Türkiyə və ABŞ əl sıxmağa razılaşdı – BÖYÜK JESTbackend

Türkiyə və ABŞ əl sıxmağa razılaşdı - BÖYÜK JEST

ABŞ və Türkiyə arasında Ankaranın Rusiyadan aldığı S-400 zenit-raket sistemlərinə görə tətbiq edilən sanksiyalarla bağlı problemin yaxın vaxtlarda həll oluna biləcəyi bildirilir.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Antaliya Diplomatik Forumunda çıxışı zamanı danışıb.

Səfirin sözlərinə görə, S-400 məsələsi tezliklə öz həllini tapa bilər və Vaşinqton Türkiyənin F-35 qırıcı-bombardmançı proqramına qayıtmasını normal hesab edir.

Türkiyə 2017-ci ildə Rusiya ilə S-400 sistemlərinin alınmasına dair müqavilə imzalayıb və 2019-cu ildə bu müqavilə yerinə yetirilib. ABŞ və NATO isə bu qərara qarşı çıxaraq bildirirdilər ki, S-400 sistemləri alyansın müdafiə sistemləri ilə uyğun deyil. Bundan əlavə, Vaşinqton narahatlığını ifadə edirdi ki, S-400 və F-35-lərin birlikdə istifadəsi Rusiyaya bu təyyarələrin texniki xüsusiyyətləri barədə məlumat əldə etmək imkanı yarada bilər.

ABŞ Türkiyəyə alternativ olaraq Patriot sistemlərini təklif etsə də, tərəflər razılığa gələ bilməmişdi.

2020-ci ildə ABŞ Türkiyəyə qarşı CAATSA qanunu çərçivəsində sanksiyalar tətbiq edib və ölkəni F-35 proqramından çıxarıb. Sanksiyalar ABŞ texnologiyalarının ixracına məhdudiyyət, kreditlərə çıxışın azaldılması, aktivlərin dondurulması və viza məhdudiyyətlərini əhatə edir.

Türkiyə isə bu sanksiyaları ədalətsiz adlandıraraq silah seçimi məsələsində müstəqil qərar vermək hüququnu vurğulayıb. Ötən ilin noyabrında Ankara S-400 sistemlərindən imtina etməyəcəyini, lakin onların nəzarəti üçün birgə mexanizm yaradılmasına razı ola biləcəyini bəyan edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Ankaranın F-35 proqramına qayıtması məsələsinə açıq olduğunu bildirsə də, hələlik konkret razılaşma əldə olunmayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*