Rusiyanın Ukraynaya qarşı apardığı müharibə fonunda prezident Vladimir Putinin getdikcə daha mürəkkəb vəziyyətə düşdüyü və bunun yeni eskalasiyaya səbəb ola biləcəyi bildirilir.
KONKRET.az xəbər verir ki, The Washington Post qəzetinin yazdığına görə, analitiklər münaqişənin Avropa istiqamətinə genişlənməsi riskinin artdığını qeyd edirlər.
Məlumata əsasən, Kreml rəhbəri bir neçə istiqamətdən ciddi təzyiq altındadır. Rusiya ordusu böyük itkilərə baxmayaraq Ukraynada həlledici uğurlar əldə edə bilməyib. Eyni zamanda, Moskvanın müttəfiqlərindən, xüsusilə İran tərəfindən dəstəyi məhduddur, Avropada isə Rusiyanın siyasi mövqeləri zəifləyir.
İqtisadi vəziyyət də əlavə risk amili kimi göstərilir. Neft qiymətlərində müəyyən artım olsa da, ölkə iqtisadiyyatı sabit deyil. Paralel olaraq, Avropa dövlətləri müdafiə qabiliyyətini gücləndirir, NATO isə qitənin şimalından cənubuna qədər mövcudluğunu genişləndirir.
Analitiklərin fikrincə, bu şəraitdə Putin Qərb ölkələri tam şəkildə yenidən silahlanmamışdan əvvəl yeni münaqişə variantlarını nəzərdən keçirə bilər. ABŞ-da Donald Trampın NATO-nu tənqid edən çıxışları da Avropa müttəfiqləri arasında narahatlıq yaradan amillərdən biri kimi qiymətləndirilir.
Karnegi Beynəlxalq Sülh Fondundan ekspert Yucin Rumer hesab edir ki, Ukrayna müharibəsindən sonra Rusiya daha zəif, lakin daha aqressiv ola bilər ki, bu da Avropa üçün uzunmüddətli təhlükə yaradır.
Hərbi analitik Maykl Kofmanın sözlərinə görə, Rusiya 2025-ci ildə cəbhədə ciddi irəliləyiş əldə etməyib, 2026-cı ilin əvvəlində də vəziyyət dəyişməyib. Mart ayına olan qiymətləndirmələrə görə, itkilər on minlərlə ölən və yaralananı əhatə edir ki, bu da hücum tempini saxlamağı çətinləşdirir.
Bu fonda Moskva artıq Avropa ölkələrinə təzyiqi artırır. Rusiya Müdafiə Nazirliyi Ukraynaya pilotsuz uçuş aparatları verən ölkələrə – Almaniya, Böyük Britaniya, İsveç, İtaliya və Niderlanda qarşı zərbələrin mümkünlüyünü istisna etməyib. Bu bəyanatlar sərt siyasi ritorika ilə müşayiət olunur.
Ekspertlər hesab edir ki, vəziyyət daha da gərginləşərsə, Rusiya NATO-nun birliyini sınaqdan keçirməyə cəhd göstərə bilər. Mümkün ssenarilər arasında Baltik ölkələrinə təzyiq və ya hətta hücum ehtimalları da qeyd olunur. Nəticə olaraq vurğulanır ki, Ukraynaya qarşı müharibə Qərbin təhlükəsizliyi üçün əsas faktor olaraq qalır və onun gedişi Kremlin gələcək addımlarını müəyyən edəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
