İctimai nəqliyyatın gecikməsi və ya ümumiyyətlə reysə çıxmaması səbəbindən sərnişinlərin vaxt itkisi yaşaması, işə gecikməsi və əlavə xərclərlə üzləşməsi halları tez-tez müzakirə olunur.
Bəs belə vəziyyətlərdə vətəndaşlar daşıyıcı şirkətlərdən təzminat tələb edə bilərlərmi? Mövcud qanunvericilik buna hansı imkanları yaradır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən hər bir vətəndaş öz hüquqlarının pozulduğunu hesab etdiyi halda məhkəməyə müraciət etmək hüququna malikdir.

Onun sözlərinə görə, ictimai nəqliyyatın gecikməsi və ya reysə çıxmaması ilə bağlı iddiaların məhkəmə perspektivi olsa da, bu cür işlərin sübut edilməsi və nəticə əldə olunması kifayət qədər çətindir:
“Konstitusiyada və mülki qanunvericilikdə hər bir şəxsin məhkəməyə müraciət etmək hüququ təsbit olunub. Vətəndaş düşünürsə, onun hüquqları pozulub, istənilən səbəbdən məhkəməyə müraciət edə bilər. Lakin burada əsas məsələ iddianın nə dərəcədə perspektivli olmasıdır. Bu tip işlərdə məhkəmə perspektivi bir qədər mürəkkəb görünür”.
Hüquqşünas qeyd edib ki, ilk növbədə gecikmənin səbəbləri araşdırılmalıdır:
“Avtobusun gecikməsi müxtəlif amillərlə bağlı olacaq. Məsələn, yollardakı sıxlıq, qəza, hava şəraiti və ya digər obyektiv səbəblər buna təsir göstərə bilər. Buna görə də təkcə avtobusun müəyyən edilmiş vaxtda dayanacaqda olmaması əsasında təzminat tələbinin təmin ediləcəyini demək çətindir”.
Toğrul Məmmədovun sözlərinə görə, əgər vətəndaş avtobusun qrafikə uyğun gəlməməsi nəticəsində maddi və ya digər zərərə məruz qaldığını iddia edirsə, məhkəmə həmin gecikmənin səbəblərini və daşıyıcının məsuliyyət daşıyıb-daşımadığını araşdırmalıdır:
“Vətəndaş iddia edə bilər ki, nəqliyyat vasitəsi müəyyən edilmiş saatda dayanacaqda olmalı əvəzinə, dayanacağa gəlməyib və nəticədə onun işləri pozulub. Ancaq burada əsas məsələ gecikmənin hansı səbəbdən baş verməsidir. Əgər gecikmə daşıyıcının iradəsindən kənar səbəblərlə bağlıdırsa, marşrut sahibi və ya daşıyıcı məsuliyyətdən azad oluna bilər.
Bütün bu məqamlar araşdırıldıqdan sonra məhkəmə müvafiq qərar verə bilər”.
Hüquqşünas əlavə edib ki, indiyədək bu tip iddialarla bağlı geniş məhkəmə təcrübəsi formalaşmayıb və hər bir iş konkret halların araşdırılması əsasında qiymətləndirilə bilər.
Aynurə İsmayıl
KONKRET.az
