İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi həyata keçirilib. Paytaxtdan səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
KONKRET.az xəbər verir ki, bu gün Cəbrayılın Şükürbəyli kəndi 9 ailə olmaqla daha 60 nəfərə qucaq açıb. Kənd tam müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb.
Şükürbəyli kəndində hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib.
Bununla yanaşı, kənddə 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.
Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndləri və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla ümumilikdə 2522 nəfərin – 615 ailənin köçürülməsi nəzərdə tutulur.
