İran rialının rekord həddə ucuzlaşması bu ölkədən Azərbaycana idxal olunan məhsulların qiyməti ilə bağlı suallar yaradıb. Məzənnənin kəskin aşağı düşməsi nəzəri baxımdan İran mallarının Azərbaycanda ucuzlaşmasına şərait yaratsa da, bu amil təkbaşına qiymətlərin azalacağı anlamına gəlmir.
Bəs rialın dəyər itirməsi İran məhsullarının, xüsusilə ərzaq və gündəlik tələbat mallarının Azərbaycanda ucuzlaşmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, İran rialının ucuzlaşması nəzəri olaraq İran məhsullarının xarici bazarlarda daha ucuz təklif edilməsinə imkan yarada bilər. Lakin hazırkı şəraitdə bu prosesin Azərbaycan bazarında qiymətlərin azalmasına gətirib çıxarması gözlənilmir.

Onun sözlərinə görə, İranda baş verən iqtisadi problemlər, o cümlədən enerji təminatındakı çətinliklər və istehsal üçün zəruri xammal və materialların idxalında yaranan problemlər sahibkarların xərclərini artırır:
“İran rialı niyə ucuzlaşır? İranda ciddi problemlər var. Müharibə, enerji təminatı ilə bağlı çətinliklər, istehsalçıların enerji təchizatında yaşadığı problemlər mövcuddur. İran istehsalçısı hansısa məhsulu hazırlamaq üçün müəyyən komponentləri, materialları idxal edir. Bunun özü də problemlər yaradır və iqtisadi çətinliklər rialın ucuzlaşmasına təsir göstərir”.
İqtisadçı qeyd edib ki, rialın ucuzlaşması fonunda məhsulların daxili qiymətlərinin də artması mümkündür. Bu halda məzənnə üstünlüyü istehsalçı və ixracatçının artan xərcləri hesabına aradan qalxır.
“İdeal halda rial ucuzlaşır, amma qiymət səviyyəsi dəyişmir. Bu zaman İran məhsullarının xarici bazarlarda qiyməti aşağı düşə bilər. Lakin İranda rial ucuzlaşdıqca məhsulların rialla ifadə olunan qiyməti də artır. Burada inflyasiyanın səviyyəsi əsas məsələlərdən biridir. Əgər inflyasiya rialın dəyər itirməsindən daha yüksəkdirsə, məhsulların qiyməti artır. Əksinə, inflyasiya daha aşağı olarsa, rialın ucuzlaşması məhsulların xarici bazarlarda qiymətinin azalmasına imkan yarada bilər”, – deyə Xalid Kərimli vurğulayıb.
O, əlavə edib ki, İran şirkətləri ixrac zamanı qiymətləri yalnız rialla müəyyənləşdirmirlər. Xarici ticarət müqavilələrində dollar, avro və digər valyutalardan, eləcə də tərəflərin razılaşmasından asılı olaraq manat ekvivalentindən istifadə oluna bilər. Bu da rialın məzənnəsinin ixrac qiymətinə təsirini məhdudlaşdıran amillərdən biridir.
“Müqavilə qiymətləri xarici valyuta ilə müəyyənləşdirilirsə, rialın ucuzlaşmasının məhsulun ixrac qiymətinə birbaşa təsiri azalır”, – deyə iqtisadçı bildirib.
Xalid Kərimlinin sözlərinə görə, nəzəri olaraq İran məhsullarının qiymətində azalma mümkündür. Lakin hazırkı iqtisadi şəraitdə rialın ucuzlaşmasının Azərbaycan bazarında İran mallarının ucuzlaşmasına səbəb olacağı ehtimalı yüksək deyil.
“Hazırda düşünmürəm ki, rialın ucuzlaşması İran məhsullarının ucuzlaşmasına gətirib çıxaracaq. İran sahibkarlarının ciddi problemləri var. Rial ucuzlaşdıqca onların xərcləri də artır”, – deyə iqtisadçı əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
