“Əgər köhnə texnologiya ilə xidmət göstərilirsə, internetin ötürülməsində problemlər yaranacaq” – EKSPERTbackend

“Əgər köhnə texnologiya ilə xidmət göstərilirsə, internetin ötürülməsində problemlər yaranacaq” - EKSPERT

Ölkədə internetə çıxışın və sürətin zəif olması ilə bağlı vətəndaşlar tərəfindən tez-tez şikayətlər səsləndirilir. Kimisi internetə çıxışın bərbad olmasından, kimisi də sürətin zəifliyindən və göstərilən xidmətin keyfiyyətindən gileylənir. Bu istiqamətdə dövlət tərəfindən müəyyən işlər həyata keçirilsə də, narazılıqların səngiməməsi, problemin hələ də aktual olduğunu deməyə əsas verir.  

Mövzunu KONKRET.az-a şərh edən İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, internetlə bağlı ümumi şikayətlər həddindən çox azalıb: “İki ildir ki, nazirlik üzərinə öhdəlik götürüb. Belə ki, 2024-cü ilə qədər Azərbaycanda bütün regionların (ən ucqar kəndlər daxil) fiberoptik internetlə təmin olunması həyata keçiriləcək. Hazırda 600-ə yaxın ailə təsərrüfatı geniş zolaqlı internetlə təmin edilib. Bu, təxminən 2 milyona yaxın insanın fiberoptik internetlə təmin edilməsi deməkdir. Amma internetin keyfiyyəti ilə bağlı məsələdən danışarkən söhbətin stasionar yaxud geniş zolaqlı internetdən getdiyini dəqiqləşdirmək lazımdır. Hazırda Bakı üçün ümumi vəziyyət pis deyil. Çünki Bakıda genişzolaqlı internetə çıxış tam təmin olunub. Sadəcə olaraq Bakıətrafı qəsəbələrdə hələ də bu istiqamətdə iş aparılır. İnternetin bərbad olmasını biz sadəcə texnologiya ilə ölçə bilmərik. Məsələn, bəzən yüklənmə olduqda hansısa saytlara girmək çətinləşir. İnsanlar isə bunu internetin bərbad olması ilə əlaqələndirir. Yaxud bir provayderin yaxşı işləməməsini internetə çıxışın ümumən bərbad olması kimi təqdim etmək doğru deyil”.

Elvin Abbasov əlavə edib ki, bir il əvvəllə müqayisədə hazırda ölkədə internetə çıxış orta vəziyyətdədir: “Harada ki, texniki dəyişikliklər aparılıb, orada vəziyyət yaxşıdır və şikayətlər azalıb. İndividual problemlər isə hələ də qalmaqdadır. Məsələn, hər hansı bir provayderlə bağlı, yaxud müəyyən ərazilərdə fiberoptik texnologiya çəkilmədiyi üçün nöqsanlar ola bilər. Çünki simli xətlər üzərindən internet almaq çətindir. Xüsusən yağışlı və qarlı havalarda internet demək olar ki, işləmir. Amma ümumi vəziyyəti bərbad adlandırmaq doğru deyil”.

Ekspertin sözlərinə görə, Azərbaycanda interneti alan iki ana provayder var: “Biri “Azəronlayn”, digəri isə “Delta Telekom”dur. Bu iki ana provayderlər vasitəsi ilə subprovayderlərə internet ötürülür və insanlar bundan yararlanır. Təbii ki, subprovayderlərin bu işə qoyduğu investisiyadan çox şey asılıdır. Əgər köhnə texnologiya ilə xidmət göstərilirsə, deməli internetin ötürülməsində ciddi problemlər yaranacaq. Qeyd etmək lazımdır ki, subprovayderlərin qurduğu infrastruktura hazırda dövlət tərəfindən nəzarət həyata keçirilmir. Bu səbəbdən də istənilən subprovayder ağlına gələn fəaliyyəti aparır. Lakin mövcud problemlərin həlli üçün nazirlik təşəbbüslər irəli sürür”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*