Bu gün yerli vaxtla saat 11:00-da ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində yerləşən ciddi rejimli Riverbend həbsxanasında Krista Qeyl Paykın (Christa Gail Pike) edam edilməsi planlaşdırılır. O, 1995-ci ildə 18 yaşında törətdiyi qətlə görə ölüm cəzasına məhkum edilib.
KONKRET.az xəbər verir ki, Tennessi qubernatoru Bill Li sentyabrın 28-də Paykın əfv olunması barədə müraciətini rədd edib.
1995-ci ilin yanvarında 18 yaşlı Payk 17 yaşlı sevgilisi Tadaril Şipp və 18 yaşlı Şadolla Petersonla birlikdə Knoxville “Job Corps”da birgə təhsil aldıqları 19 yaşlı Kollin Slemmeri kimsəsiz əraziyə aparıblar.
Slemmer burada uzun müddət döyülüb və işgəncələrə məruz qaldıqdan sonra öldürülüb.
Hadisədə iştirak edən üç nəfərdən yalnız Payk ölüm cəzasına məhkum edilib.
Əgər edam həyata keçirilərsə, bu, Tennessi ştatında 200 ildən artıq müddətdə bir qadının ilk dəfə edam edilməsi olacaq.
Ağagül Mürsəlov,
KONKRET.az
