MŞ sədri təzadlı məqamlara aydınlıq gətirdi: – “Hər kəslə bu mövzuda diskussiyaya hazıram”
II yazı
Azərbaycan mili mətbuatının 135 illik yubileyi ərəfəsində Mətbuat Şurası tərəfindən təsis edilmiş həm adı, həm də məbləğinə görə sanballı mükafatlardan biri hesab olunan Ali Media Mükafatının təsis edilməsindən 10 il ötür. Əvvəlki yazımızda https://konkret.az/metbuat-surasinin-ali-media-mukafati-indiyedek-kimlere-verilib-maraqli-qalibler-tezadli-meqamlar/?fbclid=IwAR1Si0NhJuzbMW_1bfdg9Hvoezc-UtcUnExgma4J667tJVki5WrYEbS1ld4 Ali Media Mükafatının keçdiyi 10 illik tarix barədə ətraflı məlumat vermişdik. Və qeyd etmişdik ki, yaranan suallara, təzadlı məqamlara növbəti yazımızda aydınlıq gətirəcəyik. Mətbuat Şurasının sədri Əflatun Amaşov həmin suallarımızı cavablandırıb, qaranlıq qalan məqamlara aydınlıq gətirib.
– Əflatun müəllim, 2010-cu ildə təsis olunan Ali Media Mükafatının indiyə qədər bir çox laureatları olub. Ancaq nədənsə 2 il – 2018 və 2019-cu illərdə mükafat heç kimə verilməyib. Səbəb nəydi, artıq layiqli namizədlər olmadı, yoxsa maliyyə problemi ilə üzləşdiniz?
– Əvvəla onu deyim ki, Ali Media Mükafatının məqsədi jurnalistika sahəsində, mətbuatımızın tarixinin öyrənilməsində xidmətləri olan şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsini təmin etməklə onların əməyinin medianın və bütövlükdə cəmiyyətin inkişafı üçün prioritet səciyyə daşıyan istiqamətlərini ictimaiyyətə çatdırmaqdan, jurnalistikanın cəmiyyətdəki rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.
Ali Media Mükafatı jurnalistikanın inkişafı sahəsində çoxillik, səmərəli fəaliyyət göstərən şəxslərə təqdim edilir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə dəqiq, qərəzsiz və tərəfsiz çatdıran, peşə prinsiplərinə riayət etməsi ilə fərqlənən jurnalistlər də laureat ola bilərlər.
Mükafat fondunun məbləği Mətbuat Şurasının İdarə Heyəti tərəfindən müəyyənləşdirilir. Laureatlar Şuranın diplomu və İdarə Heyətinin nominasiyalar üçün müəyyənləşdirdiyi pul mükafatları ilə təltif olunurlar. Mükafatın əsasnaməsində 3 dərəcə üzrə qaliblərə veriləcək pul mükafatının məbləği göstərilməsə də, biz hər zaman mükafat fondunu yüksək tutmağa çalışmışıq.
Bəli, qeyd etdiyiniz kimi, 2018 və 2019-cu illərdə Ali Media Mükafatı təqdim edilmədi. Bu, əlbəttə maliyyə çətinliyi ilə bağlı idi. Əvvəllər bilirsiniz ki, 3 dərəcə üzrə qaliblərə ümumilikdə 16 min pul ödənirdi. Yəni birici dərəcə üzrə bir laureata 5 min, ikinci dərəcə üzrə üç laureatın hər birinə 2 min, üçüncü dərəcə üzrə isə beş laureatın hər birinə min manat verilirdi. Maliyyə çətinliyi oldu və biz istəmədik ki, yüksək mükafat fondunu aşağı salaq.
Ali Media Mükafatı üçün layiqli namizədlər hər zaman var. Bilirsiniz ki, 2010-cu ildə mükafatın birinci dərəcəsi üzrə ilk laureat jurnalistikamızın patriarxı Şirməmməd Hüseynov olub. Müxtəlif illərdə mükafatın təqdim edildiyi şəxslərin siyahısına nəzər salsanız, görərsiniz ki, onların sırasında kifayət qədər sanballı simalar var. Biz hər zaman çalışmışıq ki, bu mükafatın dəyərini qoruyaq. Hesab edirəm ki, istəyimizə nail ola bilmişik.
– Bu il necə, mükafatın verilməsi nəzərdə tutulurmu? Axı bu il də mətbuatın yaranmasının növbəti yubileyidir.
– Bilirsiniz ki, bu il iyulun 22-də milli mətbuatımızın 145 illik yubileyidir. İnanıram ki, yubiley təntənəsinə töhfə olaraq Ali Media Mükafatını təqdim edə biləcəyik. Hazırda mövcud istiqamətdə danışıqlar gedir. Biz hətta onu da müzakirə edirik ki, bu il koronavirus pandemiyasına qarşı mübarizəyə media müstəvisində daha çox töhfə verən KİV və əməkdaşlarını təltif edək.
– Əgər bu il mükafat veriləcəksə, məbləğində artım və ya azalma gözlənilirmi?
– Hazırda Azərbaycanda media sahəsindəki ən populyar mükafat məhz Ali Media Mükafatıdır. Bir qədər öncə də bildirdim ki, biz əvvəldən bu mükafat fondunu daim yüksək tutmuşuq. Çalışmışıq ki, hər zaman ənənəyə sadiq qalaq. Əlbəttə, tapılacaq maliyyəyə uyğun olaraq mükafat fondunu tənzimləyəcəyik.
– Ali Media Mükafatının Əsasnaməsinin 4.3.2 bəndində qeyd olunur ki, birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 3, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilə bilər. Ancaq 2011-ci ildə Mükafatın birinci dərəcəli iki laureatı olub…
– Doğru vurğuladınız ki, 2011-ci ildə mükafatın iki laureatı olub. O zaman Bakı Dövlət Universitetinin dekanı, professor Şamil Vəliyev və həmin fakültənin müəllimi, dəyərli ziyalımız Nəsiman Yaqublu jurnalistika tarixi ilə bağlı müştərək kitab yazmışdılar. Biz əslində qiyməti o kitaba vermişdik. Sonrakı illərdə də bu praktikaya üstünlük verildi. Yadımdadır ki, jurnalistlər Elxan Salahov və Elşən Əliyev 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanı Raquf Orucov haqqında yazdıqları kitaba görə təltif edilmişdilər. Yəni məsələyə hansısa qanunauyğunluğun pozulması kontekstində qiymət verilməsinin tərəfdarı deyiləm. Həm də ona görə ki, yenə deyim, qərar kollegial şəkildə qəbul edilib, hansısa narazılıq olsaydı, İdarə Heyətinin üzvləri həmin vaxt öz fikirlərini bildirərdilər.
– Həmçinin 2014-cü ildə birinci dərəcəli laureat olmayıb. Səbəb nə idi?
– Əlbəttə, Əsasnamə mükafat baxımdan başlıca sənəddir və biz fəaliyyətimizi ona uyğun qururuq. Ancaq Mətbuat Şurası kollegial qurum olduğundan hər hansı məsələyə yanaşmada da qərarları kollegial şəkildə qəbul etmişik. Əlbəttə müəyyən kompromis variantlar da axtarmışıq. Media cameəsinin çağırışlarını nəzərə almışıq. Yəni bizim üçün daha vacib olan jurnalist ictimaiyyətinin istək və arzusudur.
Birinci dərəcə üzrə adətən jurnalistika sahəsindəki ümumən mətbu irsimizin öyrənilməsi ilə bağlı elmi yaradıcılıq nümunələri, mövcud sahədə sanballı xidmətləri ilə seçilən şəxslər təltif edilirlər. 2014-cü ildə məhz bununla bağlı media ictimaiyyətindən hər hansı təklif gəlmədi. Ona görə də Şuranın İdarə Heyəti qərara qəldi ki, digər dərəcələr üzrə laureatların sayı artırılsın.
– Mükafatın verilmə tarixinə nəzər yetirdikdə o da aydın olur ki, ard-arda iki il – 2015 və 2016-cı illərdə Ali Media Mükafatı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının keçmiş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun ailəsinin qismətinə düşüb. Maraqlıdır, belə bir vəziyyət Ə.Həsənovun təzyiqi ilə formalaşıb, yoxsa həqiqətən də hesab edirsiniz ki, Sona Vəliyeva və “Kaspi” bu ali mükafatı haqq edib?
– Birmənalı qaydada hansısa təzyiqdən söhbət belə gedə bilməz. Şura hər zaman qərarlarını dövrün, zamanın tələbinə müvafiq surətdə verib, şəraiti qiymətləndirib. Nöqsan və çatışmazlıqlar hər bir qurumda var. Hətta ali media dəyərlərindən danışaraq özünü cəmiyyətə örnək kimi göstərən şəxslərin də mənə məlum olan çox nöqsan və çatışmazlıqlarından danışmaq mümkündür. İstər rəhbərlik etdikləri istiqamət üzrə, istərsə də digər cəhətlər baxımından. Bu da təbiidir. Heç kəs səhvsiz deyil və hər kəsin cəmiyyətdə tutduğu mövqe onun özünə hörmətinin, ətrafdakıların ona münasibətinin nəticəsidir. Kimlərin hansı təzyiq və təhriklər qarşısında nələrə getdikləri də aşkardır.
Mətbuat Şurasının İdarə Heyətində hər zaman tanınmış, cəmiyyətdə qəbul edilən şəxslər təmsil olunublar. Onlar təzyiq dilində danışılacaq səviyyənin sahibi ola bilməzdilər, bu gün də deyillər. Dövlətimiz, mediamız üçün bəlli dəyər və prinsiplər var ki, Şura hər zaman həmin prinsip və dəyərləri qoruyub, qaydaları gözləyib, gözləyəcək də. Biz getdiyimiz yolun prinsipial mahiyyətinə diqqət yetirmişik.
O ki qaldı konkret sualınıza, bəli, 2015-ci ildə Ali Media Mükafatının birinci dərəcəsi üzrə “Kaspi” qəzeti təltif edilmişdi. Həmin il milli mətbuatımızın 140 illik yubileyi qeyd edilirdi və “Kaspi” də o qəzetdir ki, Azərbaycanda mətbuat ənənələrinin inşikafında xidmətləri var. “Kaspi” Əlimərdan bəy Topçubaşov kimi böyük ziyalının yadigarıdır. Nəşrə kimin rəhbərlik etməsindən asılı olmayaraq, bu ad milli mətbuatımız üçün dəyərdir. Biz o dəyərə önəm vermişik. Konkretliyə gəldikdə, həmin vaxt 140 illiyini qeyd edən milli mətbuatımızın tarixi ilə bağlı ən çox material məhz “Kaspi” qəzetində yayımlanırdı. Biz bunu da əsas tutduq.
Ümumən Ali Media Mükfatı adətən Milli Mətbuat Günü öncəsi təqdim edilir. 2016-cı ildə bu mükafatın birinci dərəcəsi “İşığa gedən yol” romanına görə verilib. O romana görə ki, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edirdi.
Ümumən keçmişdən dərs alıb bu günümüzü düzgün qurmalıyıq. İstənilən məsələyə münasibət belə olmalıdır. Mənasız təftişçilik heç bir cəmiyyətə xeyir gətirməyib. Bizə heç gətirməyəcək. Söhbət Ali Media Mükafatından gedirsə, biz heç zaman mükafatın aliliyini kölgələmədik. Müstəqillik illərində media ilə bağlı çox mükafatlar olub. Onların cəmiyyətdəki populyarlığını da görmüşük, sonradan kimlərin təqsiri və tamahı ucbatından dəyərsizləşdiyini və verilməsinin dayandırıldığını da. Bu mənada düşünmürəm ki, Ali Media Mükafatına yapışdırılacaq yarlıqlar ola bilər. Mükafatın laureatlarının hər biri kifayət qədər zəngin simalar, mediamızda həqiqətən əməyi keçmiş şəxslərdir, tanış adlardır. Keçdikləri yol gözümüzün önündə olub. Cahangir Məmmədli, Nəsir Əhmədli, rəhmətlik Yusif Kərimov, Rizvan Cəbiyev, Məzahir Süleymanzadə, Telli Pənahqızı, Flora Xəlilzadə, Rəşad Məcid, Vüqar Rəhimzadə, Elçin Şıxlı, Bəxtiyar Sadıqov, Rauf Arifoğlu, Bahəddin Həziyev, Vüsalə Mahirqızı, Tahir Aydınoğlu, Yusif Rzayev, Xalid Niyazov və digər tanınmış jurnalistlər də müxtəlif illərdə mükafatın laureatları olublar. Siyahını genişləndirmək mümkündür. Kim iddia edə bilər ki, bu adamlar layiq deyildilər?
– Məqam düşmüşkən, son dönəm adınız Əli Həsənovla, Vüqar Səfərli ilə bərabər daha çox çəkilir. Daha dəqiq, müəyyən məsələlərdə onlarla yanaşı siz də ittiham olunursunuz. Bu, sizi narahat edirmi, ümumiyyətlə ittihamlarla bağlı nə deyə bilərsiniz?
– Azərbaycan cəmiyyətindəki mövcud stereotiplərdən çıxış edərək vəziyyəti təbii sayıram. Heç bir narahatlığım yoxdur.
Onu deyə bilərəm ki, Azərbaycan Mətbuat Şurası fəaliyyət göstərdiyi ötən müddət ərzində mediamızın inkişafı üçün var gücü ilə çalışıb. Mümkün olanları, hətta bəzən mümkünsüz olanları da gerçəkləşdirə bilib. Şura özünün missiyasına uyğun şəkildə media ilə bağlı proseslərin mərkəzində dayanıb. Təbii ki, çatışmazlıqlar da olub. Bəlkə daha fərqli formada işləyə bilərdik. İndi müxtəlif fikirlər səslənir. Hər birini izləyir və təhlil aparıram. Biz nəyi edə bilərdik, amma etmədik. Nə olmalıydı, amma olmadı? Yəni Mətbuat Şurasının fəaliyyət prizmasından yanaşaraq bu sualları özümə verirəm. Çox məqamı götür-qoy edirəm. İnanın, hansısa fərqli yöntəm görə bilmirəm.
Mətbuat Şurası dövlətin maraqları ilə medianın maraqlarını uzlaşdırmağa çalışıb. Bir daha deyim, dövrün, zamanın tələbindən asılı olaraq davranıb. Media, jurnalistlərlə bağlı elə bir proses olmayıb ki, Mətbuat Şurası ona bu və ya digər şəkildə reaksiya verməsin. Ən çətin və anlaşılmaz durumlarda media nümayəndələri quruma üz tutublar. Mətbuat Şurasının sədri hər bir problemli jurnalisti dinləyib, mümkün qədər kömək göstərib.
Biz jurnalistlərin qaldırdıqları hər bir tutarlı məsələyə həssas yanaşmışıq, müvafiq dövlət qurumları ilə əlaqələndirmişik, çoxsaylı çətinliklərin aradan qaldırılmasına nail olmuşuq. Belə misallar kifayət qədərdir. Hər kəslə bu mövzuda açıq diskussiyaya hazıram. Məni narahat edən, çəkindirən heç nə yoxdur. Hər zaman gördüyüm işin doğruluğuna, optimallığına inanmışam. Bu gün də inanıram.
– Mətbuat Şurasının ləğv edilməsi və ya yenidən formalaşdırılması ilə bağlı təklifləri necə dəyərləndirirsiniz?
– Çox fikir səslənə bilər. Mətbuat Şurası təşkilati-hüquqi forma baxımından ictimai qurumdur. Onun öz Nizamnaməsi var. Digər ictimai qurumlar kimi, o da Nizamnaməsi çərçivəsində fəaliyyətini tənzimləyir. Sualda qoyduğunuz məsələ də həmin çərçivədə müzakirə predmeti ola bilər.
Cənab Prezident dəfələrlə Şuranın daşıdığı missiyanın önəmini vurğulayıb. Az əvvəl də bu barədə söhbət açdıq. Bir daha deyim ki, ötən illər ərzində Mətbuat Şurasının kifayət qədər məhsuldar işlədiyini və medianın özünütənzimləmə orqanı kimi cəmiyyətdə nüfuz qazanmağı bacarıb. Bu gün də üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. İşini zamanın tələbinə uyğun qura bilir. Təkcə onu deyim ki, Şura koronavirusla bağlı elan edilmiş xüsusi karantin rejimində 3 dəfə jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələri ilə bağlı tövsiyələr hazırlayaraq yaydı, monitorinqlər keçirdi. Qurum mövcud sahədəki beynəlxalq təcrübəyə də istinad etdi.
Elə jurnalistlər var idi ki, bloger, freelanser kimi çalışırdılar. Müqaviləsiz işləyənlər var idi. Biz Operativ Qərargahla yaratdığımız təmas nəticəsində onların fəaliyyət sərbəstliyini təmin etdik.
Mətbuat Şurası, həmçinin Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansı kimi mötəbər təşkilatların üzvü olaraq bu birliklərin koronavirusla mübarizə dövründə medianın fəaliyyətinə dair toplantılarında iştirak etdi. Bütün bunlar fəaliyyət mütəhərrikliyinin, oturuşmuş dəst-xəttin nəticəsidir. Kimsə bu təcrübədən imtina etməyi düşünürsə, gərəkdir ki, ortaya tutarlı alternativ qoysun. Biz bütün mütərəqqi təkliflərə, mediamızı irəli aparacaq fikirlərə açıq olmuşuq. Bu gün də açığıq.
Rumiyyə MİRASLAN,
KONKRET.az
Rumiyyə xanımın bundan öncəki məqaləsini də oxumuşdum. Bu məqalədə də suallara HÖMƏTLİ ŞURA sədri dolayısıyla cavab verib. Hətta, “– Məqam düşmüşkən, son dönəm adınız Əli Həsənovla, Vüqar Səfərli ilə bərabər daha çox çəkilir. Daha dəqiq, müəyyən məsələlərdə onlarla yanaşı siz də ittiham olunursunuz. Bu, sizi narahat edirmi, ümumiyyətlə ittihamlarla bağlı nə deyə bilərsiniz?” sualına cavabdan səmimilik əsər-əlamət hiss olunmur… Günümüzə qədər bu şura “bizimkilərdən başqa heç kimi yaxına buraxmarıq” prinsipi ilə “çalışaraq” qeyri-obyektivliyi obyektivlikdən uzaq olub. KONKRET də ki, hər şeyə konkret yanaşır və sükanı belə saxlamağı arzulayıram!
Təşəkkür edirəm, Ramiz müəllim!