Donuzların üsyanı – Bu şəhərdə polislər məhz buna görə yaranıbbackend

Donuzların üsyanı - Bu şəhərdə polislər məhz buna görə yaranıb 

“Bu gün velosipedlə Şimali Bronksda yerləşən iş yerimə gedirdim. Marşrutum Mərkəzi Parkın qərb kənarı boyunca uzanırdı. Elə bu vaxt ağacdan düşən bir palıd qozası çiynimə dəyib məni ağrıtdı. Sonra Harlem məhəlləsindən keçərək Adam Kleyton Pauell küçəsi ilə irəlilədim. 145-ci küçəyə dönüb Madison dairəsi körpüsü ilə Bronksa keçdim. Qarşıda məni möhtəşəm Qrand Konkorse prospekti gözləyirdi. Oradan isə xoşagəlməz İst Tremont prospektinə çıxdım. Bu küçə boyunca salınmış velosiped zolağından, əsasən, avtomobillərin park edilməsi üçün istifadə olunur. Nəhayət, Moris prospektinə döndüm.

Daha bir neçə mil yol getdikdən sonra gəlib Abram Yakobi xəstəxanasına və Yeşiva Universitetinin nəzdindəki Albert Eynşteyn Tibb Məktəbinə çatdım.

Abram Yakobi haqqında nə vaxtsa ayrıca yazaram. Güclü şəxsiyyət olub, heç də Eynşteyndən geri qalmayıb. Üstəlik, özünə elə bir həyat yoldaşı seçib ki, adamın ona yalnız həsəd aparası gəlir. Amma bu gün söhbət zibil haqqındadır.

  • Bəlkə, sadəcə, bəxtim gətirib, bəlkə də, şəhərdə zibillə mübarizə üçün görülən yeni tədbirlər nəhayət nəticə verməyə başlayıb. Hər halda, bu gün yol boyu rastlaşdığım mənzərə məni təəccübləndirdi. Qara zibil torbaları, onlardan axan iyrənc maye, qırılmış butulkalar, yemək qalıqları və şəhər həyatının digər xoşagəlməz izləri gözə dəymirdi.

 

Əminəm ki, mən zibil yığan maşınların arxasınca getmirdim. Bunu qoxudan dərhal anlamaq olardı.

Dünən Nyu-York ştatının qubernatorunu milli qvardiyanı səfərbər etməyə məcbur edən “Həkimlər” və ya “Anatomiya” iğtişaşları haqqında yazmışdım. Həmin hadisələrin nəticələrindən biri də həkimlərin lisenziyalaşdırılması sisteminin yaranması oldu.

O vaxt nizami ordu hələ formalaşmaqda idi. Şəhərdə kiçik bir hərbi qarnizon vardı və onun qəzəbli kütlə qarşısında dayanmaq şansı yox idi. Hətta kütlə ilə milli qvardiya arasında baş verən toqquşma da heç-heçə ilə nəticələnmişdi. Bir sözlə, Nyu-Yorka polis lazım idi. Və bilirsinizmi, polis şəhərdə məhz zibilə görə meydana çıxdı. Bir sözlə, Nyu-Yorkda polis donuzlara görə yarandı. Tam ciddi deyirəm.

Nyu-Yorkun donuzlarla qədim dostluğu

Nyu-York həmişə donuzlara xüsusi münasibəti ilə seçilib. Ən azı, Nyu-York limanındakı üç ada bu sevimli heyvanların adını daşıyıb. Onların ən böyüyü, hazırda Ruzvelt adası adlanan ərazi hollandiyalı məskunlaşanların dövründən Ruzvelt sülaləsinin şərəfinə adlandırılana qədər “Donuz adası” adlanırdı.

1810-cu ildə şəhərdə təxminən 100 min nəfər əhali və 20 min donuz qeydə alınmışdı. Bu nisbət təxminən indiki Nyu-Yorkdakı əhali ilə avtomobillərin say nisbətinə bənzəyirdi.

  • Donuzlar çox vaxt evlərdə saxlanılırdı. Bu, şəhər sakinlərinə soyuq havalarda isinməyə, ağır günlərdə isə ailələrini yedirtməyə kömək edirdi.

 

Səhərlər donuzlar küçələrə çıxır, məhəllələrdə dolaşır və üzvi tullantıların bir hissəsini yeyərək ərazini təmizləyirdilər. Həmin tullantılar evlərin pəncərələrindən birbaşa küçəyə atılırdı. Bir qədər zəhmət çəkməyə həvəsi olanlar isə onları xüsusi çirkab quyularına tökürdülər.

Tullantı o qədər çox idi ki, günortaya yaxın donuzlar doyur, darıxmağa başlayır və özlərinə əyləncə axtarırdılar.

Dəstə-dəstə gəzən bu heyvanlar uşaqları dişləyə, meyxana qarşısında sərxoşlarla dalaşa, gözəl paltar geyinmiş qadınları palçığa bulaşdıra bilirdilər. Üstəlik, insanların gözü qarşısında cütləşir, nəcis ifraz edir və şəhər həyatına özünəməxsus rəng qatırdılar. İctimai əxlaqın keşiyində dayanan, onun pozulmasından narahat olan şəhər rəhbərləri isə bu mənzərələrdən heç də məmnun deyildilər.

Axşam düşəndə, doyub küçələri gəzib-dolaşdıqdan sonra donuzlar evlərinə qayıdırdılar”.

Bu fikirlərin müəllifi 1842-ci ildə Nyu-Yorka səfər edən məşhur ingilis yazıçısı Çarlz Dikkens gördüklərindən heyrətə gəlmişdi.

O daha sonra azırdı:

“Hər bir donuz harada yaşadığını bilir və ona yolu göstərməyə ehtiyac yoxdur. Axşam düşəndə donuz sürüləri evlərinə qayıdır, yolları boyunca rastlarına çıxan hər şeyi yeməyə davam edirlər”.

Dikkensin başqa bir fikri də diqqətəlayiqdir. Siyasi həssaslığı olan oxucular üçün əvvəlcədən qeyd edim ki, 1842-ci ilin mətnində “respublikaçı” sözü indiki siyasi mənada işlədilmir. Burada azad, heç kimdən asılı olmayan şəxs nəzərdə tutulur.

Dikkens donuz haqqında belə yazırdı:

  • “Onun həyat tərzi narahat, macəralarla dolu və centlmen həyatına bənzəyir. Bir qədər də bizim klubların daimi müştərilərinin həyatını xatırladır… O, hər mənada respublikaçı donuzdur: istədiyi yerdə gəzir, istənilən cəmiyyətə qarışır və hamı ilə bərabər, hətta bəzən üstün mövqedə davranır. Çünki o görünən kimi hər kəs kənara çəkilir”.

 

Deyəsən, Dikkens XIX əsrin Nyu-Yorkunda təkcə donuzları deyil, insanları da çox yaxşı müşahidə edib.

 

Donuzlara qarşı müharibə

Dikkens Nyu-Yorka gələndə şəhərdə donuzlara qarşı mübarizə artıq uzun illər idi ki, davam edirdi.

Hətta xüsusi “donuz konsteblləri” vəzifəsi də yaradılmışdı. Onlar reydlər keçirir, küçələrdə sərbəst gəzən donuzları tutaraq daşına bilən qəfəslərə salır və şəhərdən kənara çıxarırdılar.

Təbii ki, bu, donuz sahiblərinin heç də xoşuna gəlmirdi. Həbs edilmiş donuzları azad etmək üçün yoxsul məhəllələrin sakinləri konstebllərə hücum edirdilər. Maraqlıdır ki, insanların mübarizəsinə həbs olunmaq istəməyən donuzların özləri də qoşulurdular. Donuzlar, ümumiyyətlə, son dərəcə ağıllı heyvanlardır.

  • 1810–1845-ci illər arasında bir neçə dəfə “donuz üsyanları” baş verdi. Adətən isə hakimiyyət qüvvələri yoxsulların və onların donuzlarının birləşmiş ordusu qarşısında geri çəkilməli olurdular.

Nəhayət, şəhər rəhbərliyi donuz probleminin öhdəsindən gəlməyin mümkünsüzlüyünü anlayaraq polis təşkil etmək qərarına gəldi.

Nyu-York polisi 1845-ci ildən fəaliyyət göstərir. Təşkilatın şüarlarından biri də “1845-ci ildən Nyu-Yorku qoruyuruq” ifadəsidir.

Polisin ilk böyük əməliyyatlarından biri isə donuzların şəhərdən qovulması oldu.

  • 1849-cu ildə şəhərdə baş verən və minlərlə insanın ölümünə səbəb olan vəba epidemiyasının yayılmasında donuzlar günahlandırıldı.

 

Burada terminoloji qarışıqlıq və mikrobiologiya haqqında biliklərin yoxluğu mühüm rol oynayırdı. Əslində, donuz vəbası virus mənşəli xəstəlikdir və insanlara yoluxmur. Lakin XIX əsr Nyu-York sakinləri üçün “vəba” sözü ölüm və fəlakət demək idi. Xəstəliyin donuz vəbası, yoxsa başqa bir xəstəlik adlandırılması isə onları elə də maraqlandırmırdı.

Beləliklə, yüzlərlə polis səhər tezdən yoxsul məhəllələri mühasirəyə aldı. Şəhər sakinlərinin ümidsiz müqavimətinə baxmayaraq, minlərlə donuz tutuldu və indiki 50-ci küçələr ərazisində yerləşən fermalara aparıldı.

Bu gün Manhettenin mərkəzi hissəsi olan Midtaun həmin dövrdə “Donuz rayonu” və ya sadəcə “Donuz damı” adlandırılırdı.

Donuzlar getdi, zibil qaldı

Lakin artıq 1859-cu ildə aydın oldu ki, şəhər rəhbərliyi Nyu-Yorkun və əhalisinin artım sürətini düzgün qiymətləndirməyib.

Donuzların saxlanıldığı yerlərin yaxınlığında insanlar məskunlaşmağa başlamış, Mərkəzi Parkın salınması layihəsi gündəmə gəlmişdi.

Beləliklə, donuzlara qarşı müharibənin son mərhələsi başladı.

Ənənəyə uyğun olaraq, bu mərhələ də itkisiz ötüşmədi: qarşıdurmalar baş verdi, hər iki tərəfdən zərər çəkənlər oldu, donuz sahibləri və heyvanlar inadla müqavimət göstərdilər. Lakin sonda donuzlar şəhərdən birdəfəlik qovuldular.

 

Ən maraqlısı isə bundan sonra baş verdi.

Şəhər rəhbərliyi donuzlardan qurtulduqdan sonra onların əslində nə qədər böyük iş gördüklərini anladı. İllərlə küçələrə atılan üzvi tullantıların bir hissəsini donuzlar yeyir, bununla da şəhərin təmizliyinə müəyyən töhfə verirdilər.

Donuzlar yoxa çıxandan sonra isə tullantılar şəhərdə qalmaqda davam etdi. Nəticədə növbəti böhran yarandı və Nyu-Yorkda şəhər tullantılarının yığılmasına cavabdeh xüsusi vəzifə təsis edildi.

Beləliklə, donuzlar təkcə Nyu-Yorkda polisin yaranmasına deyil, həm də mərkəzləşdirilmiş zibil yığımı sisteminin formalaşmasına öz töhfələrini verdilər.

Bəzən tarixdə ən ciddi dövlət institutlarının yaranmasının arxasında belə gözlənilməz səbəblər dayanır.

Nyu-Yorkda polis və mütəşəkkil şəhər təmizliyi sisteminin formalaşması da bunun maraqlı nümunəsidir.

Hazırladı: Ağagül Mürsəlov,

KONKRET.az

Müəllif: Yevgeni Pinelis 

P.S.Dikkensdən gətirdiyim sitatları özüm tərcümə etmişəm, ona görə də xırda qeyri-dəqiqliklərə görə məni qınamayın. Onun “Amerika qeydləri” kitabını oxumağı çox tövsiyə edirəm. Dikkens bizim Mark Tven qədər kəskin dilli, istehzalı və müşahidəçi yazıçı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*