Dünya azərbaycanlılarının həmrəyliyi niyə strateji əhəmiyyət daşıyır? – MÜHÜM MƏQAMLARbackend

Dünya azərbaycanlılarının həmrəyliyi niyə strateji əhəmiyyət daşıyır? - MÜHÜM MƏQAMLAR

Azərbaycanın tərəqqisi naminə ölkədən kənarda yaşayan həmvətənlərimizin həmrəyliyində diaspor quruculuğu və lobbiçilik institutunun inkişafı vacib faktorlardandır. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mədəniyyətimizi, mənəvi dəyərlərimizi qorumaq, azərbaycançılıq ideologiyasını layiqincə təbliğ və təmsil etmək üçün daim səy göstərməlidir. Ölkənin xarici siyasətində diaspor və lobbiçiliyin inkişafı, həmçinin münaqişələrin həllində də ciddi əhəmiyyətə malikdir.

Hazırda əcnəbi ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif təşkilatlar yaradır, ölkə həqiqətlərini dünyaya çatdırır və dövlətə dəstək nümayiş etdirirlər. Nailiyyətlərin, uğurların, qələbələrin, zəfərin əldə edilməsində məhz diaspor quruculuğunun, lobbiçiliyin, həmrəyliyin böyük rolu olduğuna zərrə qədər də şübhə yoxdur. Birliyin, dünya azərbaycanlılarının həmrəyliyinin xalqımız üçün, bütövlükdə Azərbaycan üçün xüsusilə önəmli olması fonunda diasporların fəaliyyətinin nə dərəcədə əhəmiyyətli olduğu artıq bəllidir. Diasporların fəaliyyətinin, lobbiçiliyin məhz milli birliyə, həmrəyliyə xidmət etməsi də bir daha təsdiq edir ki, diaspor quruculuğu və lobbiçilik olduqca vacibdir.

Millətin dövlətin bir amal ətrafında birləşməsi və diaspor quruculuğu sahəsində ümummilli lider Heydər Əliyev əvəzolunmaz işlər görmüşdür. Ulu öndərin gördüyü işlər sayəsində dünyada olan bütün azərbaycanlıların birliyi, həmrəyliyi təmin olundu. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Hazırda diasporla iş sahəsində dövlət siyasəti yeni mərhələdə həyata keçirilir. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirən dövlət başçısı İlham Əliyev diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini vacib sayır. Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif ölkələrin ictimai, siyasi və dövlət xadimləri, elm adamları, eləcə də KİV-ləri ilə əlaqələrin qurulması yönündə böyük işlər görülüb.

Qloballaşan dünyada dövlətlərin beynəlxalq nüfuzunun formalaşmasında yalnız rəsmi diplomatiya deyil, həm də xaricdə yaşayan soydaşların fəaliyyəti mühüm rol oynayır. Bu baxımdan diaspor quruculuğu, lobbiçilik imkanlarının genişləndirilməsi və dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsi Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə müdafiəsi üçün strateji əhəmiyyət daşıyır. Son illər müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində mühüm addımlar atılsa da, bu sahədə görüləcək işlərin hələ də kifayət qədər olduğu bildirilir. Bəs diaspor fəaliyyətinin daha effektiv təşkili və lobbiçilik imkanlarının artırılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, müasir dövrdə diaspor fəaliyyəti dövlətlərin xarici siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib:

Zeynal Əmrəliyev: "Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə  qarşı olan maddələr götürüldükdən sonra problem qalmır"

“Azərbaycanın müxtəlif ölkələrdə kifayət qədər geniş diaspor potensialı mövcuddur. Bu potensialın düzgün istiqamətləndirilməsi, vahid məqsəd ətrafında birləşdirilməsi və koordinasiyalı fəaliyyət göstərməsi ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə ciddi töhfə verə bilər. Xüsusilə informasiya müharibələrinin intensivləşdiyi indiki şəraitdə diaspor təşkilatlarının fəaliyyəti daha da aktuallaşır”.

Politoloqun sözlərinə görə, lobbiçilik fəaliyyətinin uğurlu olması üçün yalnız say üstünlüyü kifayət etmir:

“Lobbiçilik uzunmüddətli və sistemli fəaliyyət tələb edən sahədir. Bunun üçün yaşanılan ölkələrin siyasi institutları ilə əlaqələrin qurulması, yerli ictimai rəyə təsir imkanlarının artırılması və peşəkar kadrların yetişdirilməsi vacibdir. Azərbaycan diasporu bu istiqamətdə fəaliyyətini daha da genişləndirməlidir”.

  1. Əmrəliyev qeyd edib ki, dünya azərbaycanlılarının həmrəyliyi məsələsi də xüsusi önəm daşıyır:

“Fərqli ölkələrdə yaşayan azərbaycanlıların milli məsələlərdə vahid mövqedən çıxış etməsi olduqca vacibdir. Dünya azərbaycanlılarının həmrəyliyi yalnız mədəni və mənəvi bağların qorunmasına deyil, eyni zamanda Azərbaycanın beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə xidmət edir”.

Ekspert hesab edir ki, diaspor təşkilatlarının fəaliyyətində gənclərin iştirakının artırılması da prioritet istiqamətlərdən biri olmalıdır:

“Yeni nəslin diaspor fəaliyyətinə cəlb olunması gələcək üçün mühüm investisiyadır. Xaricdə təhsil alan və yaşayan azərbaycanlı gənclər həm ölkəmizin tanıdılması, həm də milli maraqların müdafiəsi baxımından əhəmiyyətli resurs hesab olunur”.

Politoloq vurğulayıb ki, diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində görülən işlərin davamlı xarakter daşıması Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edəcək.

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusuna uyğun olaraq dərc edilir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*