Banklar kredit verərkən müştərilərin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini ciddi şəkildə təhlil edir. Xüsusilə, son illər risklərin artması fonunda kredit siyasəti daha da sərtləşdirilib və hər müraciət fərdi şəkildə qiymətləndirilir.
Bəs banklar hansı hallarda müştərilərə kredit verməkdən imtina edir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, banklar əsasən krediti qaytara bilməyəcəyi ehtimal olunan şəxslərə maliyyə ayırmır.

Onun sözlərinə görə, bank üçün ən vacib məsələ risk faktorudur:
“Banklar o müştərilərə kredit vermir ki, onların krediti geri qaytara bilməyəcəyinə dair risklər mövcuddur. Əgər bank əvvəlcədən görürsə ki, müştəri öhdəliyini yerinə yetirə bilməyəcək, o zaman kreditdən imtina edilir.
Qərar verilərkən ilk növbədə müştərinin mövcud kredit yükü analiz olunur. Yəni şəxsin artıq nə qədər borcu olduğu və aylıq ödənişlərinin həcmi diqqətlə araşdırılır. Bununla yanaşı, vətəndaşın gəlirlərinin səviyyəsi və stabilliyi də əsas meyarlardandır. Hətta gəlirin rəsmi olub-olmaması da bank üçün ciddi amildir.”
Xalid Kərimli əlavə edib ki, banklar həmçinin müştərinin xərclərini də nəzərə alır. Gəlir və xərclər arasındakı balans kredit qərarında həlledici rol oynayır.
“İstehlak kreditləri ilə bağlı müəyyən məhdudiyyətlər də mövcuddur. Belə ki, Mərkəzi Bankın tələbinə əsasən, vətəndaşın aylıq kredit ödənişi onun aylıq gəlirinin 45 faizindən artıq olmamalıdır. Bu qayda əhalinin həddindən artıq borclanmasının qarşısını almağa xidmət edir”.
Nəticə etibarilə, banklar üçün əsas meyar müştərinin maliyyə dayanıqlığı və ödəniş qabiliyyətidir. Gəliri qeyri-sabit, yüksək kredit yükü daşıyan və ya rəsmi gəlirini təsdiqləyə bilməyən şəxslərin kredit əldə etmək imkanları isə xeyli məhdud olur.
Aynurə İsmayıl
KONKRET.az
