Bakı gözləmə MÖVQEYİNDƏ: “İran bunu etsə, Zəngəzur dəhlizi ilə bağlı problem yaranacaq”backend

Bakı gözləmə MÖVQEYİNDƏ: "İran bunu etsə, Zəngəzur dəhlizi ilə bağlı problem yaranacaq"

ABŞ-İsrail və İran arasında gərginliyin mümkün hərbi qarşıdurmaya çevrilməsi təkcə Yaxın Şərq üçün deyil, həm də Cənubi Qafqaza da yeni geosiyasi reallıqlar yarada bilər. Xüsusilə, Tehranın bu qarşıdurmadan üstün çıxacağı ssenarisi regionda təsir dairələrinin yenidən bölüşdürülməsi, kommunikasiya layihələrinin taleyi və siyasi balansın dəyişməsi baxımından ciddi müzakirələr doğurur. Bu kontekstdə Zəngəzur dəhlizi layihəsinin gələcəyi də yenidən gündəmə gəlir: görəsən, İranın güclənməsi bu layihəni real olaraq mümkünsüz edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, belə bir ssenaridə güc balansının dəyişməsi qaçılmazdır və bu, Cənubi Qafqazdan da yan keçməyəcək.

Politoloq Zeynal Əmrəliyev: "İran ABŞ-nin Hörmüz boğazının blokadasına  hərbi cavab verərsə, müharibə yenidən alovlana bilər"

“Regionun İranla yaxın coğrafiyada yerləşməsi Tehranın təsir imkanlarını artırmağa şərait yarada bilər. Buna baxmayaraq, regionda artıq yeni geosiyasi reallıqlar formalaşıb.
Azərbaycan və Ermənistan arasında müharibə başa çatdıqdan, müəyyən sabitlik yarandıqdan sonra artıq genişmiqyaslı hərbi toqquşmalar müşahidə olunmur. Cənubi Qafqazda yeni balans yaranıb və tərəflər arasında açıq qarşıdurma ehtimalı əvvəlki dövrlərlə müqayisədə daha aşağıdır”.

Politoloqun fikrincə, İranın mümkün qələbəsi belə onun regionda aktiv müdaxilə siyasəti yürütməsi anlamına gəlmir. O, bildirib ki, Tehranın daxili problemləri kifayət qədər ciddidir:

“İran çoxmillətli dövlətdir və ciddi iqtisadi çətinliklərlə üzləşib. Ali dini lider Ayətullah Əli Xameneinin ölümü və ya mümkün siyasi dəyişikliklər fonunda ölkə daxilində qütbləşmə daha da dərinləşə bilər. Xüsusilə 2028-ci il prezident seçkiləri ərəfəsində bu proseslərin intensivləşəcəyi gözlənilir. İranın proksi qüvvələrlə bağlı problemləri də davam edir və Tehran əsas diqqətini daha çox Yaxın Şərq istiqamətinə yönəldə bilər. Bu səbəbdən hesab etmirəm ki, İran hətta qalib çıxsa belə, Cənubi Qafqazda digər ölkələrin daxili işlərinə açıq müdaxilə etsin. Bu, həm risklidir, həm də İran üçün əlavə yük deməkdir”.

Ekspertin qənaətinə görə, mövcud şərtlər daxilində Zəngəzur dəhlizi layihəsinin tamamilə mümkünsüz hala gəlməsi ehtimalı yüksək deyil. Lakin regionar güc balansında dəyişikliklər layihənin icrasını ləngidə və ya siyasi baxımdan daha mürəkkəb edə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*