Əl əməyinin qızıl dövrü: Gənclər sənətdən uzaqlaşdıqca ustaların qiyməti artırbackend

Əl əməyinin qızıl dövrü: Gənclər sənətdən uzaqlaşdıqca ustaların qiyməti artır

Günel Mövlud özünün Facebook səhifəsində yazır ki, Avropada dərzi tapmaq olduqca müşküldür. 
Onun müşahidələri əslində dünyanın və regionun əmək bazarında baş verən dərin struktur dəyişikliklərinin kiçik bir nümunəsidir.

İki ay əvvəl alınmış 20 avroluq donun qollarını və ətəyini düzəltdirmək üçün 60 avro ödəmək ilk baxışdan absurd görünə bilər. Ancaq bu hadisə təsadüfi deyil. Bu, bu gün dünyanın bir çox ölkəsində yaşanan yeni iqtisadi reallığın sadə bir təzahürüdür. Yazıçı Günel Mövludun paylaşdığı bu təcrübə əslində əmək bazarında gedən səssiz inqilabın göstəricisidir.

Uzun illər cəmiyyətlərdə gənclərə eyni mesaj verildi: ali təhsil al, ofisdə işləyən peşə sahibi ol, fiziki əməkdən uzaq dur. Nəticədə minlərlə gənc hüquqşünas, iqtisadçı, menecer, marketoloq olmağa çalışdı. Əvəzində isə dərzilik, santexniklik, elektrik, mebel ustalığı, qaynaqçılıq, çilingərlik, fermerlik kimi peşələr cəmiyyətin gözündə ikinci plana keçdi.

Bu gün həmin yanlış balansın nəticələri ortaya çıxır.

Avropanın bir çox şəhərində dərzi tapmaq çətinləşib. Tapılan ustaların isə aylarla növbəsi olur. Qiymətlər də məhz buna görə yüksəkdir. Çünki bazarda rəqabət yoxdur. Təklif azalanda xidmətin qiymətinin artması iqtisadiyyatın ən sadə qanunlarından biridir.

Oxşar vəziyyət Türkiyədə də müşahidə olunur. Restoranlar peşəkar kabab ustası tapmaqda çətinlik çəkir. Maaşların artırılması da problemi tam həll etmir. Çünki yeni nəsil bu sahəyə maraq göstərmir.

Gürcüstanda isə mənzərə daha fərqlidir. Santexnik, mebel ustası, tikinti briqadası tapmaq getdikcə çətinləşir. Üstəlik, Avropa ölkələrində daha yüksək qazanc imkanı olduğundan peşəkar ustalar xaricə üz tutur. Bu isə daxili bazarda işçi çatışmazlığını daha da artırır.

Azərbaycan da bu prosesdən kənarda deyil. Kənd təsərrüfatında çalışanların sayı azalır. Heyvandarlığa maraq əvvəlki kimi deyil. Gənclərin böyük hissəsi şəhərlərdə yaşamağa, ofis mühitində işləməyə üstünlük verir. Halbuki ölkənin ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı və yerli istehsalın güclənməsi məhz bu sahələrdən asılıdır.

Əslində son illərdə peşə təhsilinin əhəmiyyəti haqqında çox danışılır. Dövlət tərəfindən peşə məktəblərinin inkişafı istiqamətində addımlar atılır. Lakin cəmiyyətin düşüncə tərzindəki stereotiplər hələ də tam dəyişməyib. Bir çox valideyn övladının usta olmasını deyil, mütləq ali təhsil almasını uğur hesab edir. Halbuki əmək bazarı artıq fərqli siqnallar verir.

Bu gün yaxşı bir elektrik, santexnik, qaynaqçı və ya dərzi bəzən ali təhsilli ofis əməkdaşından daha çox gəlir əldə edir. Üstəlik, onların peşəsinə olan tələbat da sabitdir. Süni intellekt və avtomatlaşdırma bir çox masaüstü peşələri dəyişdirərkən, əl əməyinə əsaslanan ixtisaslar hələ də insan bacarığından asılı olaraq qalır.

Təsadüfi deyil ki, Avropanın bir çox ölkəsində fermerlik artıq aşağı gəlirli sahə sayılmır. Müasir texnologiyadan istifadə edən fermerlər, istehsalçılar və sənətkarlar yüksək gəlir əldə edir, bazarın ən dayanıqlı təbəqələrindən birinə çevrilirlər.

Bütün bunlar göstərir ki, gələcəyin ən böyük problemi iş yerlərinin yoxluğu deyil, peşəkar insanların çatışmazlığı olacaq. Cəmiyyət yalnız diplomlu insanlara deyil, işləyən əllərə də ehtiyac duyur.

Bəlkə də artıq uşaqlara yalnız “oxu ki, ofisdə işləyəsən” deməyin vaxtı keçib. Onlara “bacarıq qazan, sənət öyrən, nəsə istehsal et” deməyin zamanıdır. Çünki gələcəyin ən dəyərli kapitalı təkcə bilik deyil, həm də həmin biliyi real məhsula və xidmətə çevirə bilən peşəkar insan olacaq.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*