Rusiyada hərbi vəziyyət elan edilə bilər.
KONKRET.az xəbər verir ki, “Verstka” nəşrinin federal və regional hökumət orqanları, Dövlət Duması və Kremlə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, Rusiya rəsmiləri sentyabr ayına planlaşdırılan Dövlət Duması seçkilərindən sonra ölkədə hərbi vəziyyətin tətbiq edilməsi ehtimalını nəzərdən keçirirlər.
Bildirilir ki, bəzi təhlükəsizlik rəsmiləri hakimiyyətin mövcud yanaşmadan imtina etməli və ölkəni müharibə vəziyyətinə keçirməli olduğuna inanaraq hərbi vəziyyətə keçidi dəstəkləyirlər.
Qeyd edək ki, Rusiya qanunvericiliyinə görə, hərbi vəziyyət prezident fərmanı ilə tətbiq edilir.
Siyasi şərhçi Azər Qasımov Bakupost.az-a bildirib ki, Rusiyanın Ukraynada düşdüyü çətin hərbi vəziyyət ordunun sayını artırmağı labüd edir:
“Bu fonda bir müddətdir ki, Rusiyada hərbi vəziyyətin elan edilməsi vacibliyindən danışılır. Bəziləri düşünür ki, artıq bunun zamanı gəlib. Rusiya ordusunu 2,5 milyondan çox əsgərə çatdırmağı planlaşdırır. Bu, indiki ordu sayından əlavə doqquz yüz min hərbçi deməkdir. Rusiya ordusu onsuz da könüllülər hesabına hər ay 30-40 min civarında artır. Amma bunların əksəriyyəti muzdlu əsgərlər idi və əksəriyyəti də Ukrayna cəbhəsinə göndərilənlərdir. Maddi çətinlik çəkən Rusiya indi hərbi çağırış ilə pullu əsgər problemini də həll etmək istəyir”.
Amma ekspert Rusiyada hərbi vəziyyətin elan ediləcəyini istisna edir:
“Bu ehtimal çox azdır. Müəyyən qadağalar tətbiq edilə bilər. Hansı ki, bəziləri artıq tətbiq edilir. Hərbi vəziyyətin elan edilməsi üçün mövcud vəziyyət yetişməyib”.
Müsahibin sözlərinə görə, daxili narazılıq artdığı təqdirdə, hərbi vəziyyət tətbiq edilə bilər:
“Rusiya ordunun sayını artırmaqla Ukraynada qarşıya qoyduğu planlarına çatmaq istəyir. Bu addımın nəticə verəcəyi ehtimal edilsə də, aydın məsələdir ki, o Rusiyaya kütləvi ölümlər hesabına başa gələcək. Bu isə daxili narazılığı artıra bilər. Belə olan halda Kreml hərbi vəziyyətin tətbiqinə keçə bilər. Hələliksə, belə bir ehtimal istisnadır”.
