Son dövrlərdə qlobal iqtisadi proseslər, enerji bazarlarında dəyişkənlik və regionda baş verən hadisələr fonunda Azərbaycanda milli valyutanın taleyi yenidən müzakirə mövzusuna çevrilib.
Xüsusilə, əhali arasında “devalvasiya olacaqmı?” sualı aktuallaşıb.
Maraqlıdır, indiki şəraitdə devalvasiya riski gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, hazırda devalvasiya riski aşağı səviyyədə qiymətləndirilir.

“Cari ildə manatın dəyərdən düşməsi üçün ciddi iqtisadi əsaslar müşahidə olunmur. Bu il ən azı devalvasiya riski aşağıdır. Tamamilə olmayacağını demək düzgün olmaz, çünki iqtisadiyyatda hər zaman gözlənilməz amillər mümkündür. Amma hazırkı şəraitdə bunun üçün ciddi səbəb yoxdur”.
Ekspert qeyd edib ki, ölkənin valyuta ehtiyatları kifayət qədər yüksəkdir və bu da manatın sabitliyini qoruyan əsas faktorlardan biridir.
“Valyuta ehtiyatlarımız yetərlidir. Eyni zamanda neftin qiymətində artım müşahidə olunur. Bu isə ölkəyə daxil olan valyuta axınını artırır və ümumi makroiqtisadi sabitliyi gücləndirir.
Risk varsa belə, bu, çox aşağı səviyyədədir və genişmiqyaslı narahatlıq üçün əsas yoxdur”.
Beləliklə, mövcud iqtisadi göstəricilər və enerji bazarındakı müsbət dinamika fonunda yaxın perspektivdə Azərbaycanda devalvasiya ehtimalı minimal qiymətləndirilir. Lakin ekspertin də vurğuladığı kimi, qlobal iqtisadi dəyişikliklər fonunda vəziyyət daim diqqətdə saxlanılmalıdır.
Aynurə İsmayıl
KONKRET.az
