Pensiyalarla bağlı gözlənilən qərar: İlin sonuna qədər artım olacaq?backend

Pensiyalarla bağlı gözlənilən qərar: İlin sonuna qədər artım olacaq?

Azərbaycanda ilin sonunadək orta pensiya məbləğinin artırılıb-artırılmayacağı ilə bağlı suallar gündəmdədir. Bəs yaxın aylarda pensiyalarda əlavə artım gözlənilirmi, yoxsa dəyişiklik yalnız növbəti indeksasiya zamanı baş verəcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, orta məbləğin dəyişməsi yeni pensiyaya çıxan şəxslərin aldığı ödənişlərin həcmindən asılıdır.

Dövlət satınalmalarının 30%-nin icra olunmaması çox böyük rəqəmdir” - Xalid  Kərimli

Onun sözlərinə görə, bunu orta əmək haqqının hesablanması prinsipi ilə müqayisə etmək olar:

“Tutalım, bir ofisdə üç nəfər işləyir. Onlardan birinin maaşı artdıqda orta əmək haqqı da yüksəlir. Çünki orta əmək haqqı bütün maaşların cəminin işçilərin sayına bölünməsi ilə hesablanır. Orta pensiya göstəricisi də oxşar prinsiplə formalaşır”.

İqtisadçı qeyd edib ki, pensiyanın məbləği vətəndaşın əmək fəaliyyəti dövründə aldığı rəsmi əmək haqqından və həmin maaşdan Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial sığorta haqlarından asılıdır:

“İşlədiyi müddətdə daha yüksək rəsmi əmək haqqı alan şəxslərin fərdi hesabında daha çox vəsait toplanır. Nəticədə həmin vətəndaş pensiyaya çıxdıqda daha yüksək pensiya alır. Əgər il ərzində pensiyaya çıxan şəxslərin fərdi hesablarında toplanmış vəsait çox olarsa, bu, orta göstəricinin yüksəlməsinə şərait yaradar”.

X.Kərimli vurğulayıb ki, dövlət tərəfindən pensiyaların artırılması isə qanunvericiliyə uyğun olaraq ildə bir dəfə həyata keçirilir:

“Dövlət pensiyaları hər ilin əvvəlində avtomatik qaydada indeksləşdirilir. İndeksasiya əvvəlki ildə muzdla çalışan işçilərin orta aylıq əmək haqqının artım faizinə əsasən aparılır. Məsələn, 2027-ci ilin yanvarında pensiyalar 2026-cı ildə orta aylıq əmək haqqının artım faizinə uyğun artırılacaq”.
İqtisadçının fikrincə, hazırkı şəraitdə ilin sonunadək dövlət tərəfindən pensiyaların növbəti dəfə artırılması gözlənilmir:

“Hazırda 2026-cı il ərzində dövlətin pensiyaların artırılması ilə bağlı əlavə qərar qəbul edəcəyi gözlənilmir. Növbəti artım qanunvericiliyə uyğun olaraq 2027-ci ilin yanvarında indeksasiya mexanizmi əsasında həyata keçirilməlidir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*