Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyibackend

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır.

Xüsusilə məktəb yaşlı uşaqların gündəlik istifadə etdiyi məkanlarda bu məhsulların əlçatan olması onların zərərli vərdişlərə yönəlməsi riskini artıran amillərdən biri kimi qiymətləndirilir.

Bəs uşaqların sağlamlığını qorumaq və onların zərərli məhsullara çıxışını məhdudlaşdırmaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bildirib ki, ictimai yerlərdə siqaret və elektron siqaretlərin istifadəsinə qarşı daha ciddi məhdudiyyətlər tətbiq olunmalı, enerji içkilərinin istehlakı ilə bağlı da maarifləndirmə gücləndirilməlidir:

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –  Müsahibə

“İctimai yerlərdə, məktəblərdə, idarələrdə və digər məkanlarda siqaret və elektron siqaretlərin istifadəsinə qarşı daha ciddi tədbirlər görülməlidir. Eyni zamanda enerji içkilərinin istifadəsinin mümkün riskləri ilə bağlı maarifləndirmə aparılmalıdır.

Xüsusilə uşaqların bu məhsullara çıxışının qarşısı alınmalıdır. Azyaşlılara tütün və nikotin məhsullarının satışına ümumiyyətlə yol verilməməlidir”.

“İlk növbədə insanlara bunun zərərli olduğu izah edilməlidir”

Ekspertin sözlərinə görə, bir sıra ölkələrdə uşaqların sağlamlığının qorunması məqsədilə tütün və nikotin məhsullarının satışına, eləcə də müəyyən məhsulların istehlakına yaş və digər məhdudiyyətlər tətbiq edilir:

“Bir çox ölkələrdə uşaqlara müəyyən yaş həddinə qədər tütün və alkoqol məhsullarının satışı qadağandır. Enerji içkilərinin istehlakı ilə bağlı da müxtəlif maarifləndirmə tədbirləri həyata keçirilir.

İlk növbədə insanlara bu məhsulların sağlamlıq üçün yaratdığı risklər izah edilməlidir. Maarifləndirmə ilə yanaşı, müəyyən edilmiş qaydalara əməl olunmadığı halda nəzarət və məsuliyyət mexanizmləri də işləməlidir”.

R.Bağırov hesab edir ki, bəzi məhsulların satışından əldə olunan kommersiya gəlirlərinin yüksək olması onların istehlakının məhdudlaşdırılmasına müəyyən çətinliklər yarada bilər. Onun fikrincə, belə hallarda dövlət nəzarəti və maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir.

“Dayanacaqlarda belə satış məntəqələrinin olması düzgün deyil”

Terapevt valideynlərin də uşaqların zərərli məhsullardan qorunmasında mühüm rol oynadığını vurğulayıb:

“Valideynlər uşaqlarına ciddi nəzarət etməlidirlər. Uşaqların bu məhsullara çıxışı mümkün qədər məhdudlaşdırılmalıdır.

Dayanacaqlarda belə satış məntəqələrinin təşkil edilməsi düzgün deyil. Çünki tütün və nikotin məhsullarının açıq şəkildə nümayiş etdirilməsi uşaqlarda maraq yarada bilər. Hətta siqaret çəkməyən insan belə həmin məhsulları daim görərək onlara maraq göstərə və sonradan istifadə etməyə başlaya bilər”.

Ekspertin fikrincə, azyaşlıların zərərli məhsullardan qorunması üçün yalnız satış məntəqələrinə nəzarət kifayət deyil.

“Məktəblərdə və ictimai məkanlarda maarifləndirici kampaniyaların keçirilməsi, məhsulların uşaqlara satışına görə məsuliyyət mexanizmlərinin gücləndirilməsi, eləcə də təhsil müəssisələri və nəqliyyat dayanacaqları ətrafında bu məhsulların əlçatanlığının məhdudlaşdırılması mühüm addımlardır.

Uşaqların sağlamlığının qorunması yalnız bir qurumun vəzifəsi deyil. Burada dövlət qurumları, satış məntəqələri, təhsil müəssisələri və valideynlər birlikdə məsuliyyət daşımalıdır”.

Beləliklə, uşaqların siqaret, elektron siqaret və yüksək kofein tərkibli enerji içkilərinə erkən yaşlarda maraq göstərməsinin qarşısının alınması üçün həm nəzarət mexanizmlərinin gücləndirilməsi, həm də davamlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir. Xüsusilə uşaqların gündəlik istifadə etdiyi məktəb ətrafı ərazilərdə və ictimai nəqliyyat dayanacaqlarında bu məhsulların əlçatanlığına daha ciddi yanaşılması onların zərərli vərdişlərdən qorunmasına kömək edə bilər.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*