“Düşünmürəm ki, Rusiya ictimaiyyəti hərbi əməliyyatlarda maraqlıdır” – MÜSAHİBƏbackend

"Düşünmürəm ki, Rusiya ictimaiyyəti hərbi əməliyyatlarda maraqlıdır" - MÜSAHİBƏ

“Azərbaycanın timsalında görünür ki, ölkəmizlə həmsərhəd olan Rusiya NATO ölkəsi olan Türkiyə ilə əməkdaşlıq edə bilir”

Rusiyanın Ukraynaya hücumu məsələsi dünyanın bir nömrəli mövzusuna çevrilib. Qərb dövlətlərinin nümayəndələri Münhen Təhlükəsizlik Konfransında bu məsələni artıq Rusiya böhranı adlandırdılar.

KONKRET.az xarici gündəmin əsas məsələsini politoloq Teymur Atayevlə müzakirə edir:

– “Rusiya böhranı” ifadəsinə münasibətiniz necədir?

– Mən bunu Rusiyanın deyil, bütün sivil dünyanın böhranı adlandırardım. Belə təəssürat yaranır ki, yaranmış vəziyyətin girovu Ukrayna və Rusiya xalqlarıdır. Mən bunu deməkdən çəkinmirəm. Axı hər gün hücumdan nə qədər danışmaq olar?! Bu, sadəcə, insanlara ən güclü psixoloji təsir vasitəsidir.

Bəzi ekspertlər Ukrayna Prezidenti Volodimir Zelenskinin konfrans iştirakçıları qarşısında çıxışını emosional və bir sıra ölkələrə “şillə vurmaq” kimi qiymətləndirir. Haqlıdırlarmı?

– Təbii ki, Ukrayna Prezidenti çox sərt və kəskin danışdı. O, ilk dəfə deyil ki, belə çıxış edir. Rusiyanın Ukraynaya hücum edəcəyi barədə Qərbdən təlaşlı xəbərlər yayılmağa başlayanda Zelenski aparıcı ölkələrdəki həmkarlarını dayandırmağa çalışdı. Məlum oldu ki, bu təlaşlı əhval-ruhiyyə fonunda Ukraynadan 12,5 milyard dollar çıxarılıb. Yəni kapital axını başladı. Sonra Ukrayna Milli Bankının ucuzlaşan qrivnanın məzənnəsini dəstəkləmək üçün ölkənin qızıl-valyuta ehtiyatlarından bir milyard yarım dollar xərcləməyə məcbur olduğu, dünya sığorta şirkətlərinin bizneslə işləməkdən çəkindikləri, Ukrayna ərazisinə təyyarələrin uçuşunun dayandırıldığı barədə xəbərlər yayıldı. Bundan sonra təyyarələrin uçuşlarını sığortalamaqdan imtina edən qlobal sığorta şirkətlərinin risklərini dəstəkləmək üçün 600 milyon dollar ayrıldı.

Əlbəttə, onun Münhen Təhlükəsizlik Konfransındakı çıxışını Ukraynaya bu ağır dönəmində hansısa şərtlər irəli sürən Qərb dövlətlərinə “şillə” adlandırmaq olar. Zelenski onlara başa saldı ki, silahlı yardım əslində təkcə kömək deyil, iqtisadi və maliyyə xarakterli şərtlərlə əlaqədardır.

Artıq bir neçə gündür Donbasdan mülki əhalinin Rusiyaya təxliyəsi prosesi başlayıb. Bu, nəyə işarədir? Müharibə başlayır, yoxsa Moskva öz soydaşlarını Rusiyada məskunlaşdırmaq niyyəti güdür?

– Məncə, təəccüblü hal yoxdur. Həmin ərazilərdən rus mənşəli əhali təxliyə edilir. Bundan öncə Polşa hökuməti Ukraynadan olan qaçqınları qəbul etməyə hazır olduğunu elan etdi. Söhbət Rusiyanın hücumunun gözlənildiyi təqdirdə ukraynalıların qaçqın durumuna düşməsi ehtimalından gedirdi. İndi  Moskva iddia edir ki, Kiyev Donbas ərazisinə hücum etməyə hazırlaşır. Ona görə də Rusiya  qaçqınları qəbul etməyə hazır olduğunu nəinki bəyan edir, həm də Kiyevdən hücum təhlükəsi gözlədiyini nümayiş etdirir.

ABŞ Prezidenti Co Bayden bildirib ki, Rusiyanın Ukraynaya hucum edəcəyi barədə kəşfiyyat məlumatlarına malikdirlər. Qərb dövlətləri və NATO Rusiyadan Ukrayna ilə sərhədyanı əraziyə topladığı 150 minlik qoşunu yığışdırmağı tələb edir. Və “əgər…” xəbərdarlığı davam etdirilir. Kreml isə bu xəbərdarlığı öz lehinə çevirməyə çalışır, “təlaş yaratmaq”, “feyk xəbər” yaymaq kimi qələmə verir. Kim haqlıdır?

– Bu həyəcanlı günlərdə hücumun gözlənildiyi “dəqiq” məlumat və tarixin irəli sürülməsi faktı ilə dəfələrlə rastlaşdıq. Onların arasında çox ciddi və sanballı strukturlar, hətta “Bloomberg” kimi informasiya  agentliyi də vardı. Sonra üzr istəməli oldu. Bundan başqa, NATO və digər dövlətlər Rusiyaya müraciət edərək,  qoşunlarını Ukrayna ilə sərhədyanı ərazilərdən çıxarmağa çağırıblar. Moskva Belarusla birgə təlimlərdən sonra onların geri çəkiləcəyini bildirib. Bəzi KİV-lər onların geri çəkildiyini yazır, digərləri əksini iddia edir. Təəssüf ki, dəqiq məlumat tapmaq mümkün deyil.

Nəyə görə Rusiya ictimaiyyətiı öz ölkəsinin Ukrayna ilə müharibəyə çəkilməsinə kəskin etiraz etmir? Axı bu, böyük fəlakətə səbəb ola bilər…

– Mən əminliklə deməzdim ki, Rusiya ictimaiyyəti hərbi əməliyyatlara qarşı çıxmır. Bundan başqa, hər şey medianın Rusiyada baş verənləri necə qələmə verməsindən asılıdır. Düşünmürəm ki, Rusiya ictimaiyyəti, hər halda, əksəriyyət bu hərbi əməliyyatlarda maraqlıdır. Xüsusilə də Ukrayna ictimaiyyəti…

Söhbət Ukrayna ictimaiyyətindən getmir. Ukrayna haqlı və ədalətli olaraq torpaqlarının işğaldan azad edilməsini, beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün bərpa edilməsini tələb edir.  Yeri gəlmişkən, biz danışarkən, sosial şəbəkələrdə Rusiyada bir qrup ictimai fəalın fərdi aksiyalara çıxması barədə məlumatlar yayıldı. Onlar Ukrayna ilə müharibəyə qarşı olduqları barədə plakatlar nümayiş etdiriblər.

– Axı müharibənin kimə və nəyə faydası var? Müharibə – faciədir. Gəlin hər şeyi öz adı ilə çağıraq. Ukrayna ilə Rusiya arasında müharibənin olması qardaş qırğını deməkdir. İndi kimin lehinə, kimin isə əleyhinə olduğunu mühakimə etmək bizim üçün çətindir.

Bəs Moskvanın “qonşuluğumda NATO-ya daxil olan dövlət istəmirəm” bəhanəsi nə dərəcədə doğrudur? Yaxçı ki, Azərbaycan beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edib. Hərçənd ermənilər və havadarları bəzi təxribatları ilə əsəblərimizə toxunmağa çalışırlar. Amma Gürcüstan, Moldova, Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü pozan, torpaqlarını işğal edən dövlətin NATO bəhanəsini irəli sürməyə haqqı varmı?

– Mən bu məsələni başqa rakursdan dəyərləndirməyə çalışacağam. Gəlin, Azərbaycan nümunəsinə nəzər salaq. Erməni işğalından azad edilmiş Şuşa şəhərində Azərbaycan və NATO ölkəsi olan Türkiyə arasında Şuşa bəyannaməsi imzalandı. Bu yaxınlarda hər iki ölkənin parlamentləri həmin bıyannaməni təsdiqlədi.

Həmin sənəddə Rusiyada da diqqətlə oxunan çox ciddi müddəalar var. Amma Moskva bu razılaşmaya, həm də Türkiyənin Azərbaycanda siyasi, iqtisadi və hərbi mövcudluğu faktına kifayət qədər sakit reaksiya verdi. Rusiya rəhbərliyi dəfələrlə bildirib ki, beynəlxalq fəaliyyət Azərbaycanın daxili işidir. Əsas odur ki, üçüncü qüvvələrə qarşı yönəlməsin. Diqqət edin: Azərbaycan da Rusiya ilə həmsərhəddir. Amma NATO ölkəsi olan Türkiyə ölkəmizdə Rusiya ilə eyni monitorinq qrupundadır.

Mənə elə gəlir ki, söhbət Rusiya ilə ABŞ arasında güclü geosiyasi mübarizədən gedir. Onlar bəzi məsələlərdə razılığa gələ bilmir. Ukrayna isə, təəssüflər olsun ki, bu məsələnin episentrində yerləşir. Çünki məsələ NATO-nun genişlənməməsi təminatından getmir. Bu təminatı bu gün vermək olar, sabah isə başqa təminatdan danışmaq olar.

Azərbaycanın timsalında görünür ki, Rusiya NATO ölkəsi olan Türkiyə ilə əməkdaşlıq edə bilir. Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Türkiyə və Rusiyanın Azərbaycanda olması sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Düşünürəm ki, Azərbaycan liderinin Moskvaya rəsmi səfərindən sonra bununla bağlı daha çox şey öyrənəcəyik. Təsadüfi deyil ki, Türkiyə səy göstərir və Ukrayna ilə Rusiya arasında birbaşa danışıqların aparılması naminə İstanbul platformasını təklif edir. Tərəflər razılaşa bilər, amma bu tərəflər Rusiya və Ukrayna deyil. Bu, geosiyasi mübarizədir. ABŞ və Rusiya arasında gedir.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*