Mərkəzi Bankın sədri Elman Rüstəmov son günlər ölkə ictimaiyyətində rəhbərlik etdiyi qurum üçün tikiləcək inzibati binanın qiymətiylə bağlı gedən müzakirələrə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, E.Rüstəmov binanın tikintisinin 4-5 il çəkəcəyini bildirib:
“Biz yeni inzibati binamızı öz vəsaitimiz hesabına tikəcəyik. Mənim bu bina ətrafında gedən müzakirələrdən xəbərim var. Onu qeyd edim ki, son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürmüşük. Bu il isə 250 milyon manat köçürməyi düşünürük. Binanın tikintisi 4-5 il çəkəcək”
Qeyd edək ki, Mərkəzi Bank yeni inzibati binanın tikintisi ilə bağlı Türkiyənin “Tekfen İnşaat” şirkəti ilə 218 milyon avro dəyərində (təxminən 435 milyon manat) müqavilə imzalayıb. “Tekfen Holdinq” verdiyi açıqlamada layihənin inzibati binanın mühəndislik, avadanlıq, təchizat işlərini əhatə edəcəyini bildirib.
