ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Yaxın Şərqdə geosiyasi vəziyyət və regional liderlərin rolu ilə bağlı bir sıra mühüm açıqlamalar verib.
KONKRET.az xəbər verir ki, diplomat Türkiyənin regiondakı xüsusi mövqeyini vurğulayaraq, onu “mürəkkəb bölgənin mərkəzində yeganə real iqtisadiyyat” və “əsl dövlət” adlandırıb. O, qeyd edib ki, Türkiyə ilə hesablaşmamaq mümkün deyil.
Barrak bildirib ki, proiran qruplaşmalarla mübarizədə yalnız hərbi üsullar effektiv deyil. Onun sözlərinə görə, regionda sabitlik üçün yanaşma dəyişməli və əsas diqqət iqtisadi inkişaf üzərində qurulmalıdır. ABŞ administrasiyası çıxış yolunu “Avraam sazişləri”nin genişləndirilməsində və İsrailin Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ ilə ittifaqlarının qurulmasında görür.
Səfir Suriyanın “böyük səbr” nümayiş etdirdiyini qeyd edərək, onun İsraillə birbaşa qarşıdurmadan qaçdığını və dialoqa hazır olduğunu bildirib. O, ehtimal edib ki, Suriya ilə normallaşma və hücum etməmə razılaşması Livanla müqayisədə daha tez əldə oluna bilər.
Barrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “möhtəşəm lider” kimi qiymətləndirib. İsrailin Baş naziri Binyamin Netanyahunu isə ölkəsinin maraqları naminə sərhəd tanımayan siyasətçi kimi xarakterizə edib. Suriyanın lideri Əhməd əş-Şaraanı “güclü və cəsarətli” adlandıran səfir əlavə edib ki, bu regionda yalnız güc hörmət qazanır.
Sonda diplomat vurğulayıb ki, Suriya mövcud hakimiyyət dövründə tarixən İsrailə qarşı aqressiyadan çəkinib. O, bildirib ki, regionda sərt ritorika zamanla azalacaq və təhlükəsizliyin əsas təminatı güc nümayişi ilə yanaşı iqtisadi inteqrasiya olacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
