Elm tarixinin ən böyük saxtakarlıqlarından biri: Şerlok Holmsun müəllifi də şübhəlilər arasında idibackend

Elm tarixinin ən böyük saxtakarlıqlarından biri: Şerlok Holmsun müəllifi də şübhəlilər arasında idi

21 noyabr 1953-cü ildə elm tarixinin ən böyük saxtakarlıqlarından biri ifşa olundu. Məlum oldu ki, 1912-ci ildə İngiltərənin Piltdaun kəndi yaxınlığında tapılan qalıqlar meymunla insan arasında keçid halqası deyil. Onlar insan kəlləsinin fraqmentləri ilə oranqutanın çənə sümüyündən yığılmış saxta tapıntı idi. Lakin bu hadisənin ən maraqlı tərəfi başqa bir məqamla bağlıdır: saxtakarlığın müəllifləri sırasında Şerlok Holms obrazının yaradıcısı, məşhur yazıçı ser Artur Konan Doyl da ciddi şəkildə şübhəli bilinirdi.

Saxta kəşfin müəllifi kimi ilk növbədə arxeoloq Çarlz Dosonun adı çəkilirdi. O, 1912-ci ilin fevralında Britaniya Muzeyinə müraciət edərək Piltdaun yaxınlığındakı çınqıl karxanasında insanabənzər varlığın kəlləsini tapdığını bildirmişdi. Alim Artur Smit Vudvard da tapıntıların həqiqiliyini təsdiqləmişdi. Yeni növ «Eoanthropus dawsoni» — “Dosonun şəfəq adamı” adlandırılmışdı.

Piltdaun tapıntısı qısa müddətdə bütün dünyada böyük maraq doğurdu. Bu kəşf antropologiyanın ən mühüm nailiyyətlərindən biri kimi dərsliklərə daxil edildi və təxminən 40 il ərzində insanın mənşəyi ilə bağlı elmi təsəvvürlərə ciddi təsir göstərdi.

Lakin 1953-cü ildə qalıqlar yenidən tədqiq ediləndə həqiqət üzə çıxdı. Məlum oldu ki, çənə sümüyündəki dişlər əyə ilə yonularaq dəyişdirilib. Sonrakı analizlər isə Piltdaun adamının heç də qədim insan növü olmadığını ortaya qoydu: çənə oranqutana məxsus idi, kəllə fraqmentləri isə müasir insana aid idi və onların bəzilərinin Orta əsrlərə qədər uzanan tarixə malik ola biləcəyi ehtimal edilirdi.

Araşdırma zamanı ilk şübhələr qazıntılarla əlaqəsi olan üç şəxsin üzərinə yönəldi: arxeoloq Çarlz Doson, Təbiət Tarixi Muzeyinin geologiya şöbəsinin müdiri Artur Smit Vudvard və fosil ovçusu Pyer Teyyar de Şarden. Lakin zaman keçdikcə şübhəlilərin dairəsi genişləndi. Bu siyahıya ser Artur Konan Doyl da daxil edildi.

Doylun şübhəli bilinməsi təsadüfi deyildi. O da Doson kimi qədim əşyalara böyük maraq göstərirdi. Ser Artur Piltdaun ərazisindən uzaqda yaşamırdı və şahidlərin sözlərinə görə, qazıntılarla yaxından maraqlanırdı. Bundan başqa, o, tibb təhsili almışdı və anatomiya ilə bağlı müəyyən biliklərə sahib idi. Dosonla münasibətlərinin gərgin olduğu da qeyd edilirdi.

Hətta bəzi tədqiqatçılar Doylun əsərlərində bu saxtakarlığa işarə ola biləcək məqamlar axtarırdılar. Məsələn, onun “İtirilmiş dünya” romanındakı qəhrəmanlardan biri belə deyir: “Əgər ağıllısınızsa və öz işinizi yaxşı bilirsinizsə, sümüyü də fotoşəkli saxtalaşdırdığınız qədər asanlıqla saxtalaşdıra bilərsiniz”.

Maraqlıdır ki, romanın yazıldığı dövr Piltdaun tapıntısının ortaya çıxdığı illərlə — 1911–1912-ci illərlə üst-üstə düşürdü. Bu təsadüf Doylun adı ətrafında yaranan şübhələri daha da artırmışdı.

Bununla belə, 2016-cı ildə aparılan elmi araşdırma saxtakarlığın ən ehtimal olunan müəllifi kimi Çarlz Dosonun üzərində dayandı. Beləliklə, uzun illər elm dünyasını çaşdıran Piltdaun adamı saxtakarlığının arxasında ən böyük ehtimalla məhz onun dayandığı qənaətinə gəlindi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*