Nyu-Yorklu Rut Şnayder sevgilisi, korset satıcısı Cudd Qreylə birlikdə öz əri, redaktor Albert Snayderi öldürməyi planlaşdırdı. Bu cinayətin arxasında Albertin xəbəri olmadan onun adına rəsmiləşdirilmiş 48 000 dollarlıq həyat sığortası dayanırdı. Polisin şərtlərinə görə, bədbəxt hadisə zamanı məbləğ iki dəfə artıq ödənilirdi.
1927-ci il martın 19-na keçən gecə sevgililər əvvəlcə Alberti xloroformla yuxuya verdilər, sonra məftillə boğdular. Ardınca cinayəti soyğunçuların hücumu kimi göstərmək üçün səhnə qurdular.
Lakin polis gələn kimi Rutun çaşqın ifadələri və evdə gizlədilmiş zinət əşyaları uydurma soyğunçular versiyasını tez dağıtdı.
Məhkəmə prosesində hər iki təqsirləndirilən günahı bir-birinin üstünə atmağa çalışdı. Buna baxmayaraq, məhkəmə onları birinci dərəcəli qətldə təqsirli bildi və ölüm cəzasına məhkum etdi.
1928-ci il yanvarın 12-də Rut Şnayder məşhur Sinq-Sinq həbsxanasının edam kamerasına gətirildi. Lakin həmin gecənin tarixə düşməsinin səbəbi təkcə edamın özü deyildi. O, jurnalistika tarixinin ən səs-küylü qalmaqallarından birinə çevrildi.
“New York Daily News” qəzeti həbsxana rəhbərliyinin qadağalarını aşmaq qərarına gəldi və Çikaqodan olan, həbsxana işçilərinə tanış olmayan fotoqraf Tom Hovardı gizlicə içəri saldı.
Hovard şahidlər arasında oturmuşdu, sağ topuğuna isə miniatür kamera bərkidilmişdi. Kameradan çıxan naqil şalvarın balağı boyunca keçir və cibdə gizlədilmiş düyməyə birləşirdi.
Rut Şnayderin bədənindən elektrik cərəyanı buraxılan ən dəhşətli anda fotoqraf şalvarının balağını azca qaldırdı və cibindəki düyməni basdı. Beləliklə, əlindəki yeganə şansdan istifadə edib tək bir kadr çəkə bildi.
Ertəsi gün “New York Daily News” fotoşəkli birinci səhifədə dərc etdi və üzərinə nəhəng başlıq yazdı: “DEAD!” (“ÖLÜDÜR!”).
Bu şəkil XX əsrin ən şok edici fotoqrafiyalarından biri kimi tarixə düşdü: elektrik stulunda edam anını əks etdirən gizli kadr.
Bu qalmaqaldan sonra Amerika həbsxanalarında edamlardan əvvəl şahidlərin yoxlanılması qaydaları xeyli sərtləşdirildi.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
