Əgər bu problemlər həll olunmasa, bizi ciddi qıtlıq gözləyir – ƏTRAFLIbackend

Əgər bu problemlər həll olunmasa, bizi ciddi qıtlıq gözləyir - ƏTRAFLI

Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən isə qeyd olunmağa başlanılıb.

Bu il Ümumdünya Su Günü “Su və İqlim Dəyişikliyi” devizi ilə qeyd olunur. Bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Yer kürəsi səthinin üçdə ikisi su ilə örtülüdür. Planetin ümumi su ehtiyatlarının yalnız bir faizi insan istifadəsi üçün əlçatandır. Bu gün 663 milyondan çox insanın yaşayış yerlərinin yaxınlığında içməli su mənbələri yoxdur. 1990-cı ildən bəri yalnız 2.6 milyard insan yaxşılaşdırılmış içməli su mənbələri ilə təmin olunub.

Ötən əsrdə sudan istifadə 6 dəfə artıb ki, bu da dünya əhalisinin artım tempindən 2 dəfə çoxdur. Hazırda inkişaf etmiş ölkələrdə sızma səbəbindən şirin su ehtiyatlarının təxminən 30 faizi itirilir. Hətta bəzi böyük şəhərlərdə su itkisi 70 faizə çata bilir. Dünya Resursları İnstitutunun məlumatına görə, dünya əhalisinin təqribən dörddəbir hissəsi su qıtlığının yüksək həddə çatdığı 17 ölkədə yaşayır.

Su qıtlığından ən çox əziyyət çəkən ölkələr bunlardır: Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, BƏƏ, San-Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvana. Bu ölkələr Yaxın Şərqdə və Şimali Afrikada yerləşir. Həmin ölkələrdə kənd təsərrüfatı və sənaye sahələri, habelə bələdiyyələr istifadədə olan səth və yeraltı suların ildə orta hesabla 80 faizini istehlak edir.

Planetin sakinlərinin təxminən 40 faizi bu və ya digər dərəcədə içməli su çatışmazlığından əziyyət çəkir. 2030-cu ildə 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə bilər. Hazırda iki milyard insan çirkli su içməyə məcbur olur. Su qıtlığının səbəblərindən biri bu təbii resursun lazımi qaydada idarə edilməməsi ilə bağlıdır.

  • 2050-ci ilə qədər dünyada hər dörd nəfərdən ən azı birinin xroniki və ya vaxtaşırı şirin su çatışmazlığı ilə üzləşən ölkələrdə yaşayacağı ehtimal olunur. Ona görə də əksər dünya ölkələri bununla bağlı müvafiq tədbirlər görür. Bəri başdan deyək ki, Azərbaycanın su ehtiyatları məhduddur. Qonşu ölkələrlə müqayisədə vahid əraziyə və bir adama düşən xüsusi çəki müvafiq olaraq Gürcüstandan 7,7 və 8,3, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır. Respublikamızın su ehtiyatları cəmi 31 kubkilometrdir. Bunun təqribən 21 kubkilometri qonşu ölkələrdə, 10 kubkilometri isə ölkə daxilində formalaşır. Respublikamız əsasən subtropik iqlim qurşağında yerləşdiyinə görə su ehtiyatları ilə təbii şəraitə uyğun olaraq az təmin olunub. Çox təəssüf ki, ölkəmizdə yağıntılar ərazidə qeyri-bərabər paylanılıb. Məsələn, ən çox yağıntı cənub zonasına düşür. Belə ki, Lənkəran təbii vilayətində ildə 1600-1800 millimetr yağıntı düşür. Və bu yağıntı suları birbaşa Xəzər dənizinə axır. Coğrafi relyefin mürəkkəbliyinə görə bura düşən yağıntıdan digər regionların suya olan ehtiyacını ödəmək hələ ki, mümkün deyil. Bu gün ölkə əhalisinin demək olar ki, yarısının cəmləşdiyi Abşeron regionunda isə ildə 200-350 millimetr yağıntı düşür. Bu da Lənkəran zonasına düşən illik yağıntı normasından 8-9 dəfə azdır.

Azərbaycan çaylarının su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır. Yerli çayların axımı bütövlükdə Respublika ərazisində formalaşır və onlar bütünlüklə onun ərazisindən axırlar. Tranzit çayların əsas axımı Respublika ərazisindən kənarda, xarici ölkələrdə formalaşır.

Respublikada 21 tranzit çay mövcuddur və onlarin əksəriyyəti Kür və Araz çaylarının hövzələrinə aiddir. Kür və Arazın hövzələri müvafiq olaraq dörd və beş ölkənin ərazisində yerləşir. Su ehtiyatlarımızın 70 faizi ölkə sərhədlərindən kənardakı mənbələrdə formalaşır. Qafqazın ümumi su ehtiyatının çox cüzi hissəsi bizim payımıza düşür. Gürcüstan və Ermənistan əhali və ərazicə bizdən 2-3 dəfə az olmalarına baxmayaraq, su ehtiyatlarına görə bizdən 2-3 dəfə çox imkanlara malikdirlər.

Qafqaz regionunda ən bol sulu ölkə Gürcüstandır. Gürcüstanın su ehtiyatları zəngindir. Bu ölkədə 26 minə qədər çay var. Onların ümumi həcmi 65,3 kub kolometrdir. Bunun 56,6 kub kilometri Gürcüstan ərazisində formalaşır. 9,3 kub kilometri isə tranzit kimi ölkə ərazisindən keçir. Burada 860 göl və su anbarları var. Elektrik enerjisinin istehsalı üçün 43 anbar tikilib. Yeraltı suların ehtiyatları 10 kub kilometrdən çoxdur. Azərbaycan isə regionun ən az təbii su ehtiyatlarına malik ölkədir. Ölkəmizdəki çayların su ehtiyatları yerli və tranzit çayların hesabına formalaşır. Yerli çayların axımı bütövlükdə Respublika ərazisində formalaşır və onlar bütünlüklə ölkə ərazisindən axır. Tranzit çayların əsas axımı Respublika ərazisindən kənarda, xarici ölkələrdə formalaşır.

Azərbaycan ərazisində ümumi sahəsi 395 kvadratkilometr olan 450 göl müəyyən edilib ki, onlardan 10-nun sahəsi 10 kvadratkilometrdən böyükdür.

Respublikada irili-xırdalı 140 su anbarı mövcuddur. Əsas böyük su anbarları Mingəçevir, Şəmkir, Araz, Yenikənd, Varvara, Ceyranbatan və Sərsəng su anbarlarıdır. Azərbaycanda hər birinin həcmi 1 milyon kubmetrdən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümumi tam həcmi 21,5 kubkilometr təşkil edir.

Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib. Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 kilometrdən çox, 22 çayın uzunluğu 101-500, 324 çayın uzunluğu 11-100 kilometr arasındadır. Əksər çayların uzunluğu isə 10 kilometrdən azdır.

Ümumilkdə, son illər ehtiyat su mənbələrinin yaradılması istiqamətində müəyyən addımlar atılıb. 2010-2019-cu illərdə Azərbaycanda məhsuldarlığı saniyədə 19 kubmetr olan 44 yeni su mənbəyi yaradılıb. Amma ötən ilki quraqlıq göstərdi ki, bu sahədə ciddi problemlər qalmaqdadır. 2020-ci ilin 23 iyul tarixində Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə də ətraflı danışıldı. Ölkə başçısı həmin müşavirədə dedi ki, “Bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmayıb. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi.

Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır”.

Məlum müşavirədən sonra Prezident İlham Əliyev sərəncam imzaladı. Sərəncama əsasən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” hazırlandı. Tədbirlər planına  əsasən, dağ çayları sularının yığılması üçün relyefə uyğun 10 yenu su anbarları yaradılacaq. Sevindirici haldır ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası su problemlərinin həllinə böyük ümidlər yaradır. Çünki, Kiçik Qafqazın bol sulu dağları artıq Azərbaycanın nəzarətindədir.

Azərbaycanın hündürlüyünə görə (125 metr) ən yüksək, ümumi su tutumu 560 milyon kubmetr olan su anbarı – Sərsəng su anbarı  Tərtər, Ağdərə, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarını suvarma suyu ilə təmin edirdi. Ermənistan tərəfi bu su anbarını süni daşqınlar yaratmaqla Azərbaycan torpaqlarına ziyan vurmaq üçün yaz və payız aylarında açırdı. Azərbaycan mineral su ehtiyatlarının 40 faizinə qədəri Dağlıq Qarabağ və ətraf ərazilərdədir. Ermənistan işğal altındakı ərazilərdə 2020-ci ilədək 30 kiçik su elektrik stansiyasının (SES) tikintisi nəzərdə tutsa da, onlardan yalnız 16-sı istifadəyə verilib.

Göründüyü kimi, ərazilərimizin işğaldan azad olması suya olan tələbatımızı xeyli yaxşılaşdıracaq. Amma problemi həll etməyəcək. Çünki Cənubi Qafqazdakı təbii su mənbələrinin cəmi 10 faizi Azərbaycanın payına düşür. Ona görə də növbəti illərdə də bizi ciddi su qıtlığı gözləyir.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*