“Rusiyanın yaxın gələcəkdə Polşaya qarşı genişmiqyaslı və açıq hərbi hücuma başlaması hazırkı şəraitdə yüksək ehtimallı görünmür. Polşa NATO üzvüdür və onun ərazisinə hücum Alyansın kollektiv müdafiə prinsipini işə sala bilər. Bu isə Rusiyanın yalnız Polşa ilə deyil, ABŞ başda olmaqla bütün NATO ilə birbaşa qarşıdurmaya girməsi deməkdir”.
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib:

“NATO son illərdə Polşada və bütövlükdə şərq cinahında hərbi mövcudluğunu, hava hücumundan müdafiə imkanlarını və çoxmillətli döyüş qruplarını gücləndirib. Buna görə Moskva üçün Polşaya qarşı klassik hərbi əməliyyatın siyasi və hərbi qiyməti son dərəcə ağırdır. Bununla belə, Rusiya NATO təhlükəsizliyi üçün əsas və uzunmüddətli təhdid olaraq qalır və Ukrayna müharibəsinin nəticələri gələcək riskin səviyyəsinə birbaşa təsir göstərəcək”.
Politoloq qeyd edir ki, daha real təhlükə genişmiqyaslı işğaldan çox, Polşanın və NATO-nun reaksiyasını yoxlamağa hesablanmış məhdud hərbi təxribatlar, hava məkanının pozulması, pilotsuz uçuş aparatları, sərhəd insidentləri, kiberhücumlar, sabotaj və kritik infrastruktura müdaxilə cəhdləridir.
“Son qiymətləndirmələrdə Baltik ölkələri və Polşa məhz belə məhdud və hibrid ssenarilərin mümkünlüyünə diqqət çəkirlər. Moskva NATO daxilində siyasi fikir ayrılığı və ya kollektiv cavab iradəsinin zəiflədiyini hiss edərsə, risk daha da arta bilər. Deməli, yaxın dövrdə Polşaya tammiqyaslı hücum ehtimalı aşağı olsa da, Rusiyanın gərginliyi artıran və NATO-nun sərhədlərini sınaqdan keçirən addımlar atması riski realdır. Bu səbəbdən Varşavanın sürətlə silahlanması və NATO qüvvələrinin şərq cinahında gücləndirilməsi yalnız ehtiyat tədbiri deyil, mümkün təxribatların qarşısını almağa yönəlmiş çəkindirmə siyasətidir”.
Aynurə İsmayıl
KONKRET.az
