böyrək xəstəliklərindən əziyyət çəkən şəxslər bu cür məhsullardan istifadə edərkən ehtiyatlı olmalıdırlar.
İdmanla məşğul olan şəxslər bəzən öz sağlamlıq vəziyyətlərini bilmədən, ətrafdakı insanların tövsiyələrinə əsaslanaraq protein tozları qəbul edirlər. Halbuki xroniki böyrək çatışmazlığı olan şəxslərdə zülal qəbulunun artırılması vəziyyətin daha da ağırlaşmasına səbəb ola bilər.
Protein tozlarının tərkibi də xüsusi diqqət tələb edir. Bazarda müxtəlif məhsullar mövcuddur və onların hamısının tərkibi eyni deyil. Bəzi əlavələrə əzələ kütləsini sürətlə artırmaq məqsədilə steroidlər və ya digər təsiredici maddələr əlavə edilir. Belə məhsulların nəzarətsiz və uzunmüddətli istifadəsi qaraciyər də daxil olmaqla, müxtəlif orqanlara zərər verə bilər”.
Qida texnoloqu vurğulayıb ki, ağır fiziki yüklənmə ilə məşğul olan idmançılar ürək-damar sisteminin sağlamlığına da diqqət yetirməlidirlər. “Tərkibində steroidlər və digər təsiredici maddələr olan əlavələr orqanizmə əlavə yük yarada, fiziki imkanların süni şəkildə artırılması isə insanın sağlamlığı üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.
Ekspert protein tozlarının istifadəsinin hər kəs üçün eyni dərəcədə zəruri olmadığını diqqətə çatdırıb. O, bildirib ki, bu məhsullara ehtiyac şəxsin sağlamlıq vəziyyətindən, qidalanma rejimindən və fiziki aktivliyindən asılı olaraq qiymətləndirilməlidir.
Ağa Salamovun sözlərinə görə, protein tozlarından istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək, məhsulun tərkibini yoxlamaq və tövsiyə olunan dozanı aşmamaq vacibdir. Zərurət olduqda böyrək və qaraciyər funksiyaları, eləcə də ürək-damar sisteminin vəziyyəti tibbi müayinələrlə qiymətləndirilməlidir.
Beləliklə, əzələ kütləsini artırmaq məqsədilə istifadə olunan protein tozları düzgün seçim və nəzarət tələb edir. Məhsulun tərkibinə, qəbul edilən miqdara və şəxsin sağlamlıq vəziyyətinə diqqət yetirilməsi mümkün risklərin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
Aynurə İsmayıl
KONKRET.az
