Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır…backend

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə bu ölkənin lideri Si Szinpinə göndərdiyi təbrik məktubunda iki ölkə arasında münasibətlərin görünməmiş yüksək səviyyəyə çatdığı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyi vurğulanıb.

Təbrik məktubunda Putin Rusiya və Çinin bir sıra sahələrdə irimiqyaslı birgə layihələr həyata keçirdiyini, beynəlxalq məsələlərdə səylərini əlaqələndirdiyini bildirib. Rusiya Prezidenti məktubunda hər iki ölkənin çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində əməkdaşlıq etdiyini yazıb. Putin çinli həmkarı Si Szinpinin rəhbərliyi altında Çinin sosial-iqtisadi və elmi-texniki sahələrdə mühüm nailiyyətlər əldə etdiyini, regional və qlobal gündəmin aktual məsələlərinin həllində konstruktiv rol oynadığını vurğulayıb.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Putinin Sinin ünvanına tərif dolu sözləri Rusiyanın Çindən artan asılılığına sübutdur. Kreml sahibi oktyabrın 1-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında təxminən 4 saatlıq çıxışında müxtəlif mövzularla yanaşı, Rusiya-Çin əməkdaşlığından da bəhs edib. Misal üçün Putin deyib ki, Çinin Sibirin zənginliklərinin istismarında rolu artıb, yeni layihələrin icrası gündəmdədir. Rusiya prezidenti Sibirdə neft və kimya sənayesinin inkişafı məqsədilə çinli tərəfdaşlarla sıx əməkdaşlıq içində olduqlarını xatırladıb. Bu misallar onun sübutudur ki, Çin Ukrayna müharibəsi səbəbindən Rusiya iqtisadiyyatının üzləşdiyi problemlərdən istifadə edir. Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparmasaydı, Rusiyanın Çindən bu qədər yatırıma ehtiyacı olmazdı”, – o vurğulayıb.

Politoloqun fikrincə, Rusiya-Çin artan əməkdaşlığı Qərbin diqqətindədir:

“Təsadüfi deyil ki, NATO Baş katibi Mark Rutte son açıqlamalarının birində Rusiya və Çinin müdafiə sənayesində əlaqələrinin sürətlə möhkəmləndiyini bildirib.

Rusiya prezidenti Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. İki ölkənin lideri bu sammitdə iqtisadi əlaqələrin inkişafı mövzusunun müzakirəsini davam etdirəcəklər. Putinin bu sammitlə bağlı başqa bir gözləntisi də var. Rusiya prezidenti həmin sammitdə Çin lideri ilə birgə, ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün keçiriləcəyinə ümidlidir. Tramp sammitdə iştirak edəcəyini açıqlasa da, üçtərəfli görüşə hələ razılıq verməyib. Putin Çində Trampla həm də ona görə görüşməyə çalışır ki, Kreml sahibi böyük ehtimalla ABŞ-da keçiriləcək “Böyük Səkkizlər”in zirvə toplantısına qatılmayacaq. Putin sammitə dəvətli olsa da, zirvə görüşündə avropalı həmkarlarıyla üz-üzə gəlmək istəmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*