Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının iştirakı ilə Qarabağın incisi, qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı virtual görüş keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən KONKRET.az-a verilən xəbərə görə, xaricdəki Azərbaycan evlərinin, Koordinasiya Şuralarının, Qarabağ məktəblərinin təmsilçiləri, diaspor üzvləri əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı bugünkü tarixi çıxışına yenidən birlikdə tamaşa ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımızı bu misilsiz qələbə münasibətilə təbrik edib və qeyd edib ki, “Bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsi, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi qələbəsidir. Mən Ali Baş Komandana sizin hər birinizin təşəkkürünü çatdırıram”.
