Göyərtəsində hantavirus infeksiyası qeydə alınan “MV Hondius” kruiz laynerinin Rotterdam limanına yan alması gözlənilir. Niderland hakimiyyəti artıq gəmidə qalan ekipaj üzvləri və tibb işçiləri üçün karantin tədbirləri tətbiq edib.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, hazırda gəmidə 25 ekipaj üzvü və iki tibb işçisi karantində saxlanılır.
Niderland vətəndaşı olmayan bəzi dənizçilər üçün xüsusi karantin mərkəzləri hazırlanıb. Bununla belə, onların 42 günlük karantin müddətini tam şəkildə həmin mərkəzlərdə keçirib-keçirməyəcəyi məlum deyil.
Laynerin Rotterdam limanına gəlişi Niderland sakinləri arasında müəyyən narahatlıq yaradıb. Bəzi vətəndaşlar sərnişin və ekipaj üzvlərinin sahilə çıxdıqdan sonra karantin qaydalarına tam əməl edib-etməyəcəyindən narahat qalsalar da, yeni genişmiqyaslı pandemiya ehtimalını yüksək qiymətləndirmirlər.
Qeyd edək ki, 2 may tarixində “MV Hondius” marşrutun planlaşdırılan son dayanacağı olan Kabo-Verde yaxınlığında məcburi dayanmışdı. Həmin vaxt göyərtədə hantavirus yayılması səbəbindən yerli hakimiyyət sərnişinlərin sahilə çıxışına icazə verməmişdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
