“Deputat olmaq istəyənlər mütləq NATO-ya sədaqət andı içməlidir” – Jurnalistdən ŞOK İDDİAbackend

"Deputat olmaq istəyənlər mütləq NATO-ya sədaqət andı içməlidir" - Jurnalistdən ŞOK İDDİA

“Dinc əhaliyə və sabitliyə zərbə vuran NATO qarşısında baş əyməyi məndən istəməyin”.

NATO alyansının Ukrayna böhranının alovlanmasında əsas rol oynadığını deyən avropalılar sərt tənqidlərə məruz qalır. Və belələrinə “Putinin üzrxahları” damğası da vurulur. Etiraf etmək lazımdır ki, artıq bir neçə illərdir ki, Böyük Britaniyada rusofobiya geniş vüsət alır. Təsadüfi deyil ki, artıq Parlamentdə bütün rusların ölkədən çıxarılması çağırışları səslənir.

Son 48 saat ərzində İngiltərənin ictimai həyatında bir xaos yaşanır. Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı bəzi insanlarda şok effekti yaradıb. Müharibə isteriyası hər yerdə hiss olunur. Rusofobiyanın bütün mədəni cəmiyyətimizi bürümək təhlükəsi yaranıb. Adalarımızı belə tez bir zamanda bürüyən bu qorxulu tendensiya çoxları kimi məni də çox narahat edir.

Müharibə insan itkisi deməkdir. Ən pisi də odur ki, müharibədə ilk ölənlər günahsızlar və vətənpərvərlər olur. Və çox təəssüf ki, Ukraynada da belə oldu. Bu isə bütün normal cəmiyyətlərdə olduğu kimi Britaniyada da nifrətlə pislənilir. Amma bu nifrət bəzən subyektivliyə varır. Məsələn, son zamanlar Böyük Britaniyanın hər hansı rolu və ya marağı olan münaqişənin müzakirəsi zaman azad debata belə qarşı çıxılır. Eyni şey Putinin Ukraynada başlatdığı əməliyyatlar zamanı da baş verdi.

Təəssüf ki, Rusiya əməliyyatına qəti şəkildə qarşı çıxan, eləcə də NATO ittifaqının Ukrayna böhranının qızışmasında əsas pay sahibi olduğuna inananlar Britaniyada sərt tənqidlərə məruz qalır. Az qalır ki, onlara “Putinin agenti” damğası vurulsun. “Sən Putini sevirsən” deyən bəzi kreslo sahibləri isə hətta 20 yaşlı gənclərimizin ruslara qarşı döyüşmək üçün Ukraynaya göndərilməsi kampaniyasını da aparırlar.

Təbii ki, biz buna öyrəşmişik. Vaxtilə İraqda müharibəyə qarşı çıxanda bizi Səddamın missionerləri adlandırırdılar. Biz bir zamanlar Liviyada NATO-nun bombardmanlarında ölkəmizin iştirakına qarşı çıxanda da biz “Qəddafinin adamı” adını “qazandıq”. Bizim başqa ölkələri bombalamamaq, dəhşətli və qeyri-sabit mühitə daha çox zorakılıq və qeyri-sabitlik gətirməmək üçün üzrxahlıq etməyimiz hər zaman cəmiyyətimizdə birmənalı qarşılanmayıb.

“Putin apoloqları” adlandırılanlar, yəni təkcə Rusiyanı deyil, NATO-nu da tənqid edən insanları sındırmağa çalışanlar Alyansın şərqə doğru genişlənməsini tənqid edən bəyanatı imzalayan on bir deputatı statuslarından məhrum etməklə hədələdilər. Bu çirkin kampaniyanın başında isə Əmək Partiyası dayanır. Nə yazıq ki, son günlər parlamentin azğın üzvlərinin hamısı adı çəkilən sənəddən öz imzalarını geri götürməyə razılaşıblar. Bu da Ukrayna böhranının kifayət qədər mürəkkəb və çoxşaxəli olduğunun bir təzahürüdür.

Leyboristlər Partiyasının funksionerlərindən biri “Mirror” qəzetinə deyib ki: “Siz Kremlin ruporu və ya leyborist deputatı ola bilərsiniz, amma hər ikisinin vəkili ola bilməzsiniz”.

Şəxsən mən bunu inanılmaz dərəcədə qorxunc hesab edirəm. NATO-nu tənqid etmək heç bir halda insanı Kremlin ruporuna çevirmir. Necə ki, Amerikanın Əfqanıstandakı bədxah əməllərini tənqid etməklə sizi Taliban*ın pərəstişkarına çevirmir. Biz hər an iki əxlaqi mülahizəni yadda saxlaya bilərik. Məsələn, Taliban pisdir. Amma Qərbin müdaxiləsi Əfqanıstandakı vəziyyəti daha da pisləşdirib. Eləcə də, Putinin Ukraynadakı əməliyyatının sülhə və milli öz müqəddəratını təyinetmə prinsipinə kobud hücumdur və NATO-nun şərqə doğru sonsuz genişlənməsinin mənasız bir addım olmasının sübutudur.

NATO-nu tənqid etməyə cəsarət edən leyboristlər çox tez geri çəkildilər. Leyboristlər Partiyasının mərkəzçi və ağıllı olduğunu nümayiş etdirmək istəyən Keir Starmer üçün bunu “sürətli qələbə” kimi qiymətləndirmək olar. Əslində Starmerin göstərdiyi yeganə şey odur ki, o tənqidə dözümsüz siyasətçidir və deputatlarına NATO-nu tənqid etməyə imkan verməyəcək. Əslində bu, NATO-ya sadiqlik nümunəsidir. Aydındır ki, Leyboristlərdən deputat olmaq istəyənlər mütləq NATO-ya sədaqət andı içməlidir.

Bağışlayın, hörmətli bir cəmiyyətin üzvü olaraq Yuqoslaviyanı, Əfqanıstanı və Liviyanı bombalayan, dinc əhaliyə və sabitliyə zərbə vuran hərbi təşkilatın qarşısında baş əyməyi məndən tələb edirsinizsə, o zaman mənə arxayın olmayın. Bu alınmayacaq. Çünki mən hörmətsiz cəmiyyətin bir hissəsi olaqraq həqiqətin yanında durmağı seçirəm.

Tom Tugendixet,  “The Spectator” nəşri – Böyük Britaniya.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*