Deputat: “Qələbə ilə bağlı film çəkilişində yeyinti varsa və çəkiliş dayanırsa, bu, xəyanətdir”backend

Deputat: “Qələbə ilə bağlı film çəkilişində yeyinti varsa və çəkiliş dayanırsa, bu, xəyanətdir"

Mədəniyyət Nazirliyinin Vətən müharibəsinə həsr olunmuş 8 seriyalı bədii filmin çəkilişlərini yarımçıq saxlaması geniş müzakirə yaradıb. Bədii filmin ilk seriyasının təqdimatı 8 Noyabr – Zəfər Gününə planlaşdırılsa da, bunun baş tutmayacağı deyilir. Çünki filmin çəkilişi üçün elan olunan tenderin qalibi – Türkiyənin “Bozdağ” film şirkəti əməkdaşlıqdan imtina edib. Filmin çəkilişi üçün dövlət büdcəsindən 3 milyon manat vəsait ayrılıb. İddia edilir ki, Zəfər Günü ərəfəsində belə bir mühüm layihənin yarımçıq saxlanılması yeyintidən xəbər verir.

KONKRET.az -ın məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Fazil Mustafa Pravda.az-a açıqlamasında deyib ki, bu iddialar araşdırılmalıdır.

“Əgər həqiqətən də yeyinti olubsa, fikrimcə, bu, elə erməniyə xidmət kimi bir şeydir. Sanki biz Şuşanı işğaldan azad etmək istəyirik, kimsə bizim əməliyyat planımızı satıb. Bu məsələyə başqa ad vermək olmaz. Belə məsələdə də yeyinti olar? Vətən müharibəsi ilə bağlı çəkilmiş filmdə nə yeyinti ola bilər?

Ciddi araşdırılmalıdır. Belə bir fakt varsa, bu yeyintidə kim iştirak edibsə, dərhal məsuliyyətə cəlb olunmalıdır. Belə cinayətkar yanaşma olar? Bu, elə bil şəhidin, qazinin qan pulunu yeməkdir, başqa adı yoxdur.

Film çəkilirsə, əksinə ayrılan pulun üzərinə cibindən əlavə pul qoyub bu filmi çəkməlisən ki, Azərbaycanın Qələbəsini dünyaya göstərəsən. Belə bir məsələdə də yeyinti olursa, bu haramzadalığın başqa adı yoxdur.

Mütləq bunu aşkar şəkildə cəmiyyətə çatdırmaq lazımdır. Qoy bu iddianı irəli sürənlər açıqlasınlar, nə qədər vəsait ayrılıb, nə qədər pul yeyilib? Bu məsələni gündəmə gətirmək lazımdır. Belə olmaz.

Hər sahədə belə yeyinti olacaqsa, bu, fəlakətdir. Qələbə ilə bağlı film çəkirik, tariximizi işıqlandırmaq istəyirik və filmin çəkilişi dayanır ki, yeyinti var.

Sözün açığı, bu iddia mənim üçün çox mühüm və bağışlanmaz bir cinayətdən xəbər verən iddiadır və sübuta yetirilməlidir. Belə bir şey yoxdursa, üzr istənməlidir. Əks halda, kimlər yeyintidə iştirak edibsə, ciddi şəkildə mütləq cəzalandırılmalı, cəmiyyətə də məlumat verilməlidir”, – deyə Fazil Mustafa bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*