Ermənistanın Dövlət Gəlirləri Komitəsi və İqtisadiyyat Nazirliyi 2025-ci ilin noyabr ayından 2026-cı il aprelin 15-dək olan dövrdə Azərbaycan ərazisi vasitəsilə və birbaşa Azərbaycandan idxal olunan mallarla bağlı məlumat yayıb.
KONKRET.az xəbər verir ki, Erməni KİV-lərinin məlumatına görə, qeyd olunan dövrdə Rusiya və Qazaxıstandan Ermənistan istiqamətində Azərbaycan ərazisi vasitəsilə ümumilikdə 26 295 ton yük daşınıb. Eyni zamanda, Azərbaycandan Ermənistana 9 337 ton yanacaq tədarük edilib.
Rəsmi açıqlamada bildirilir ki, “regional əməkdaşlıq və sülhün nəticələri artıq hiss olunur və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır”.
Gömrük orqanlarının məlumatına əsasən, Azərbaycan ərazisi ilə ilk tranzit dəmir yolu yük daşınması 2025-ci il noyabrın 6-da həyata keçirilib.
İdxal edilən məhsullar arasında 24 865 ton buğda, 1 362 ton gübrə və 68 ton qarabaşaq (qreçka) yer alır.
Bundan əlavə, 2025-ci ilin dekabr ayından 2026-cı il aprelin 15-dək Gürcüstan ərazisi vasitəsilə Azərbaycandan Ermənistana 9 337 ton yanacaq çatdırılıb. Bunun 5 398 tonu dizel yanacağı (4,3 milyon ABŞ dolları), 3 939 tonu isə benzin (2,9 milyon ABŞ dolları) təşkil edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
