Rusiyanın ilhaq etdiyi Krım yarımadasının müxtəlif bölgələrində partlayışlar baş verib.
KONKRET.az xəbər verir ku, bu barədə yerli mənbələrə istinadən məlumat yayılıb.
Bildirilib ki, Sevastopolda hava həyəcanı elan olunub, Rusiya hava hücumundan müdafiə sistemləri və mobil atəş qrupları fəaliyyətə cəlb edilib.
Məlumata görə, Kaça hərbi aerodromu yaxınlığında zenit sistemləri işə düşüb, Sevastopolun Fyoduxin yüksəklikləri ərazisində partlayış səsləri eşidilib.
Baxçasaray rayonu sakinləri isə Sevastopol istiqamətində uçan pilotsuz uçuş aparatlarını müşahidə etdiklərini bildiriblər.
Yerlı mənbələrin məlumatına əsasən, dronların Feodosiya və ətraf ərazilər üzərində də uçduğu qeydə alınıb.
Simferopolda iki partlayış baş verib. Onların Rusiyanın hərbi aerodromunun yerləşdiyi Qvardeyskoye qəsəbəsi istiqamətindən gəldiyi bildirilir.
Feodosiyada zərbədən sonra Kerç şossesi üzərində yerləşən yüksək gərginlikli elektrik yarımstansiyasında yanğın baş verib.
Hadisə nəticəsində Kerç şəhərinin böyük hissəsində, eləcə də Feodosiyada elektrik enerjisinin verilişi dayanıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlamada Krımda iki hərbi obyektin vurulduğunu bildirib. Məlumata görə, İçki yaşayış məntəqəsi yaxınlığında yerləşən maddi-texniki təminat və yanacaq-sürtgü materialları anbarları hədəfə alınıb.
Rusiya Müdafiə Nazirliyi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
