Qardaş ölkə Qazaxıstanda da son illər iqtisadi durğunluq hökm sürür. Ölkənin tanınmış analitikləri, iqtisadçı ekspertləri hesab edirlər ki, son bir neçə ildə Qazaxıstanda büdcə kəsiri, Milli Fonddan transfertlər, yeni vergi islahatları, ƏDV-nin artırılması, xərclərin azaldılması, sosial öhdəliklərə yenidən baxılması məsələsi ciddi narahatlıq doğurur.
Gəlin bir sıra ekspertlərin ümumiləşdirilmiş mövqeyinə nəzər salaq:
“Bir sözlə, hesab sadədir: pul azdırsa, ya xərcləri azaltmaq, ya da daha çox vəsait toplamaq lazımdır.
Amma başqa, kifayət qədər sadə bir sual var. Vergi ödəyicisinin cibinə daha dərindən girməzdən əvvəl dövlət öz cibini tam yoxlayıbmı?
Gəlin, ERG şirkətini nümunə götürək.
Qazaxıstan dünyanın ən böyük dağ-mədən və metallurgiya qruplarından biri olan ERG-də 40 faiz paya sahibdir. Maliyyə Nazirliyinin məlumatına görə, 2017–2023-cü illərdə ERG Qazaxıstan üçün təxminən 392 milyon dollar dividend elan edib. Bu məbləğin əhəmiyyətli hissəsi — təxminən 365 milyon dollar — beynəlxalq məhkəmə çəkişmələri səbəbindən uzun illər bloklanıb və yalnız 2025-ci ildə dövlətə köçürülüb. Formal baxımdan məsələ həll olunubmu? Tam yox.
Çünki söhbət təkcə həmin 365 milyon dollardan getmir. Əsas sual budur: belə bir biznesdə 40 faizlik paya sahib olan dövlətin dividend siyasəti ümumiyyətlə necə qurulmalıdır?
Bu illər ərzində ERG milyardlarla dollar gəlir əldə edib. İctimai fəalların səsləndirdiyi və NEGE nəşrində dərc olunan qiymətləndirmələrə görə, mənfəətin fərqli həcmdə bölüşdürülməsi halında dövlətin əldə edə biləcəyi pay bir neçə milyard dollarla ölçülə bilərdi.
Əlbəttə, burada bir məqamı dəqiqləşdirmək lazımdır: şirkətin ümumi mənfəətini götürüb 40 faizə vurmaq və alınan məbləği avtomatik olaraq “Qazaxıstanın şirkətdən alacağı borc” adlandırmaq olmaz. Dividendlər bu cür hesablanmır. Amma dövlətə tamamilə haqlı olaraq suallar ünvanlamaq mümkündür:
Strateji xammal sektorunda fəaliyyət göstərən belə bir şirkətdə 40 faiz paya malik olan dövlət niyə illər ərzində məhz bu həcmdə dividend əldə edib? Bu siyasəti kim və hansı maraqları əsas götürərək müəyyənləşdirib? Büdcənin ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi indiki dövrdə isə bu məsələ niyə ictimai müzakirələrin əsas mövzularından birinə çevrilmir?
Sıfır vergi dərəcəsi: dövlət nə qədər vəsaitdən imtina edib İkinci məsələ isə daha maraqlıdır. Söhbət faydalı qazıntıların hasilatına görə vergidən gedir.
Adi vətəndaşa vergi artırılmasını izah etmək çətin olduğu halda, böyük dağ-mədən sənayesində illərlə tamamilə qanuni şəkildə 0 faiz hasilat vergisi dərəcəsinin tətbiq olunduğunu izah etmək daha da çətindir. Bəli, söhbət sıfır faizdən gedir.
Məsələn, ERG-yə daxil olan müəssisələr, o cümlədən “Alüminium Qazaxıstan” şirkəti bir sıra yataqlar üzrə hasilat vergisinin sıfır dərəcəsindən yararlanıb. Bu güzəştlər hökumətin qərarları ilə rəsmiləşdirilib və aşağı rentabelli yataqların dəstəklənməsi məqsədi daşıyıb.
Üstəlik, bu mexanizmdən təkcə ERG istifadə etməyib. Belə siyasətin iqtisadi məntiqi var. Əgər yatağın işlənməsi həqiqətən rentabellik həddindədirsə, dövlət bəzən vergini azaltmaqla hasilatı və iş yerlərini qorumağa, digər vergi daxilolmalarını saxlamağa nail ola bilər. Əks halda, müəssisənin bağlanması həm istehsalın dayanmasına, həm də əlavə gəlir mənbələrinin itirilməsinə səbəb ola bilər. Bunu başa düşmək olar.
Amma onda gəlin, bütün hesabları birlikdə aparaq.
* Dövlət bu illər ərzində hasilat vergisindən nə qədər vəsait əldə etməyib?
* Hansı şirkətlər bu güzəştlərdən yararlanıb?
* Güzəştlər hansı müddətə verilib?
* Dövlət bunun müqabilində hansı iqtisadi nəticələri əldə edib?
* Nə qədər investisiya yatırılıb?
* Neçə yeni iş yeri yaradılıb?
* Ən əsası, hər bir konkret güzəşt özünü doğruldubmu?
Üstəlik, bu mexanizm gələcəkdə də qüvvədə qala bilər. Yeni Vergi Məcəlləsi müəyyən yeni aşağı rentabelli layihələr üçün hasilat vergisinin sıfır dərəcəsinin beş ilədək tətbiqinə imkan verir. Məhz burada ciddi sual yaranır.
Bir tərəfdən, dövlət vətəndaşlara və biznesə bildirir ki, büdcədə pul çatışmır. Buna görə də qənaət etmək, vergiləri artırmaq, güzəştlərə yenidən baxmaq və bəzi xərcləri azaltmaq lazım gələcək.
Digər tərəfdən isə biz hələ də dövlətin iri xammal şirkətlərindəki paylarını nə dərəcədə səmərəli idarə etdiyini və müxtəlif sahəvi güzəştlər vasitəsilə büdcənin nə qədər gəlirdən məhrum olduğunu lazımi səviyyədə, açıq şəkildə müzakirə etməmişik.
Mən ERG-ni, “Kazaxmıs”ı və ya başqa şirkətləri indi dərhal var-yoxdan çıxarmağa çağırmırıq. Böyük sənaye uzunmüddətli investisiyalara, modernləşməyə və aydın oyun qaydalarına ehtiyac duyur. Üstəlik, müəyyən stimullar olmadan bəzi mürəkkəb yataqların işlənməsinə heç kəs maraq göstərməyə bilər. Məsələ tamamilə başqadır.
Vergi ödəyicisinin cibinə əl uzatmazdan əvvəl, bəlkə də dövlətin öz maliyyə imkanlarını tam şəkildə inventarlaşdırmaq lazım idi?
Dövlət şirkətlərinin və dövlətin pay sahibi olduğu müəssisələrin dividendləri, vergi güzəştləri, sıfır və azaldılmış vergi dərəcələri, dövlət aktivlərinin idarə edilməsinin səmərəliliyi, əldə olunmamış gəlirlər, iri xammal şirkətlərinin yerin təki sərvətlərindən hansı şərtlərlə istifadə etməsi…
Bütün bunlar ətraflı araşdırılmalı, ictimaiyyətə aydın hesabat təqdim edilməlidir. Yalnız bundan sonra cəmiyyətə belə demək olar:
Biz hər şeyi yoxladıq. Burada artıq xərcləri aradan qaldırdıq, orada səmərəsiz güzəşti ləğv etdik, başqa bir yerdə dövlət aktivinin normal işləməsini təmin etdik, dividend siyasətinə yenidən baxdıq. Bütün bunlardan sonra da büdcəyə vəsait çatışmır. Məhz bundan sonra əhalinin qarşısına vergi islahatı ilə çıxmaq olar.
Hələlik isə belə bir təəssürat yaranır ki, dövlət büdcəsini doldurmağın ən asan yolunu hamıdan tez tapıblar: vergi ödəyicisinin cibinə əl uzatmağı.
Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az
