Qanunsuz vergidən yayınma faktları ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət edən vətəndaş şikayətinin araşdırılmadığını və nəticəsiz qaldığını bildirir.
KONKRET.az-a müraciət edən Yusifov Pərvin Babək oğlu bildirib ki, 28 aprel 2026-cı il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə Abşeron rayonu Digah qəsəbəsində qanunsuz vergidən yayınma halları ilə bağlı rəsmi müraciət ünvanlayıb.
Onun sözlərinə görə, müraciətin araşdırılması Seyid adlı əməkdaşa həvalə olunub. Şikayətçi iddia edir ki, araşdırma aparılması üçün bütün məlumatları təqdim edib və sözügedən ərazini həmin əməkdaşa göstərib. Ancaq vergi əməkdaşı şikayət edilən şəxsləri tanıdığını deyib və bu səbəbdən də onları vergiyə cəlb etməyəcəyini bildirib.
Vətəndaşın iddiasına görə, vergi işçisinin sərgilədiyi davranışla bağlı, eləcə də ilkin müraciətinin araşdırılmamasına görə, Dövlət Vergi Xidmətinə dəfələrlə müraciət ünvanlayıb.
Lakin bugünədək ona rəsmi cavab verilməyib. Vətəndaş həmçinin bildirir ki, şikayət etdiyi şəxslər tərəfindən hədə-qorxu ilə üzləşir.
Şikayətçi məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarından obyektiv araşdırma aparılmasını, qanunsuzluqlara hüquqi qiymət verilməsini və müraciətinə rəsmi cavab təqdim olunmasını istəyir.
Səsləndirilən iddialarla bağlı KONKRET.az Dövlət Vergi Xidmətinə sorğu ünvanlayıb.
Qurumun sorğuya cavabında bildirilib ki, sözügedən müraciət qeydiyyata alınaraq icraata qəbul edilib və hazırda vergidən yayınma faktı ilə bağlı araşdırma aparılır.
“Daxil olan müraciət üzrə qanunvericiliyin tələblərinə uyğun vətəndaşa müvafiq məktublar (dəvət və araşdırma müddətinin uzadılması barədə bildirişlər) göndərilib. Hazırda müraciətin araşdırılması davam etdirilir, əlavə tədbirlər görülür. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə vətəndaşa məlumat veriləcək”, – deyə Dövlət Vergi Xidmətindən bildirilib.
Qurum eyni zamanda xatırladıb ki, vətəndaşlar vergidən yayınma və ya vergi qanunvericiliyinin pozulması halları ilə qarşılaşdıqları təqdirdə, Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsi vasitəsilə qeyri-anonim qaydada müraciət edə bilərlər. Dövlət Vergi Xidmətinə elektron qaydada müraciət üsulları ilə bağlı ətraflı məlumat əldə etmək üçün müvafiq videotəlimatı da izləyə bilərsiniz.
Müşviq Tofiqoğlu
KONKRET.az
