Deputatdan təklif: “Uşaqların yemək xərcini dövlət ödəsin”backend

Deputatdan təklif: “Uşaqların yemək xərcini dövlət ödəsin”

Milli Məclisdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunub.

KONKRET.az xəbər verir ki, deputat Razi Nurullayev çıxışında bildirib ki, dövlət uşaqlara birdəfəlik ödəmələr, aylıq müavinətlər, kompensasiyalar formasında sosial yardımlar verir:

“Bu, çox yaxşıdır. Amma, o ödəmələr indiki vəziyyətdə onların ehtiyaclarını nəinki tam ödəmir, həm də gələcəkləri üçün konkret addımlar atılması potensialı yaratmır. Həm müalicələri, həm təhsilləri, həm də tərbiyələri baxımından. Təklif edirəm ki, yeni doğulan uşaqların 1-3 yaş arası yemək xərcləri dövlət tərəfindən ödənilsin”.

R.Nurullayev təəssüflə vurğulayıb ki, ölkəmizdə uşaq yeməkləri istehsal olunmur: “Uşaq yeməkləri də çox bahadır. Hər bir ailə keyfiyyətli uşaq yeməyi ala bilmir. Məhz bunun nəticəsində körpələrin özülünün sağlam şəkildə qoyulması təhlükəsi yaranır. Zənnimcə, bunun nəticəsi olaraq, nəsildə boyun qısalması, yaddaş zəifliyi, beyin kilidlənməsi yaranır. Hətta deyərdim ki, oxumamağa, savad almağa zəif meyllilik də bununla bağlı ola bilər. Bir də əlil uşaqları olan ailələrin sosial durumunun yaxşılaşdırılması üçün addımlar atılmasını istərdim. Nə demək istədiyimi bir ailənin üzərində izah edim. Bir ailə tanıyıram, iki övladı var. Qan qohumu ilə evlənib. Iki uşağın ikisi də xəstə doğulub, bir kar, lal və fiziki məhdudiyyətli, o birisi isə tam fiziki məhdudiyyətli. Yazıq ana hər gün həkim və xəstəxanalarda. Onun uşaqlarına dövlət tərəfindən köməklik olunur, amma bu onlara kifayət etmir. Ata da tam işləyə bilmir. Yəni həyatları alt-üst olub. Onun üçün də bu cür ailələrə əsaslı köməyin tərəfdarıyam”. Deputatın sözlərinə görə, bu cür ailələrə hətta avtomobil də vermək olar ki, ana özü idarə edib övladlarını həkimlərə, xəstəxanalara aparsın: “Hətta, onun sürücülük məkəbində oxumasını da dövlət üzərinə götürə bilər. Çünki, dövlətin əsasını onun vətəndaşları təşkil edir və bizim ölkəmiz də sosial məsələlərə daha həssasdır. Sadəcə, konkret misallar üzərində problemləri dedim. İstərdim ki, həm uşaqların, həm də bu qəbildən olan əlil uşaqların və valideynlərinin sosial durumunun yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər görülsün”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*